Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı - Fotolar

Yaxud Yuliyanı anasının yanında necə öldürdülər

Rusiyada ötən ilin payızında rus gənci sevdiyi qızın yanında bıçaqlayaraq öldürən və böyük ictimai rezonansa, iğtişaşlara, hətta Azərbaycanla bu ölkə arasında siyasi gərginliyə səbəb olan Orxan Zeynalovdan sonra daha bir azərbaycanlı qatil ətrafında qalmaqal yaşanır.

Virtualaz.org saytı xəbər verir ki, bu dəfə Xantı-Mansiysk Muxtar Vilayətinin inzibati mərkəzi olan Yuqra şəhərində Maarif Məmmədov adlı azərbaycanlının törətdiyi dəhşətli cinayət geniş ictimai rezonansa və etnik gərignliyə səbəb olub.

Muxtar vilayətdə azərbaycanlıları Xantı-Mansiyskdən qovub çıxarmaq və onların obyektlərinə od vurmaq çağırışları səslənir.

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

19 yaşlı Maarif 23 yaşlı Yuliyanı anasının yanında necə öldürdü?!

Bu dəhşətli qətl hadisəsi mayın 14-də baş verib. Həmin gün Yuqra şəhərindəki uşaq bağçalarının birində işləyən 23 yaşlı Yuliya Paxteyeva anası ilə birlikdə evlərinə qayıdarkən 19 (bəzi məlumatlara görə, 20 və ya 21) yaşlı azərbaycanlı Maarif Məmmədov ona hücum çəkərək gənc qadına dalbadal bıçaq zərbələri endirib.

Qız aldığı bıçaq zərbələrindən yerindəcə ölüb. Anası nə qədər cəhd etsə də qızını əvvəlcədən onları izləyən qəddar qatildən xilas edə bilməyib.

Bu qətl bütün Xantı-Manskiski silkələyib. Hadisə yerli mətbuatda geniş rezonansa səbəb olub. Mətbuat azərbaycanlıların və digər qafqazlı miqrantların bu vilayətdə törətdikləri əməlləri, azərbaycanlıların “Noy” adlı kafesinin kriminalların cəmləşdiyi məkana çevrildiyini yazıb. Yerli hakimiyyət orqanları bu cinayətdə dolayısı ilə günahkar bilinib.

Qətlin geniş ictimai rezonansa səbəb olması yerli hakimiyyət orqanlarını da hərəkətə gətirib. Xantı-Mansiysk qubernatoru, vilayətin İstintaq İdarəsi Yuqraya gedib və bu qətllə bağlı işi nəzarətə götüblər.

İşsiz, gücsüz, avara gəncin cavabsız sevgisi

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Çox keçmədən cinayətkar yaxalanıb və məlum olub ki, M.Məmmədov Yuliyanı onun sevgisini rədd etdiyinə görə öldürüb

Xantı-Mansiysk mətbuatının yazdığına görə, Yuliya ilə Maarifin arasında birtərəfli sevgi münasibətləri olub. Belə ki, Xantı-Mansiyskdə qeydiyyatsız, pasportsuz və heç bir sənədi olmadan yaşayan, qohumlarının yanında qalan və daimi iş yeri olmayan, əvvəllər barəsində oğurluq və digər cinayətərə görə 3 cinayət işi qaldırılan Maarif Yuliya ilə Yuqradakı avtomobil təmiri sexində tanış olub.

Yuliyanın böyük qardaşı Maksimin dediyinə görə, bacısı öz “Porsche Cayanne” avtomobilinin (qardaşı bağışlayıbmış) təkərində yaranmış nasazlığı aradan qaldırmaq üçün avtomobil təmiri sexinə baş çəkəndə orada işləyən Maarif onunla tanış olub.

Azərbaycanlı gənc çox keçmədən qızı sevdiyini deyib və ona böyük qızılgül buketi bağışlayıb. Yulya buketi qəbul etdiyinə görə Maarif artıq əmin olub ki, Yuliya da onu sevir və qızın arxasınca düşməyə, onu təqib etməyə başlayıb.

