Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Vyetnam cəbhəsində nisbi sakitlikdir

Azərbaycan prezidentinin Vyetnama səfəri başa çatdı, ordan da Çinə getdi. Bu səfərin vacibliyi nə ilə ölçülürdü? Ekspertlər müxtəlif şərhlər yazırlar, ancaq hesab edirəm, mən onların hamısından uzaqgörən, ağıllıyam. Öz açıqlamamı axırda yazacağam, hələlik gəlin bu gülməşəkər politoloqları izləyək.

Bəziləri deyir guya bu səfər Azərbaycan-Vyetnam iqtisadi əlaqələrini möhkəmləndirmək üçün önəmliymiş. Halbuki, bu iki dövlət arasında illik ticarət dövriyyəsi 25 milyon dollardır, indiki dünya ticarəti ölçüləri ilə demək olar yox kimi bir şeydir. Həmin pulun 20 milyon dollarlığı Vyetnamın bizdən aldığı neft məhsullarıdır, qalan 5 milyon dolları da bizim ordan aldığımız paltar-maltar, panqasius balıqları və böyük ehtimalla məşhur başağrısı yaxmasının (Vyetnam mazı) puludur. Yenə sovet dövründə vyetnamlı tələbələr Bakıda guya elm öyrənirdilər, indi heç bu da yoxdur, indi biz özümüz dərs oxumağa “Hanoy” gəzirik.

Daha kəskin misal da yaza bilərəm. Məsələn, Azərbaycan ərkanını daşıyan təyyarəni Hanoy hava limanında Xo Şi Minin nəvələrinə satsaydılar, bu alış-veriş Vyetnam-Azərbaycan iqtisadi əlaqələrində azı 10 qat irəliyə addım olardı, çünki həmin təyyarənin qiyməti 200 milyon dollar ətrafındadır. Ola bilsin almaq istəməyiblər.

İkinci versiya budur ki, Avropa yapokratiyanı sıxışdırır, bu baxımdan onlar Asiyaya sığınırlar. Hətta deyilənə görə, bizim heyət Vyetnama ordakı məşhur Budda pirlərindən birinə nəzir verməyə getmişdir ki, ya rəb, bizim analoqu olmayan uğurlarımıza xor baxan antimilli ermənipərəstlərin gözləri çıxsın, ayaqqabılarına əqrəb girsin, əksinə, uşaqları BDU-nun yurfakına girməsin.

Əqrəb demişkən, Vyetnamdan sonra Çin səfəri Asiyaya qucaq açmaq versiyasını gücləndirir. Haqq üçünə, asiyalılar çörək itirən deyil, lazım gəlsə Heydər Əliyev Fondu Böyük Çin Səddinin üzünü qaşımaq işlərinə pul ayırar. Yoxsa fransızlar... Burnunuzdan gəlsin Versal sarayının təmiri... O boyda pul-para gedib, ancaq bunlar yenə Bakıya gələndə Leyla Yunusun söhbətini eləyirlər. Camaatı yedizdirmək baxımından da Asiya əlverişlidir - həşərat, it-pişik, ilan-qurbağa - qabaqlarına nə qoysan yeyirlər, dua eləyirlər. Yoxsa indi hamı deyir qoyun qabırğası olsun.

Asiya yaxşıdır, orda Tailand masajı, geyşalar, yoqalar var. İnsanlar mıxın üstündə yatır, ağzından alov püskürdür. Daha narazılıq eləyib “Çıraq” otelini yandırmır. Əslində bizim Asiya siyasətimiz hələ keçən il Sinqapur səfərindən başlanmışdı, təəssüf ki, bir az yaddan çıxmışdı.

İndi mən Vyetnam səfərinin dəqiq səbəbini yazım, yoxsa yer doldu.
Söhbət elə bu Asiya-Avropa gəzişmələrinə bənzər bir səbəb üzərindədir. Ancaq burada daha çox Amerika Birləşmiş Ştatları problemi var. İzah edim, görürəm yenə başa düşmədiniz.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar təzəlikcə intervü verib suverenliyimizə ciddi təhdidlər yaratmışdır, hətta Səyavuş Novruzovun vətənpərvərlikdən teli ağarmışdır. Bundan dərhal sonra prezident Əliyev Vyetnama gedir. Çünki Vyetnam vaxtilə ABŞ üzərində qələbə qazanmışdır! İndi biz onlardan cəngəllikdə döyüş qaydalarını, ABŞ-ın napalm bombalarından və “Morninqstar” qırıcılarından necə qorunmağı öyrənəcəyik!
Yəni, gərək nə qədər anlayışsız, gerizəkalı olasan ki, bu səfərin anti-Amerika səfər olduğunu başa düşməyəsən.

Biz isə, göz dəyməsin, çox ağıllı, kamallı insanlarıq. Ümid edək amerikalılar da Vyetnam səfərimizin mesajlarını artıq almışlar, gələcək bəyanat və intervülərində bunu nəzərə alacaqlar. Bir millər, iki dövlət, Azərbaycan-Vyetnam!

Uşaq vaxtı Vyetnama yardım məqsədi üçün məktəbdə bizə marka satırdılar. Mən o vaxt da bilirdim ki, bu kapital batmır, gələcək qardaşlığımız üçün maya qoyuram. Elə vaxt olub nənəmin düyünçəsindən on qəpik oğurlayıb yardım markasına vermişəm. Bax, indi nənəm ölüb, Vyetnam isə yaşayır!

Zamin Hacı/musavat
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı