Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Orta məktəb müəllimi Əliyevdən nə istəyir?

XXI əsrin ikinci onilliyinə qədəm qoymuşuq. 5 min illik qədim Azərbaycan dövlətçiliyi, dünyanın ən qədim xalqlarından biri olan ulu Azərbaycan xalqının dövlət bayrağı BMT-də, Avropa Şurasında və öncə Islam Konfransı təşkilatında indi də dalğalanır. Millətimizin imzası millətlər imzası içində sükür Allaha ki, mövcuddur.

Müəllim işlədiyim üçün birinci təhsildən başlamaq istəyirəm. Prezidenti də, prokroru da, məmuru da müəllim yetişdirir. Müəllimin əməyi onların əməyindən heç də az deyildir. Nə qədər ki, bəşər övladı bu yer üzərində ömür sürür, onun daima müəllimə və həkimə ehtiyacı olacaqdır. 200-250 manat əmək haqqı alan fağır müəllimin maaşından 19-20% gəlir vergisi, başqa zir-zibil tutulursa, o necə yaşasın və bunun müqabilində repititorluq etməsin? Azərbaycan hökuməti ayda müəlliminə heç olmasa 500 manat əmək haqqı verə bilməzmi? Müəllimin ayda bir dəfə aldığı maaşından 19-20% yox, 4-5% gəlir vergisi tutmaq daha ədalətli olardı. Təhsilə aparıcı güc, qüvvət müəllimdir. Müəllimin zəhməti layiqincə qiymətləndirilməlidir. Müəllimi ac və yalavac olan, ələbaxan olan xalq təhsildən danışa bilməz. Müəllimi dilənçi olan məktəbin şagirdi də dilənçi olar. Dilənçi dilənçiyə nə verə bilər? Xalq yaxşı deyib: “dilənçidən dilənçiyə pay düşməz”. 5-6-cı siniflərdə keçirilən KSQ və BSQ yəni böyük və kiçik summativ qiymətləndirməni mən və bir çox müəllimlər ləğv olunmasını istəyir. Məlumdur ki, 1992-ci ildən qəbul imtahanları test üsulu ilə aparılır. Yaxşı olardı ki, bütün sinif dərsliklərinin özündə mütəxəssislər bölmələr üzrə test sualları tərtib edəydilər. Daha valideynlər əlavə xərc çəkib testlərə pul verməsinlər. Dərslik pulsuzdur, çox yaxşı, amma testlər valideynləri və şagirdləri soymaq üçün bir vasitədir. Mən konkret kiminsə yaxasından yapışa bilmərəm. Bu bir vicdan məsələsidir. Hər kəsin öz vicdanı öz yaxasından yapışıb onu silkələməlidir, onu oyatmalıdır. Ümumi təhsilimiz naminə ümumi səfərbərlik elan etməliyik. Əks təqdirdə düşmənə basılacağıq, necə ki basılmışıq. Mən demirəm ki, konpüter, dəftər, kitab, qələmlə düşmən qabağına çıxmaq olar, amma onu deyirəm ki, dəftərsiz, kitabsız, qələmsiz vətənin nə olduğunu anlaya bilmərik. Sevimli şairimiz rəhmətlik M.Araz bu fikri belə ifadə edib: “Bəlkə məni onda vətən sanar, bir balaca vətəndaşı, vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Mənim dediyim də elə budur. Vətəni anlamaq üçün onun daşı, torpaqı olmalısan. Mənim, Sənin, Onun - deməməliyik, Bizim - deməliyik.

Mən Konustusiyanın 57-ci maddəsinə - müraciət etmək hüququma istinad edərək icraedici və qanunverici hakimiyyət orqanlarının rəhbər rəsmi şəxslərinə aşağıdakı tövsiyələri və təklifləri edirəm:

1.Dünyanın heç bir qabaqcıl, demokratik, sivil ölkəsində ikirəqəmli kredit faizləri yoxdur. Bizdə isə 35-40%-lik kredit almaqla banklar vətəndaşları soyur. Azərbaycan əhalisinin 80%-dən çoxu banklardan asılı olan adamlara çevirilib. Azərbaycanda kredit faizləri heç olmasa 8-9%-ə endirilsin.

2.Bəyənmədiyimiz sovet dövründə verilən uşaq pullarının verilməsi bərpa olunsun. 1-18 yaşına çatmış uşaqların hər birinə ayda heç olmasa 50 manat pul verilsin ki, bu işsiz, kasıb xalq dolana, od bahasına olan işıq pulunu, qaz pulunu və s. komunal xerclərini ödəyə bilsin.

