Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Milli Şuranın yağmur altındakı mitinqi (FOTO)

Qətnamənin oxunması ilə mitinq başa çatıb. Qətnamədə seçkidən əvvəl və sonra həbs olunanların azadlığa buraxılması, beynəlxalq ictimaiyyətin seçkilərlə bağlı rəyinin nəzərə alınması, KİV-ə qarşı təzyiqlərə son qoyulması tələb edilir.


***

17.03

Cəmil Həsənli seçkilərin dünyada rüsvayçlı hadisələr sırasında olmasından, sirli inauqurasiyadan, siyasi məhbuslardan, qəzetlərə qarşı repressiv siyasətdən danışıb. O, insanların yağışa baxmayaraq mitinqdə iştirakını “fədakarlıq” adlandırıb.

Cəmil Həsənlinin sözlərinə görə, müxalifət 9 oktyabr seçkilərində insanların fəallaşmasına səbəb olub və onlar müxalifətin namizədinə səs veriblər. 

Milli Şuranın namizədi mübarizəni siyinlərində daşıyan vicdan məhbuslarının adlarını çəkib, onlara salam göndərib: “Onların əksəriyyəti mənim tələbələrimdir. Onlarla qürur duyuram”.


***

16.49

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli mitinqdə çıxış edir.

***

16.45

NİDA Vətəndaş Hərəkatının liderlərindən olan Ülvi Həsənli həbsdəki gənclərin mitinq iştirakçılarına salamlarını çatdırıb: “Onların azadlığı bizim mübarizəmizdən keçir”.


***

16.39

Aparıcı elan edib ki, mitinq bitdikdən sonra heç kim küçədə şüar səsləndirməməlidir. Çünki, bu, qarşıdurmaya səbəb ola bilər.


***

16.35

Bu dəfəki mitinqdə üstünlük gənclərə verilib. Mitinqi NİDA Vətəndaş Hərəkatının üzvü Nicat Məmmədbəyli aparır.

Ardınca AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı çıxış etdi və dedi ki, seçkilərdə qalib gəlmiş prezident C.Həsənlinin yanında olmaqdan qürur duyur: “Uca millət zaman o zamandır ki, biz ayaq üstəyik. Vaxtilə işıq sönəndə, korrupsiya görəndə hamı deyirdi bura Azərbaycandır. Amma buradır, bu meydandır Azərbaycan. Dostlar, mübarizəmiz yeni mərhələyə qoyub.

Artıq hakimiyyət dünyada biabır olub. Onu heç bir demokratik ölkənin rəhbəri təbrik etmir. İlham Əliyev Belorusa, Cəmil bəy isə Avropaya getdi. Bununla yollarımız bəllidir. Bizim azadlıq uğrunda mübarizəmiz davam edəcək". 

VHP sədrinin gənclər müşaviri Samir Əsədli islahatlardan danışdı: “Monopoliya yaradıblar. Hakimiyyət səhiyyəni, kənd təsərrüfatını bərbad vəziyyətə salıb. Xalqı meydanlarda döyəni müdafiə naziri qoydular. Təhsili uçuruma aparırlar”.

Sonra Müsavat gənclər təşkilatı üzvü Nərgiz Yaqublu danışdı: “Səsiniz uğrunda meydandasınız. Yağışa baxmadan gəlmisiz. Buna görə sağolun. Hakimiyyətin cəsarəti çatıb azad seçkiyə gedə bilmir. Sona kimi haqlarımız uğrunda mübarizə davam edəcək. Evdə, çayxanada şikayətlənməkdənsə meydana gəlin”.


16:15

Əməkdaşımızın verdiyi xəbərə görə, Cəmil Həsənli artıq meydandadır. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli də mitinq iştirakçıları arasındadırlar.

16:00

Bu dəqiqələrdə Milli Şuranın mitinqinə texniki hazırlıq gedir. Fədakar gənc fəallar mitinqin yüksək səviyyədə təşkili üçün yağmurlu havaya baxmayaraq hazırlıqları davam etdirirlər. Mitinqin keçiriləcəyi “Məhsul” stadionu polis tərəfindən mühafizə olunur. Aksiya iştirakçıları bir-bir yoxlanılıb stadiona buraxılır. Müxbirimiz Emil Salamoğlu bildirir ki, xanım aksiyaçıları qadın polislər yoxlayıb meydana buraxırlar. Havanın yağışlı olmasına rəğmən mitinqə gələnlərin sayı durmadan artır.

*  *  *  

Bu gün saat 16.00-da Milli Şuranın 9 oktyabr prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz mitinqi keçiriləcək. Musavat.com-un mitinqin keçiriləcəyi “Məhsul” stadionunda olan əməkdaşının verdiyi məlumata görə, güclü yağış yağır. Buna baxmayaraq, iştirakçılar meydana toplaşırlar. Bu ana qədər meydanda 1000-ə yaxın adam var.

Stadionda elektrik enerjisi kəsilib.








2740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50