Və Maarifin təhdidləri başlayır

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Qızın qardaşı deyir ki, əslində onların arasında heç bir münasibət yaranmayıb və Yuliya Maariflə görüşmək istəməyib. Maarif isə Yuliyadan əl çəkməyib və onu təqib etməyə, rəfiqələrinin yanında hədələməyə, onunla görüşməyəcəyi halda öldürəcəyi ilə qorxutmağa başlayıb.

Nəhayət, Yuliya Maarifin onu təqib etməsini qardaşına danışıb. Maksim deyir ki, o, bacısının hansısa qeyri-rusla münasibət qurmasına qəti qarşı idi və azərbaycanlıların, digər qafqazlıların necə adamlar olduğu barədə Yuliyaya danışmışdı.

Nəhayət, təhdidlərin böyüdüyünü görən Maksim Maarifi tapır və onunla söhbət edir, bacısından əl çəkməsini tələb edir. Maarif isə deyir ki, o, “normal oğlandır və Yuliyanı sevir”. Bildirir ki, əgər Yuliya soyuq başla düşünüb bir həftə ərzində ona rədd cavabı versə, qızdan əl çəkəcək və Xantı-Mansiyski tərk edəcək.

Maksim isə Maarifi xəbərdar edir ki, Yuliyadan əl çəkməsə, onunla meşədə başqa cür danışacaq.

“Noy” kafesində əyləncə və zorlama

Maarif bir neçə gün qızdan əl çəksə də sonradan yenidən onu təqib etməyə başlayır. Hadisədən iki həftə əvvəl Yuliya necə olursa rəfiqələri və rus oğlanlarla birlikdə azərbaycanlıların “Noy” kafesinə gedir.

Yuliya Maarifin oralarda ola biləcəyini nəzərə alaraq maşınını gizlədir. Amma kafenin işçilərindən kimsə Maarifə zəng edərək Yuliyanın burada olduğunu xəbər verir.

Səhərə yaxın Yuliya restorandan çıxıb maşınına əyləşmək istəyəndə maşının yanında onu gözləyən Maariflə qarşılaşır. Maarif qızı bıçaqla təhdid edərək maşına oturdur və onu yaxınlıqdakı qarajın arxasına aparıb zorlayır.

Polis Maarifi zorlama əməlinə görə saxlayır, ancaq…

Maksim deyir ki, o, bacısının zorlandığını biləndə iki yolu vardı. Dediyinə görə, bir variantı bu olub ki, Maarifi tapıb öldürsün. İkinci variant isə polisə müraciət etmək idi.

Zərərçəkən və qardaşı ikincini seçirlər və polisə gedib zorlanma əməli ilə bağlı ərizə yazırlar.

Şarif Aripov adlı müstəntiq təhqiqata başlayır, dəlillər götürülür və çox keçmədən Maarif saxlanılır. Lakin onun barəsində həbs qərarı seçilmir və cəmi bir neçə saatdan sonra müstəntiq cinayətkarı buraxır.

Maarif bundan sonra da qızı təqib etməkdə davam edir. Maksim deyir ki, polisdən buraxılandan sonra Maarif gizlənirdi və əgər tapsaydı, ondan qisas alacaqdı.

Qardaşı Yuliyanı Maarifin təqiblərindən qorumaq üçün günlərlə onu işə və işdən evə müşayiət edir, harasa getmək lazım olanda özü aparır.

Bu müddət ərzində Maarif internetdə və SMS-lə qızı təhdid etməkdə, onu öldürəcəyi ilə hədələməkdə davam edir.

Yuliya anasının yanında bıçaqlanır

Maksim deyir ki, qətldən bir neçə gün əvvəl anası da Yuliyanı işdən evə gətirməyə başlamışdı. Anası hesab edirmiş ki, onun yanında Maarif qıza heç nə etməz.

Mayın 14-də — qətlin baş verdiyi gün Yuliya işdən evə anasının müşayiəti ilə gələsi olur. Həmin vaxt Maksim şəhərdə futbola baxmağa gedibmiş. Bu da Yuliyanı izləyən və əvvəlcədən evlərinin yanında onu gözləyən Maarif üçün əla fürsət olur.

