Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Bu gün Milli Şuranın etiraz mitinqidir

Müxalifət xalqı meydana çağırdı; Cəmil Həsənlinin tərəfdarları budəfəki aksiyaya fərqli hazırlaşıblar
“Bu, sənin, mənim, BİZim mitinqimizdir! Gəlin, iştirak edin, saxtakarlıqlara birlikdə ”Bəsdir" deyək! Etiraz etmək istəyən, narazı olan hər kəs bu mitinqə gəlsin". Milli Şuranın bu gün - oktyabrın 27-də, saat 16:00-da “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” keçiriləcək icazəli mitinqi ilə bağlı facebook sosial şəbəkəsində yaradılmış çağırış səhifəsində belə deyilir. Mitinqə 100 mindən çox insan dəvət olunub.

Sosial şəbəkəyə qoşulanlardan 5 minə yaxın fəal mitinqdə iştirakını təsdiqləyib. MŞ-nın seçkilərin nəticələrinə etiraz olaraq təşkil edəcəyi kütləvi nümayişdə 10 mindən çox insanın iştirakı gözlənilir.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı mitinqə dair hazırlıq işlərindən danışıb. T.Abbaslı “Qafqazinfo”ya bildirib ki, hazırlıq işləri ilə bağlı iclası keçirilib: “İclasda quruma daxil olan partiyaların, təşkilatların nümayəndələri iştirak edib.
Qərara alınıb ki, bu dəfəki mitinqdə milli bayraqlar, Cəmil bəyin portretləri və partiyaların bayraqları olsun. Bu da insanların Cəmil bəyin ətrafında birləşməsinə işarədir. Mitinqə çıxışçıların və aparıcıların kimlər olacağı da müzakirə alınıb. Bu Cəmil bəyin qərara alacağı məsələdir. Amma ümumi konsensus ondan ibarətdir ki, əsasən çıxışlarda gənclərə üstünlük verilsin".
T.Abbaslı qeyd edib ki, ilkin hesablamalarımıza görə mitinqə bu dəfə ötən dəfəkindən də daha çox insan gəlməlidir: “Çünki insanlar seçkilərdə edilən total saxtakarlığın şahidi olublar. Narazı elektoratın sayı çoxalmaqda davam edir”. AXCP sədri Əli Kərimli facebook səhifəsində insanları mitinqə çağırıb: “Növbəti mitinqimiz 27 oktyabrda yenə də ”İnşaatçılar" metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq razılaşdırılıb.
İndi yaxın dövrün vəzifəsi mitinqlərdə kütləviliyin daha da artmasıdır. Oğurlanmış səslərimiz uğrunda, demokratik dəyişikliklər naminə yeni bir xalq hərəkatı başlatmalıyıq. Biz birlikdə narazılığı etiraz səsinə çevirə bildik. İndi hədəfimiz rejimdən narazılığı aktiv və dinc etiraz hərəkatına çevirməkdir. Birlikdə çalışsaq, bunu da bacararıq".

Bununla yanaşı iqtidar düşərgəsindən mitinqlə bağlı hədə dolu açıqlama gəlib. YAP-çılar mitinqlə bağlı Milli Şuranı xəbərdar ediblər. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, hökumət əleyhinə müxtəlif çağırışlar, şəxsiyyətin ünvanına olan təhqiramiz, şər və böhtan xarakterli ifadələr işlədilməsi qadağandır.
Onun sözlərinə görə, mitinqdə kimsə buna yol verəcəksə, qanunun tələbi ilə cavab verməli olacaq. “Onlar qanunun aliliyinə bu dəfə də hörmətsizlik etməyi düşünürlərsə, bizim də səbrimizin tükəndiyini bilsinlər” - deyə Novruzov qeyd edib. Bu fikirlər göstərir ki, hakimiyyət kütləvi etirazlardan çəkinir və təxribat törətməyi planlaşdırır.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qarşıdurma olacağını gözləmir. Onun fikrincə, hakimiyyət təxribat təşkil etməsə ölkədə keçirilən heç bir mitinqdə insident baş verməz. A.Hacılı beynəlxalq birliyin seçkilərin nəticələrinə obyektiv qiymət verməsinin fonunda mitinqdə kütləvilik olacağını güman edir: “Bu sanksiyalaşdırılmış mitinqdir və hökumət yer ayırıb. Hər hansı xoşagəlməz hadisəsinin baş verəcəyinə inanmıram. Sadəcə insanları çəkindirmək, mitinqə gələnlərin sayına təsir etmək üçün bu sayaq fikirlər səsləndirirlər”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə cavab olaraq “Azadlıq”a deyib ki, Azərbaycan xalqı sürətlə təşkilatlanır və quldur rejimin siyasətinə boyun əymək istəmir: “Siyavuş Novruzov və başqaları bu əndişədən çıxmaq istəyirsə, Azərbaycanda ədaləti bərpa etsinlər, xalqın haqqını özünə qaytarsınlar”.

Bu arada isə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev aksiyanın təşkilatçıları Rasim Əmiraslanov və Aydın Əliyevə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, F.Həsənəliyev Bakı şəhər İcra Hakimiyyətinin sabah saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Kompleksinin Stadionunda prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak edən Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüş keçirilməsi üçün icazə verdiyini xatırladaraq, həmin icazədə toplantının keçirilməsi zamanı lSərbəst toplaşmaq azadlığı haqqında» qanunun tələblərinə riayət olunmaqla, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət olunmasının tövsiyə edildiyini qeyd edib. F.Həsənəliyev Cinayət Məcəlləsinin 169 (toplantıları keçirmə qaydasını pozma), 220 (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaratdığını onların nəzərinə çatdırıb:
“Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ərazidə və vaxtda toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçıları haqqında qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcək”.
E.SALAMOĞLU/musavat.com
1710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı