Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Milçək tutmağı ASAN-xidmətə tapşıracaqlar

Milçək tutma mərhələsi

Dünən Laçının işğal günü idi. Bilmirəm fikir vermisinizmi, bizdə Laçının işğalı o qədər də böyük təntənə ilə keçirilmir. Məsələn, Şuşanın işğalını bulvarda atəşfəşanlıqla qeyd edirik. Xocalı alınan gün konsert verənlər çarmıxa çəkilir. Laçın isə bir növ yetim rayondur. Laçın alınan gün istəsən lap Rihannanı gətir, konsert versin - kimsənin tükü tərpənməz. Görünür Şuşanın alınmasına o qədər ağlaşırıq, Laçına göz yaşı qalmır. Bir də ola bilsin rayonun dəhliz olmasına bağlıdır. Elə bil evin dəhlizidir, uçub-dağılsa nə olacaq? Əsas odur yataq otağı, qonaq otağı, mətbəx, tualet salamat qalsın.

Diqqətdən qəfil çıxmış sahələrdən biri də metrodur. Tağı əkəni işdən qovandan sonra orda gündə bir qatar tüstüləyir, ancaq vecinə alan yoxdur. Ötən həftə “Koroğlu” stansiyasında qatar tüstüləmişdi. Dedilər vaqon köhnə imiş, ümumiyyətlə, metropoliten son 20 ildə təzə vaqon almayıbmış! Bəs Metro Tağının qabaqlar hər gediş qiyməti artımında “Bu pullar təzə vaqon alınmasına sərf edilir” sözləri hara uçdu getdi? Vaqon alınmayıbsa, Tağı hanı, Tağı düz deyirdisə, pişik hanı? Azərbaycan xalqını bu dərəcədə dolamaq olmaz. Xalq üsyan edər. (Zarafat üçün yazdım, sevgili millətimiz sülpərvərdir, o boyda Laçını qoyub gəlmişik, metro nəmənə şeydir).

Düşünürəm ki, bütün bu problemləri düzgün yoluna qoymaq üçün bircə çarə var: ASAN-xidmət. Bəli, metronu ASAN-a vermək lazımdır. Qoy İnam Kərimov həm də qatar sürsün. Haçana qədər kağız-kuğuz içində qurdalanacaqlar? Real dövlət idarəçiliyini ələ keçirtmək lazımdır. Bu işdə ASAN-xidmətə hər cür dəstək verməyə hazıram.

Bugünlərdə deputatxana üzvlərimizdən Adil Əliyev də çox vacib məsələyə toxundu, dedi ki, üçəm doğan analara dövlət qayğısı artırılmalıdır.

Doğrudan, il ərzində ölkəmizdə 10-15 üçəm doğan olur, bunlara yüksək qayğı göstərmək dövlətin əlində asandır. Bir uşağın pampersini çatdırmaq olmur, gör üç uşaq birdən gələndə necə çətindir... Məncə üçəm doğan anaları da ASAN-xidmətə tapşırmaq məqsədə uyğundur. Hansı məqsədə, onu hələ dəqiq bilmirəm. Əsas odur can sağlığı olsun, məqsəd nəyə lazımdır? Ölkədə məqsədsiz yaşayan yüzminlərlə insan var, heç başları da ağrımır.

Üçəm doğanlara diqqət isə ondan yaranıb ki, Adil Əliyev tək-tük doğan çoxluğun vəziyyətini yaxşılaşdırmaq üçün minlərlə qanun hazırlamışdır. İndi biz ümumidən xüsusiyə keçid anındayıq. Diqqət ekzotika üzərində olacaqdır.

Məsələn, elə bu ay prezident Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması göstərişini verdi. Bu o deməkdir ki, daha neft-qaz qurtaranda ayağımızı göyə uzatmayacağıq, öz nüvə reaktorumuz olacaqdır. Böyük ehtimalla Atom Elektrik Stansiyamızı (AES) ASAN xidmət idarə edəcəkdir, çünki adları da oxşayır. Baxın: AES - ASAN. Elə bil bir arvadın burnundan düşmüş iki almadır. Ya da eyni yumurtanın yarısıdır... Nəsə belə bir şeydir, çox qarışdırmayaq. Hətta bunun gələcəkdə NASA ilə əlaqəsini qursaq AES-ASAN-NASA olacaqdır, bu da Adil müəllimin üçəmlər üzrə dövlət proqramını tam doğruldacaqdır.

Yaxud, internetdə bir düşük gəncin məzələnmək üçün faşist salamı verib gəzməyinin videosu yayılmışdı. Bundan sonra polis dərhal araşdırma apardı, gəncin Göyçayda doğulub Ukraynada yaşadığını, Bakını yanvarda tərk elədiyini, tumanının razmerinə, qanında eritrositlərin miqdarına qədər hər şeyi yüksək dəqiqliklə yazdılar. Çünki bizdə asudəlik o dərəcədədir ki, daha əlini qaldırmaq da nəzarət altındadır. O cümlədən, jurnalistin, generalın qatilini istintaq aşkar edib, indi hüquq-mühafizə orqanları bekarçılıqdan milçək tuturlar.

Milçək tutmağı ASAN-xidmətə tapşıracaqlar, görərsiniz.

Zamin Hacı/musavat
1511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber