Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Vicdan məhbusları kimin vicdanına qalır?

Dünən Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mardın təmsil etdiyi qurumun enerji maraqları ilə bağlı verdiyi mesajı oxudunuz yəqin. “Avropa əmin olmalıdır ki, qaz təminatı kəsilməyəcək. Ona görə də, sabitliyi təmin etmək üçün çox fəal işləyirik” - deyir diplomat xanım. Açıq və ilk baxışda iqtisadi maraqlara hesablanmış zərərsiz bir mesajdır. Əgər bu maraqlar hər dəfə o enerji resurslarını təmin edən ölkə vətəndaşlarının haqlarını əzib keçməsəydi... Bu mesajı illər öncə Bakıda yaxın mövzuda konfrans keçirən Avropa təmsilçilərinin dilindən eşitmişdim. Çıxışçı səmimi şəkildə enerji təminatının Avropa üçün əsas prioritet olduğunu etiraf etmişdi. “Bəs sizin üçün demokratiya neçənci yerdə dayanır?” sualıma da elə diplomatik cavab verilmişdi: “Bu əməkdaşlıq zamanla demokratiya da gətirəcək”. Bəhs etdiyim söhbətin üstündən, bəlkə də, 10 il keçir. Amma ortada demokratiya adına heç nə görünmür...

Bu 10 ildə Bakıdan başlanğıc götürən boru kəmərlərindən Avropaya nə qədər 10 min barellər axıb, həbsxanalarımız da eyni şəkildə sözünün bəlasına gələn dəstə-dəstə günahsız məhbuslarla boşalıb-dolub. Dünən həm də Almaniyanın “Frankfurner Allgemeine” qəzeti illərdir Azərbaycana münasibətdə ədalətsiz mövqe nümayiş etdirən Avropa Şurasını kəskin tənqid edən bir məqalə yayınlamışdı. Məqalə müəllifi artıq bu qurumun bir çox cəhətlərinə görə Azərbaycana bənzədiyini yazmışdı. Yazıda qeyd edilir ki, AŞ nə vaxtsa ən mötəbər təşkilat idi, Qərb demokratlarının mənəvi birliyi kimi yaradılmış təşkilat. Indiki halı da göz önündə. Adı o qədər qaranlıq məsələlərdə hallanır ki, adamın əli yerdən-göydən tamam üzülür...

Amma biz də yavaş-yavaş dünyanın bazar qaydaları əsasında idarə olunduğunu anlamağa çalışırıq. Beynəlxalq qurum olanda nə olar, orada çalışanlar canlı insanlardır və hərənin öz dərdi var, birinə neft-qaz lazımdır, birinə kürü, birinə nağd pul. Azərbaycan da zəngin ölkədir, hamını məmnun edəcək qədər zəngin. Bu torpağın sərvətindən yarar görə bilməyən yalnız bu torpağın üstündə yaşayan əməkçi insanların özüdür. O insanlar ki, tər töküb ölkə qurub, torpaq becərib, sərvət çıxarıb ölkəyə zənginlik qazandırıblar, onların yoxsulluq və məhrumiyyətdir nəsibi bu məmləkətdə. Azərbaycana son 10 ildə gələn enerji vəsaitlərinin məbləği neçə-neçə 10 milyardlarla ölçülür. Bəs hardadır o milyardlar, niyə sadə insanların həyatında heç hiss olunmur ki?

Bəlkə, dünyanın ədalət adına qurulmuş beynəlxalq qurumları olmasaydı, hər kəs öz başının çarəsinə baxardı. Kimsə kimsədən mədəd ummadan, hesabını bilərdi. Amma müstəqillik qazandığımız gündən ölkənin böyük sərvətlərinə alıcı çıxan qərbin siyasəti məsələni başqa müstəviyə keçirir. Beləliklə, öz maraqları istiqamətində “sabitliyi təmin etmək üçün fəal işləyən” beynəlxalq qurumlar çox halda buradakı insan talelərini güdaza verir. Və bununla, milyonların çox halda son ümid yeri kimi göz dikdikləri həmin təşkilatlar yüzlərlə insanın günahsız həbsxanalara doldurulmasına şərik çıxmış olur.

Yaxşı ki, dünya yaxşı insanlar sarıdan xali deyil. Bu günün ən ağır şərtlərində də həqiqəti görən və yazan vicdanlı şəxslər var. Lakin bu gün Azərbaycandakı ədalət gözləyən günahsız vicdan məhbuslarının azad olunması üçün onların səsi çox azlıq edir. Böyük işlər görüb, böyük siyasət aparan qurumlar nə düşünür, bilmirəm. Məni yalnız bir sual düşündürür: indi bizim bu vicdan məhbuslarının işi kimin vicdanına qalır?

Səadət Cahangir/azadlıq
1425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01