Maşını Yuliyanın anası sürürmüş və o, evlərinin qarşısında maşını saxlayır, əvvəlcə qız düşür və dərhal yaxınlıqda gizlənmiş Maarif ona hücum çəkərək bıçaqlamağa başlayır. Anası maşından düşüb qızına kömək etməyə çalışsa da artıq gec olur.

Bu vaxt yaxınlıqdan keçən avtomobillərdən birində qoyulmuş videoreqistrator qətl səhnəsini çəkir, hazırda həmin kadrlar internetdə yayılıb.

Yuliyanın qardaşı Maarifi öldürmək istəyirmiş

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Znak.ru portalına geniş müsahibə verən Maksim deyir ki, əslində o, Maarifi öldürməyə hazırlaşırdı və bu işi mayın 25-dən sonraya planlaşdırmışdı.

“Mayın 25-də anamla bacım məzuniyyətə çıxıb Gəlincik şəhərinə dincəlməyə gedəcəkdi. Mən planlaşdırmışdım ki, ailə üzvlərim şəhərdən gedəndən sonra o zibili tapıb meşəyə aparım və öldürüm” — deyə o bildirir.

Maksim deyir ki, Yuliyanın bıçaqlandığını ona anası zəng edib deyib. 3 dəqiqədən sonra hadisə yerinə çatan Maksim bacısının artıq öldüyünü görür.

İlk işi bacısının zorlanmasına görə cinayət işi qaldırmaqdan yayınan və Maarifi buraxan müstəntiqə zəng edib onu söymək olur.

Həmin gün axşam saat 11-də isə Maarif Maksimə zəng edir: “Hə, “tvar” (heyvan-red.), bacın sağdırmı?”.

Maksim deyir: “Mən onu söydüm və dedim ki, gəl məni də bıçaqla. O dedi ki, bir saatdan sonra Azərbaycana gedir. Sonra söyüb telefonu bağladı”.

Qisas çağırışları

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Maksimin dediyinə görə, həmin gün bu qətldən hiddətlənən şəhər sakinləri ona təklif ediblər ki, yığışıb azərbaycanlıların obyektlərini yandırsınlar, özlərini döyüb qovsunlar və Maarifin qohumlarından qisas alsınlar.

Ancaq Maksim bundan imtina edib: “Qohumlarının nə günahı var? Onlar özləri bu zibildən imtina ediblər və polisə müraciət edib həbsini istəyiblər. Qətldən bir neçə gün əvvəl o, dayısının pulunu oğurlayıbmış”…

Amma Yuqra polisi Maarifin Azərbaycana qaçmasına imkan vermir və çox keçmədən onu yaxalayır. Maarifə qarşı qətllə yanaşı zorlama ittihamı da irəli sürülüb.

Habelə onu vaxtında həbs etməyən hüquq-mühafizə orqanları əməkdaşları barəsində təhqiqat gedir, müstəntiq Aripovun da barəsində təhqiqat başladılıb.

Xantı-Mansiysk qubernatoru bu qətldən sonra vilayətdə qeyri-leqal miqrantlara qarşı kütləvi reydlər başladıb.

Şəhərdə qruplar halında toplaşan yerli gənclər arasında azərbaycanlılara divan tutmaq çağırışları səslənir.

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Maksim isə deyir ki, yerli rəsmilər də ona məsələni etnik zəmində qızışdırmamağı xahiş edirlər: “Ancaq bunu istəsəydim, əvvəldən edərdim, onların yığışdıqları yerlərə od vurardım. Bunu etmədim, polisə müraciət etdim. Polis isə mənim bacımı qorumadı və cinayətkara bu qətli törətməyə şərait yaratdı. Anam artıq bu sistemə inanmır”.

Maksim deyir ki, Maarifin qohumlarından da qisas almaq fikri yoxdur: “Onun özünü isə artıq Tümen həbsxanasında gözləyirlər, törətdiyi əmələ, o cümlədən zorlamaya görə…”/virtualaz/
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP