Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

“Vosmoy bazarı” və çirkabdan doğan ucuzluq... - Foto

Bu gün paytaxtda fəaliyyət göstərən bazarlarda nə desən, tapmaq mümkündür - göy-göyərtidən tutmuş istənilən ölkədə yetişən meyvə-tərəvəzə kimi. Əksəriyyətinin də satışında nə gigiyenik qaydalara əməl edilir, nə də normal həkim nəzarəti var.

Belə bazarlardan biri də xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”dır. Bu bazarı urvatdan salan birinci məsələ bazar ətrafında qalaqlanan zibilliklərdir. Zibillərin vaxtaşırı yığılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması, bazarətrafı küçə ticarəti və daha nələr bazarın əsas problemlərindəndir. Müvafiq qurumlar tərəfindən bununla bağlı bir neçə dəfə cərimə tətbiq edilsə də, vəziyyət düzəlmir ki, düzəlmir. Bunun acısını isə ərazidə yaşayan sakinlər və bir də bazara üz tutan alıcılar çəkir. Bazara yaxın binalarda yaşayan sakinlər məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, mənzərə olduğu kimi qalır. Nə təmizliyə əməl edən var, nə də ətrafa dağılan zir-zibili, qida qalıqlarını təmizləyən. Buna görə isə üfunətdən bazar ətrafına yaxınlaşmaq mümkün deyil. Əgər havaların tədricən qızmasını nəzərə alsaq, o zaman yaxın günlərdə mənzərənin hansı durumda olacağını təsəvvür etmək heç də çətin deyil.

Bu barədə bizimlə söhbət edən sakinlər bildirdilər ki, havalar qızdıqca, yay aylarında bazar ətrafında vəziyyət daha da dözülməz olur:

“İndi havalar o qədər də isti olmadığı üçün vəziyyət nisbətən yaxşıdır. Ancaq yay aylarında burada nəfəs almaq mümkün deyil. Hər tərəf antisanitariya, zir-zibil içərisində olur. Yaşadığımız binaya yol bazar yaxınlığından keçdiyi üçün biz də hər gün bu yoldan gedib-gəlməyə məcburuq. Mənzərəni isə özünüz görürsüz, satıcılar çürümüş meyvə-tərəvəzi hara gəldi tökürlər. Zibillər vaxtaşırı yığışılmır. Bundan əlavə kanalizasiya sistemi yaxşı işləmədiyindən çirkab sular yola axıdılır. Məsələ ilə bağlı dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə, mənzil istismar sahəsinə və bazar rəhbərliyinə müraciət edib bildirmişik ki, bu zir-zibili yığışdırsınlar, ancaq baxan yoxdur”.

Sakinləri narahat edən digər bir məsələ isə bazar ətrafından keçən maşın yollarının satıcılar tərəfindən zəbt olunmasıdır. Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən küçə ticarətinə qadağa qoyulmasına baxmayaraq, adıçəkilən bazarın ətrafından keçən avtomobil yollarında satıcılar öz ticarət köşklərini qurublar. Sakin Əlövsət Məmmədov isə bu işdə bazara nəzarət edən polis əməkdaşlarını qınadı:

“İcra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları küçə ticarətinə qarşı mübarizə apardıqlarını söyləyirlər. Ancaq küçə ticarətinə rəvac verən özləridir, özləri sahibkarlarla əl olub qanunsuz yolkənarı alverə göz yumurlar”.

Bazar ətrafı yollar küçə ticarətçiləri tərəfindən zəbt edildiyi üçün axşam saatlarında işdən çıxan insanların evə getməsində problemlər yaranır. Belə ki, yolda yaranan tıxac insanların vaxtında mənzil başına çatmasını sözün həqiqi mənasında əngəlləyir.

Ucuz ətin şorbası olmaz...

Yol kənarına düzülən balıq və balıq məhsulları isə sözün həqiqi mənasında zir-zibil içərisində satılır. Bazarda satılan ət məhsulları isə laboratoriyalarda demək olar ki, yoxlanılmır. Bu sahədə adıçəkilən bazara nəzarət edən həkim sahibkarlardan pul yığmaqla öz işini bitmiş hesab edir. Ancaq nəzərə almaq lazımdır ki, yay aylarında qida məhsullarının xüsusi nəzarət altında və lazım olan temperaturda saxlamaq olduqca vacibdir. Çünki bu aylarda vaxtı keçmiş istənilən qida növü insan sağlamlığı üçün birbaşa təhlükədir. Ən çox qida zəhərlənmələri isə balıq və balıq məhsullarına görə baş verir. Ona görə də belə məhsulların saxlanma şəraitinə xüsusi fikir vermək və lazım olan temperaturda saxlamaq lazımdır. Belə ki, balıq məhsulları növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. Mütəxəssislər hesab edirlər ki, ilin isti vaxtlarında müvafiq şəraitdə təzə balığı 24 saat, soyuq vaxtlarda isə 48 saatdan artıq saxlamaq olmaz. Adıçəkilən bazarda isə balıq və balıq məhsulları heç bir qaydalara əməl edilmədən qızmar günəş altında, küçənin ortasında satılır.

Bəzi alıcılar isə buradakı şəraitdən, çirkabdan şikayətlənsələr də, qiymətlərin nisbətən ucuz olduğu üçün bu bazara üz tutduqlarını söylədilər:

“Bu bazarın nə gündə olduğunu özünüz görürsünüz də. Bu haqda nə isə demək artıq olardı. Hər tərəf zir-zibil içərisindədir. Mən özüm bu yaxınlıqda yaşadığımdan demək olar ki, hər gün buradan bazarlıq edirəm. Başqa yerlərdə təmizlik olsa da, qiymətlər bahadır. Ona görə də bura qaçırıq”, - deyə adının Nəzakət olduğunu deyən həmsöhbətimiz bildirdi. Nəzakət xanım bazara rəhbərlik edənləri də qınadı: “Bu qədər pul yığırlar, ancaq bazarın təmizliyinə fikir vermirlər. Hara gedirsən üfunət ətrafı bürüyüb. Belə olmaz axı”.

Pul alırlar, zibili də təmizləsinlər

Məsələ ilə bağlı suallarımızı cavablandıran satıcılar deyilən iradların heç birini qəbul etmədilər. Hətta özlərinə haqq qazandırmaqdan belə çəkinmədilər. Satıcılar bütün məsuliyyəti bazar rəhbərliyinin üstünə atdılar.

“Vaxtaşırı yerpulumuzu verib öz işimizlə məşğul oluruq. Bazardakı antisanitariyanın isə bizə heç bir dəxli yoxdur. Bu işlə bazar rəhbərliyi, aidiyyəti qurumlar məşğul olmalıdırlar. Bizdən yerpulu aldıqları kimi zəhmət çəkib burda yığılıb qalan zir-zibili də təmizləsinlər”, - deyə, satıcılar bildirdilər.

Həqiqətən də satıcılardan vaxtaşırı yerpulu yığan bazar rəhbərliyi təmizlik işləri gələndə görünməz olur. Son nəticədə isə bunun əziyyətini sadə insanlar çəkir./axar/


1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39