Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Xətai rayonunda ağacların qırılmasına və tikintiyə etiraz

Dörd binanın sakinləri etiraz edir, sahibkar binanın tikiləcəyini bildirir, aidiyyəti qurumlar isə susur.
Mayın 22-də paytaxtın Xətai rayonunda əlliyə yaxın sakin etiraz aksiyası keçirib. Onlar yaşadıqları binanın qarşısında hündürmərtəbəli binanın tikintisinə etiraz ediblər. Qaçaq Nəbi küçəsinin sakinləri binalarının həyətində başqa binanın tikintisinin qanunsuz olduğunu bildiriblər. Onların sözlərinə görə, bu, mövcud qanunvericiliyə ziddir, həmçinin ətraf binalarda yaşayan yüzlərlə vətəndaşın hüquqlarını pozur.
“Burada, yaşayış binasının həyətində yaşayış binası tikilir. Ətraf binaların sakinləri olaraq narazıyıq. Maşın saxlamağa, uşaqların oynamasına yer yoxdur, gəzməyə, oturmağa yer yoxdur. Yaşıllığı məhv edirlər, ağacları qırırlar. Həmin tikiləcək binanın bloku ilə bizim binaların bloku arasında 5 metr məsafə var. Tikinti qanunsuz həyata keçirilir. Ancaq icazə, sərəncam olsa belə, bu, qanunsuzdur. Yaşayış binalarının həyətində bina necə tikilə bilər?”,- deyə vətəndaşlar bildirirlər.
Onların sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyətinə ünvanladıqları müraciətə cavab verilmir: “Sonra da deyirlər ki, xəbərimiz yoxdur, icazə verməmişik. İcazə verilməyibsə, tikinti niyə dayandırılmır? Bir də ki, icazə verilibsə də, qanuna ziddir”,- deyə etirazçılar bildirirlər. Qeyd edək ki, narazılıq edənlər Qaçaq Nəbi, 5, 7 və 9 saylı binada yaşayan sakinlər, eyni zamanda yaxınlıqdakı yataqxananın sakinləridir.
Tikinti aparılan əraziyə gələn və özünü şirkət rəhbəri kimi təqdim edən şəxs isə bildirib ki, orada bina tikmək qanunidir. Sakinlər onun dediklərini sübutunu tələb ediblər. O, tikintini heç bir halda dayandırmayacağını bildirib.
Sakinlər isə qeyd edirlər ki, tikinti ilə bağlı bir neçə instansiyaya müraciət etsələr də, nəticəsi olmayıb. Onlar yenidən müraciət ünvanlamağı planlaşdırırlar. Sakinlərin sözlərinə görə, dövlət başçısına, Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib tikintinin dayandırılmasını və onların istirahət yerinin bərpasını istəyəcəklər. Həmçinin Ekologiya və Təbii Nazirliyinə burada qırılması planlaşdırılan ağaclar və yaşıllıq üçün müraciət ediləcək./musavat/
1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49