Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Hakimiyyət Qarabağı almayacağının anonsunu verdi

Bəzən elə xəbərlərə sevinirik ki, bu xəbərlər bizim kədərimizdən doğur. Yaralarımızı sağaltmaq üçün dərdimizdən hazırlanmış dərman qəbul edirik. Bir zamanlar ölkəmizdə çadır şəhərcikləri var idi. Bu şəhərciklər, yaşadığımız şəhərlərin əlimizdən alınması nəticəsində yaranmışdı. Bir müddət keçdi və çadır şəhərcikləri daş evlərlə əvəz olundu. Geniş evini, böyük torpaqyanı sahəsini itirən vətəndaş, çadırdan azad olunmasının sevincin yaşayırdı.

Əslində, çadırın daşla əvəzlənməsi, Qarabağın unudulmasına xidmət edirdi. Bütün bu əvəzləmələr də “Lazım”ın gəlişi fonunda baş verirdi. Artıq Qarabağın işğalından 24 il keçib və hər dəfə “Gələn il bayramı Şuşada qeyd edəcəyik” deyənlər, hələ də Bakıdakı restoranlarda kabab yeyirlər. Uzun illərin keçməsinə baxmayaraq, “bəlkə bu il torpaqları qaytardılar” ümidi ilə yaşayanlar hələ də var.

Məcburam ki, belə ümidlənənlərə qara xəbər verim. Daha doğrusu bu xəbəri hökumət verib. “Yataqxanalarda məskunlaşan 15 min ailə, təxminən 70 min məcburi köçkün 2016-cı ildə salınacaq qəsəbələrə köçürüləcək”.ÿBunu Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov deyib.ÿG. Fərhadov bildirib ki, yaşayış qəsəbələrinin salınması üçün artıq 500 hektar ərazi alınıb.

20 faiz torpağın itirmiş insanlara, 500 hektar torpaq hədiyyəsi veriləcək. Hökumət elə düşünür ki, bu yaxşı xəbərdi. Uzun illərdi yataqxanalarda əzab-əziyyət çəkən, ümumi şəraitdə ömür sürən vətəndaşlar üçün də, bu xəbər sevindirici ola bilər. Əslində isə, tikiləcək bu evlər, Qarabağın qaytarılmayacağının anonsudur.

Qarabağı işğaldan azad etmək planı olsaydı, 2016-cı ildə yeni qaçqın şəhərciyi yaranmazdı. Qarabağdan məcburi didərgin düşənlər üçün tikilən binalar, həm də insanların beyninə Qarabağsızlığın tikilməsidir. “Bizim güclü ordumuz var”, “Hərbi büdcəmiz, Ermənistanın dövlət büdcəsindən çoxdur” ifadələrinin Qarabağa aidiyyatı yoxdur.

Əslində, Qarabağ qazisinin intihar həddinə çatdırılması, məcburi köçkünlərə 16 manat çörəkpulu verilməsi, Qarabağa münasibəti açıq ifadə edirdi. Uzaq gələcək üçün planlaşdırılan “qaçqın şəhərcik”ləri isə, Qarabağın çox uzaqlarda olduğunun sübutudur.

Bəlkə də Azərbaycan yeganə ölkədir ki, məğlubiyyətlə qürur duyurlar. Bəli, Qarabağ qaçqınlarına tikilən evləri dövlətin qayğısı, hakimiyyətin uğuru kimi qiymətləndirmək, məğlubiyyəti təntənə ilə qeyd etməyə bənzəyir. 2016-cı ildə tikiləcək evlərin anonsunu vermək, həm də ölkə başçısını yalançı çıxarmaqdı. Çünki, prezident illərdi “Lazım gəlsə Qarabağı hərbi yolla azad edəcəyik” deyir. “Qaçqınkom” isə, ən azı növbəti 2 ildə də “lazım”ın gəlməyəcəyini bildirir.

Bu ölkədə vəziyyət o qədər ağırdır ki, xırda mükafatlar, ağır dərdlərə təsəlli ola bilir. Sıravi Azərbaycan vətəndaşı üçün ev almaq əlçatmaz arzular koteqoriyasına daxildir. Azərbaycan hökuməti üçün isə, ev vermək xırda məsələdir. Indi məcburi köçkünlərə ev tikmək, onların arzusunu yerinə yetirmək kimi görünür.

Bir sözlə, hökumətin siyasəti bundan ibarətdir ki, evinizi alın və Qarabağsızlıqla barışın. Hökumət bu “alış-veriş”in baş tutmasına həm də ona görə arxayındır ki, belə sövdələşmələrin uzun illik təcrübəsi var. Bu xalq 10 manatlıq maaş artımı ilə, varlı ölkənin kasıb sakini olmaqla, işsizliklə, seçki saxtakarlığı ilə barışmayıbmı?

Ona görə də hökumət, barışmağa meylli olan xalqı, Qarabağsızlıqla barışdırmağa ümidlidir. Qarabağsızlıqla barışan xalq isə, bədbəxt taleyinə görə yalnız özündən küssün.

İlham Hüseyn/azadlıq
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP