Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

İnsanları necə izləmək, necə dinləmək olur?

Yaxud Siyavuş Novruzovun etirafının altındakı gizlinlər barədə...

Son günlərin qalmaqallı müzakirələrindən biri də AXCP sədri Əli Kərimlinin izləndiyini iddia etməsidir. Artıq izlənilmə ilə bağlı videolar sosial şəbəkə və media orqanlarında yayılıb. YAP-çı deputat Siyavuş Novruzovun bu mövzu ilə bağlı verdiyi açıqlama isə ilginc nüansların üzə çıxmasına səbəb olub. Novruzov deyib ki, indiki texnologiyalarla istənilən adamı oturduğu yerdə belə izləmək çox asandır. “Dil çaşar, düzünü deyər” janrındakı belə bir açıqlama bizə yeni mövzunu araşdırmağa yol açdı. İnsanları harada, necə dinləyirlər? 


Başlayaq məkan dinləmə vasitəsindən. İçərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə çalışa bilir. Çünki proqram telefonun söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə, telefon sönmüş kimi görünsə də, əslində işləməkdə davam edir. 

Ən zərərsiz dinləmə - telefon dinləməsi

İzləmənin ən “zərərsiz” növü heç şübhəsiz ki, mobil telefonların dinlənilməsidir. Bu barədə bir neçə dəfə yazdığımız üçün detalların üzərində dayanmayacağıq. Texnologiya aləmindən anlayışı olan hər kəs özü mobil telefonunun dinlənilməsini aydınlaşdıra bilər. Bunun bir neçə əlaməti var ki, onları yadda saxlayıb, telefonunuzun dinlənilməsi barədə təxminlər yürüdə bilərsiniz. 

Bunlardan biri 1 ildən artıq istifadə edilən telefonun şarjinın çox tez bitməsidir. Bundan əlavə, qarşı tərəflə danışıq zamanı müxtəlif küy, hətta açıq şəkildə tanımadığınız insanın səsini eşidirsinizsə narahat olmağa dəyər. Mobil telefonunuzda ondan istifadə etmədiyiniz halda belə kompüterin və ya səsgücləndiricinin yanında olduğu zaman müxtəlif müdaxilələrin səsini eşidə bilərsiniz. Dostunuza zəng etdiyiniz zaman əlaqənin çox gec baş tutduğunu və ya əksinə, əlaqənin gec kəsildiyini müşahidə etmisinizsə, bu da telefonunuzun dinlənildiyinə işarə ola bilər. Ümumilikdə telefonunuzda qəribəliklər varsa, məsələn, öz özünə sönüb yanırsa, bu da sizə bir işarədir. 

Dünya təcrübəsində telefon dinləmələri yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Bu dinləmələrə isə siyasətçilər, dövlətin mənafeyinə qarşı çıxış edən insanlar, hansısa qruplaşmalarda şübhəli bilinən şəxslər məruz qala bilərlər. Əgər siz yuxarıda sadalananlar sırasında deyilsinizsə və telefonunuzun dinlənilməsi ilə bağlı şübhələriniz öz təsdiqini tapıbsa, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. 

Adi gözlə baxanda məişət əşyası, amma...

Əməkdaşımız internetdə ev dinlənilməsi ilə bağlı axtarış apararaq ilginc nəticələr əldə edib. Məlum olub ki, adi məişət əşyalarını xatırladan cihazların köməyi ilə evi dinləmək mümkündür. Bunlardan biri də ölçüləri uyğun olan istənilən quruluşdakı kalkulyatorların içinə yerləşdirilə biləcək bir alətdir.

GSM dinləmə cihazı kalkulyatorun yanında iki ədəd, 1 mm ölçüsündə şarj deşiyi ilə heç bir şəkildə diqqət çəkməyən, quruluşu çox özəl olan bir şarj adaptoru da yerləşir. Onun içindəki sim kartın telefon nömrəsini dünyanın harasında olursanız olun, hər hansı telefondan zəng edərək 50 kv.m-lik bir ərazini çox rahatlıqla, çox yüksək həssaslıqla dinləyə bilərsiniz.

Kompüterlərin “siçan”ı da zaman-zaman dinləmə cihazı funksiyasına çevrilir. Belə ki, "USB Mouse"un içinə yerləşdirilmiş GSM dinləmə modulu istifadə edildiyi auradakı səslərin məsafə məhdudiyyəti olmadan dinlənilməsini mümkün hesab edir. Cihaza (“mouse”a) sim kart taxılandan sonra sistem istifadəyə hazırdır. Hər hansı telefondan taxmış olduğunuz harta aid nömrəyə zəng edəndə cihaz avtomatik olaraq açılacaq və yerləşdiyi otağı çox yüksək səs keyfiyyəti ilə dinləməyinizi təmin edəcək. Heç bir formada bayıra səs vermir və fərq edilməsi də mümkün deyil. 

Maraqlıdır ki, hətta kompüter söndürüləndə tərkibindəki lithium batareya sayəsində 4 gün gözləmə müddətinə malikdir və 4.5 saat müddətində fasiləsiz dinləmə həyata keçirə bilərsiz. Kompüter işlədiyi müddətdə isə avtomatik olaraq batareyası “zaryadka” yığır və enerji sıxıntısı olmadan dinləyə bildiyiniz qədər dinləyə bilərsiniz. 

Eyni dinləmə alətini kompüterin monitorunda da gizlətmək mümkündür. Monitorun içinə yerləşdirilən professional dinləmə cihazına taxılacaq bir SİM kart ilə dünyanın hər yerindən alətin olduğu yeri dinləmək mümkündür. Yüksək səs keyfiyyəti ilə 50 m2 sahədəki səsləri məsafə məhdudiyyəti olmadan istənilən zaman dinləmək mümkündür. Ofis, ev dinləniləməsi üçün son dərəcə praktik və fərq edilməsi mümkün olmayan bir gizli dinləmə sistemidir. Kompüter daim enerji yığdığı üçün bu dinləmə alətinin də “zaryadka”sız qalma ehtimalı yoxdur. Adsl modem dinləmə cihazı, telsiz telefon dinləmə cihazı da bu kateqoriyadandır. Onların içinə də həmin kiçik alətləri yerləşdirməklə müvafiq məkanları dinləmək mümkündür.

“Birja” qəzetində elan və “mən müstəntiqəm” etirafı...

Əməkdaşımız mövzu ilə bağlı axtarış apararkən “Birja” qəzetində maraqlı bir elanla rastlaşıb.

 http://birja.com/baku/usluqi/bytovye/dinleme_cihazlari__wwwsistemaz_isiq_puluna_qenaet_cih__1055542
Elanda yazılıb ki, “dinləmə cihazları, uşaqlarınızı evdə, hər yerdə dinləyə bilərsiniz, cihaz sim-kartla işləyir. Qiyməti 150 man”.  

Əməkdaşımız elanda göstərilən telefon nömrəsinə zəng vuraraq bu cihazlarla maraqlanıb. Telefon nömrəsinin sahibi özünü polis işçisi, daha dəqiq desək, müstəntiq kimi təqdim edib: “Bilirsiz, o cür dinləmə cihazlarının istifadəsi qadağandır. Mən də belə işlərlə məşğul deyiləm. Yəqin bölmədəki işçilərdən kimsə qəsdən mənim nömrəmi yazıb. Mən müstəntiqəm, nəsə lazım idi?”

Biz də öz növbəmizdə əmin oluruq ki, bu cür qeyri-qanuni fəaliyyət növünə görə cəzalandırılacağından, “ilişəcəyindən” qorxan izləmə mütəxəssisi gələn tanımadığı zəngləri özündən bu cür kənarlaşdırır. Amma bunun üçün ilk növbədə elandakı telefon nömrəsini kənarlaşdırmaq daha doğru deyilmi? 

“Daha çox tavanda və divar kağızının altında yerləşdirilirdi...”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, bu gün Azərbaycan dünyanın müxtəlif ölkələri ilə antiterror koalisiyası çərçivəsində, transmilli cinayətkarlığa qarşı mübarizədə yaxın əməkdaşlıq edir. Onun fikrincə, xüsusi xidmət orqanları belə xüsusi dinləmə vasitələri ilə təmin edilmiş ola bilər: “Bu, nadir hal deyil. Təhlükəsizlik firmaları da bunu edirlər. Üstəlik, baha deyil. Bunlar xüsusi mağazalardan satın alınır. Evdə dinləmə aparılması yeni təcrübə deyil. Sovet dönəmində də evdə dinləmələr aparılırdı. Araşdırma obyekti olan insanların dinlənilməsi üçün evlərinə, iş otaqlarına xüsusi qurğular yerləşdirilirdi. Daha çox tavanda, ya da divar kağızının altında yerləşdirilirdi. Bu əməliyyat məxfi şəkildə aparıldığı üçün heç kimin xəbəri olmurdu. SSRİ dövlət təhlükəsizliyi orqanlarının fəaliyyəti qanundan kənar idi. Sonradan qanunda düzəlişlər oldu. Qanun deyir ki, telefon dinləmələri qanunla mümkün deyil. Amma Azərbaycanda hələ də sovet təcrübəsi tətbiq olunur. Öncə məlumatlar əldə edilir. Sübut-dəlil tamam ayrıdır. Əməliyyat məhsullarının sübut-dəlilə çevrilməsi üçün məhkəmə faktına çevirmək lazımdır. Qanunvericiliyə heç kim riayət etmir. Onlar eybəcər və asılı durumdadır. Bu gün əslində dinlənmə ilə bağlı qərar verilirsə, onu iki ay geriyə keçirirlər. Oradakı danışıqlardan sübut kimi istifadə olunur”.

Ə.Oruclu dedi ki, sıravi vətəndaş dinlənildiyindən şübhələnə bilməz. Belə ki, bu, ancaq texniki vasitələrlə mümkündür: “O sahədə xeyli inkişaf gedib, artıq dinləmə zamanı klassik qaydada mikrofonlardan istifadə edilmir. Mikrosxem formalı çiplər olur. Məlumatları toplayıb şifrələyir. Çip məlumat ötürdükdə onun fəaliyyəti aşkarlana bilər. Bu isə qeyri-mümkündür. Xüsusi xidmət orqanları peşəkar işləyir. Sıradan vətəndaşın onu aşkarlamaq imkanı yoxdur”.

Ekspert sonda onu da vurğuladı ki, bu sayaq dinləmə əməliyyatları faktdan daha çox məlumat əldə etmək üçündür. Onun sözlərinə görə, məhkəmələrdə çox nadir hallarda videomüşahidə, ya da dinləmə qurğularının fəaliyyəti nəticəsində ortaya çıxan nəticələr fakt kimi təqdim edilir./musavat/

1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı