Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Vətəndaş, bas bayıra!

Dünən bizim deputatxanada görünməmiş hadisələr yaşanıb. Deputatlar spiker Oqtay müəllimi, o cümlədən iclasa çağırılan nazir Məmmədyarovu topa tutublar, yapokratiyanın repressiv siyasətini kəskin tənqid ediblər. Fəzail Ağamalı buna görə heç bir deputata hücum etməyib, Cəlal əminin məşhur “almısan mandatı, səsini kəs otur yerində” cümləsini işlədən də olmayıb. Müşahidəçilərin fikrincə, 1993-cü ildə işğal ediləndən bəri ilk dəfə imiş deputatxana parlamentə oxşayırmış. Hətta hakimiyyət qorxusundan Daxili Qoşunları deputatxana binasının ətrafına yeridib, havada hərbi helikopterlər uçuşurmuş.

Sonuncu cümlədən başqa yazdıqlarım hamısı dəqiqdir. Sadəcə, məsələnin mahiyyəti odur ki, Azərbaycan əlifba sırasına uyğun olaraq Avropa Şurasının hansısa iclasını keçirdir, yuxarıda yazdığım deputatlar da Avropa dövlətlərinin bəzi deputatları olmuşdur. Yoxsa o binada normal insan zəkasına uyğun hadisələrin baş verəcəyini heç ummuruq. Elə son günlərin bir hadisəsi bunu tam isbat edir.

Təsəvvür edin, Azərbaycan Respublikasının vətəndaşlıq haqda qanununa hansısa gerizəkalı dəyişiklik təklif edib, mayın axırında bu dəyişiklik müzakirə ediləcək. Dəyişikliyin mahiyyəti budur: dövlətin mənafeyinə ciddi zərər vuran fəaliyyətə görə adam vətəndaşlıqdan çıxardılacaq.

Əslində çox yaxşı təklifdir, hamımızı burdan sürgün eləsəydilər bəlkə normal bir dövlət tapıb yaşayardıq. Ancaq kimisə vətəndaşlıqdan mərhum eləməklə iş düzəlmir axı. Bəs bunları kim qəbul edəcək? Adam təyyarənin trapında yaşaya bilməz. Bu idiotlar hesab edir ki, kimisə cinayətkar sayıb qovacaqlar, xarici ölkələr də qucağını açıb deyəcək, gəlin ey cinayətkarlar, gözümüz üstdə yeriniz vardır!

Eyni zamanda, bu dəyişiklik BMT İnsan Haqları Bəyannaməsinə ziddir. Orda 15-ci maddədə yazılıb: “Heç kim özbaşına olaraq vətəndaşlıqdan və vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz”. Əgər Oqtay Əsədov BMT-ni qoz hesab edirsə, o zaman cəhənnəmə, heç olmazsa Azərbaycan Konstitusiyası adlı kağızın 53-cü maddəsini oxusun: “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz, heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”.

Deputatxana üzvləri yuxarıdakı sitatda yazılan “heç bir halda” ifadəsini başa düşürlər, ya bunu da izah eləmək lazımdır? Bəlkə onlar üçün “heç bir halda” ifadəsinə “Prezident Administrasiyasından gələn göstəriş” daxil deyil? Nə biləsən... Əcaib dövrdə yaşayırıq.
Bir ara Almaniya səfiri hökuməti tənqid edirdi. O zaman AzTV Almaniyanı yerlə-yeksan etmişdi, Frankfurtda hamı dilənçiliklə məşğul idi, Berlində isə zibilxanada yaşayırdılar. İndi yapokratiya sürü ilə cumub ABŞ səfirinə. Antiamerika isterikasına baxanda həm adamın gülməyi gəlir, həm də ağlamağı. Gülməlidir ona görə ki, Azərbaycan hakimiyyətin ABŞ-a dirsək göstərməsi milçəyin filə şıllaq atması tipində bir şeydir. Ağlamalı olması isə onunla əlaqədardır ki, gör biz millət olaraq nə gündəyik, deqradasiya və cəhalətin hansı dərinliyində küllənirik ki, bizi bu adamlar yarım əsrdir idarə eləyirlər, hələ bundan sonra da eləmək fikrindədirlər.

Stalin dövründə xalq düşmənləri ailəlikcə sürgün və məhv edilirdi. Adətən bu əməllər qaranlıqda, gecələr edilirdi ki, qonum-qonşu görməsin. İndi həbs edilənlərin uşaqlarına, ailə üzvlərinə repressiyalar açıq, günün günorta çağı aparılır. Məsələn, ən con iki fakt biabırçılıqdır: Mətanət Əzizovanı tapa bilmirlər, əri və oğlunu girov saxlayırlar. Rauf Mirqədirovun isə atasının evini eşələyirlər. İndi bunların üzərinə vətəndaşlıqdan çıxartma gələndə lap qorxunc mənzərə yaranacaq.

Ancaq bir ölkədə ki, “vətəndaş” sözü ən çox polisdə tutulan adama deyilə, bəlkə oranın vətəndaşlığına elə tüpürüb getmək lazımdır. Sadəcə, sual yaranır: hara? Kimə xoşdur belə biabırçı yerdən gələnlərə yer vermək?

Zamin Hacı/musavat
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...