3.Neft və qaz ölkəsi olan Azərbaycanda hökumət işığı, qazı, benzini öz vətəndaşlarına maya dəyərindən artıq qiymətə satır. Işıq pulunun, qaz pulunun, benzinin qiymətində, əhaliyə satışında 50% endirim edin.

4.Ünvanlı sosial yardımın verilməsi ləğv olunsun. Onsuz da bu ünvanlı sosial yardımı düzüb-qoşub imkanlı adamlar alırlar. Onun yerinə uşaq pulu verilsin. Bu daha ədalətli, xalqın ürəyindən olmuş olardı. Sovet dovründə bir evdən məktəbə təxminən 6-7 uşaq gedərdi, indi isə bir evdən ən uzağı 3 uşaq məktəbə gedir. Bəxtəvər o dövlətlərin gələcək nəsillərinin halına ki, onların uşaqlarının adına körpəlikdən pul köçürürlər.

5.Prezidentin artımından sonra Qarabağ müharibəsi veteranları, iştirakçıları 45 manat pul alırlar. 4-5 il vətən uğrunda döyüşənlər və təsadüfən sağ qalanlar bu məbləğlə necə dolansınlar? Heç olmasa onlara ayda 100 manat pul verilsin.

6.Mən özümdən Amerika kəşf etmir, hamını bildiyi həqiqətləri dilə gətirirəm. Azərbaycanda monopoliya, təkəlçilik, azad rəqabətə imkan vermir. Azərbaycanın 20% torpağı erməni işğalı altındadırsa, qalan əraziləri monopolistlərin, oliqarxların nəzrəti altındadır. Xəzər dənizinin kənarlarını daş hasarla dövrəyə alan, Ismayıllı və Qəbələ meşələrini məngirləyən iri vəzifəli rəsmi şəxslər sizlərdən olsa, udduğumuz havaya da şotçik (sayğac) qoyardınız və xalqdan pul qoparardınız. Əgər bu xalq 1918-ci ildə, 1991-ci ildə öz azadlığını öz qanı bahasına əldə edibsə, daha təminatlı, daha firavan yaşamağa layiqdir.

Azərbaycanın 10%-i super varlı, 90%-i isə kasıb, acınacaqlı vəziyyətdə yaşamaqdadır. Məmləkətdə işsizlik rüşvətxorluq tüğyan edir. Ortabablar, ortabab yaşayanlar demək olar ki, yoxdur. Iqtisadiyyat liberallaşdırılmalı, azad iqtisadi zonalar yaradılmalı, demokratik rəqabət mühiti bərqərar edilməli, bugünkü avtoritar, cəngəllik idarəçiliyinin kölə durumuna saldığı orta sahibkarlıq subyektləri dirçəldilməlidir. Korrupsiya movcud idarəçilik sisteminin yetirməsidir. Mübarizə aşağıdan yuxarı deyil, əks istiqamətdə aparılmalıdır. Korrupsiya kampaniya xarakteri daşımamalıdır. Cənab rəsmilər, xalqa doğru - haqqa doğru gedin, islahatlar keçirin. Yüksək çinli məmurlərın və MM üzvlərinin biznes fəaliyyəti ilə məşğul olmaları qanunla və həqiqətən ləğv edilsin. Bu gün mənəviyyatımızın aşınmaya məruz qalması kimsəyə sirr deyil. Rüşvətxorluq, yaltaqlıq, riyakarlıq əxlaqi normaya çevrilib. Iş o yerə çatıb ki, düz danışanlar yalançı sayılır, haqqı tapdanır, təqib olunur. Onlar hər şeydən məhrum edilirlər. Batil əməl sahibləri alqışlanır.

Alçaqlar qabağa çəkilir, ləyaqətlilər geri itələnir. Cəmiyyətin əxlaqı yalan və yaltaqlıq üzərində qurulur. Fəzilətli insanlar tamahkar və riyakar insanların - rəzillərin hakimiyyəti altında inildəyir. Xalqın tərəfində durmaq ən gözəl seçimdir. Ruh təmizliyi olmadan hədəfə çatmaq qeyri-mümkündür. Millətin nəfsini ölürüb, ruhunu diriltmək biz qələm sahiblərinin borcudur. Bir vaxt gələcək ki, Azərbaycanda IV Respublika dövrü bərqərar olacaqdır, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalanacaqdır. O gün uzaqda deyil!

Vüqar Vaqifoğlu, müəllim, şair-publisist, Ismayıllı rayonu, Qubaxəlilli kəndi
/azadlıq/
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53