Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Fərahim İlqaroğluna sui-qəsdlə bağlı növbəti video -fakt

Müxbirimizi döyən Feyruz Termişinin ona köməklik göstərən qara gödəkçəli şəxslə birlikdə qaçdıqları kameraya düşüb; Elton Məmmədov və Daxili İşlər Nazirliyindən isə Aynar Məmmədovun aeroportda saxlanması xəbərinə reaksiyalar gəldi



“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğluna qarşı sui-qəsddən təxminən bir ay ötür. Aprelin 25-də yaşadığı binanın qarşısında hücuma məruz qalan müxbirimizin işində yeni məqamlar üzə çıxıb. F.İlqaroğlu onu döyən Feyruz Termişi ilə birlikdə olan digər şəxsin hadisə yerindən necə qaçmasını təsdiqləyən videogörüntülər əldə edib.

Qara gödəkçəlinin qaçış videosu

Bu videogörüntüdən aydın olur ki, F.Termişi əməkdaşımızı döyərkən tək olmayıb. Ona kömək göstərilib. Ancaq videogörüntüyə düşən qara gödəkçəli həmin şəxs bu vaxta qədər istintaqa cəlb edilməyib.


F.İlqaroğlu musavat.com-a bildirdi ki, hadisənin baş verdiyi ərazidəki yaşayış binasının kamerasında Termişi ilə qara gödəkçəli adamın onu döydükdən sonra necə qaçdıqları görünür: “Maşınımın video qeydedicisində görüntülərə baxsaq, Feyruz Termişi məni döyəndən sonra, bir nəfər qara gödəkçəli mənə yaxınlaşır. O, əli ilə məni saxlayır, Feyruzun arxasınca gedib onu saxlamağıma mane olur. 


Bu qara gödəkçəli şəxsin yaxınlıqdakı yaşayış binasındakı kamerada Feyruzla birgə qaçdıqları görünür. 


Onlar bir yerdə qaçırlar, sonra Feyruz ona işarə edir ki, başqa istiqamətə qaçsın və hadisə yerindən uzaqlaşırlar. Əvvəlcə mən zənn edirdim ki, həmin şəxs məni saxlamaqla kömək etmək istəyib. Ancaq bu kamerada onların bir yerdə qaçdığı görünür və növbəti sübutdur ki, bu sui-qəsd əməliyyatında onun da iştirakı var. Amma bu günə kimi həbs etməyiblər". 


Fərahim İlqaroğlu: “Nə qara gödəkçəli naməlum şəxs, nə Tural Bayramov tutulub”
Jurnalist deyir ki, hadisədən keçən bir ay ərzində nə bu əmri verən Kik-boksinq Federasiyasının idmançısı Tural Bayramov həbs edilib, nə də qara gödəkçəli sözügedən şəxs: “İndiyə qədər bu hadisədə adı keçənlərdən yalnız Feyruz Termişi tutulub. 


Ona göstəriş verən Kik-boksinq Federasiyasının idmançısı Tural Bayramovun həbs olunduğu söylənsə də, Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləmir. Bu iş Nizami Rayon Polis İdarəsində araşdırılanda Termişi üzləşmədə bildirmişdi ki, ona digər bir nəfər də köməklik edib. 


Həmin şəxs video görüntüdə aydın seçilən qara gödəkçəli adamdır. Bu adam döyülmə anlarını çəkərək Tural Bayramova çatdırıb, əvəzində pul alıblar. Amma Nizami rayon polisindən Daxili İşlər Nazirliyinə göndərilən üzləşdirmə protokolunda Termişinin üzləşdirmə zamanı dedikləri protokola salınmayıb. Vəkilim Elçin Sadıqovla sonuncu dəfə nazirlikdə olanda müstəntiq Mikayıl Qüdrətov dindirmə protokolunu bizə təqdim etdi. 


Bu zaman bizə məlum oldu ki, saxtakarlıq edilib, Termişinin üzləşdirmə zamanı söylədikləri əsas ifadələr protokola salınmayıb, Tural Bayramovun sifarişçi olduğunu deməsi rəsmiləşdirilməyib. Biz də dindirmə protokoluna əlavələrimizi etdik və müstəntiq götürdü". 

*    *    *
F.İlqaroğlunun döyülməsini sifariş verən Tural Bayramov nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının “şilləvuranı” kimi tanınır. T.Bayramovun nazirin deputat qardaşı Elton Məmmədovun oğlanları - Aynar və Elnurla çəkdirdiyi şəkillərin ortaya çıxması, geridə qalan dövrdə idmançının həbs edilməməsi əminlik yaradır ki, Məmmədovlar istintaq güclü şəkildə müdaxilə edir. Heç bir şübhə yeri qalmır ki, deputat oğlu Aynar Məmmədov onun avtoxuliqan hərəkətlərini ictimailəşdirən “Yeni Müsavat” qəzetindən qisas almaq istəyib. Üstəlik, qəzetdə Məmmədovlar barəsində mütəmadi tənqidi məqalələr dərc olunub. 


Çox güman ki, bu səbəbdən də Aynar Məmmədov facebookda onun barəsində yazan əməkdaşımız Fərahim İlqaroğlunu döydürmək yolunu seçib. Hər halda bu işin sifarişçisi olan T.Bayramov Məmmədovların adamı olmasaydı, çoxdan həbs edilmişdi.
Elton Məmmədov: “Mənim oğlumu həbs etmək istəsələr...”

Deputat Elton Məmmədov isə mətbuatda oğlunun aeroportda saxlanması barədə getmiş xəbərə aqressiv şəkildə reaksiya verib. Deputat teleqraf.com-a deyib: “Yeni Müsavat" qəzeti nə vaxtsa öz abrına sığınacaqmı? O aeroport, o da Sərhəd Xidməti, öyrənin, əgər belə bir şey olubsa, yazın. Yoxdursa, qoy bilsinlər ki, bəsdir bu qədər insanların əsəbi ilə oynadılar". 

Onun sözlərinə görə, hazırda oğlu Aynar Məmmədov evdədir: “Oğul mənimdirsə, oğlum Aynar evdədir. Nəyə istinad edib belə məlumat yazırlar? Mənim oğlumu həbs etmək istəsələr, nəyə görə saxlamalıdırlar? Gündə bu iftiralara cavab verməkdən artıq insanın səbri tükənir, ayıbdır axı”. 

DİN: “Dəfələrlə bildirmişik ki...”

Daxili İşlər Nazirliyi isə Aynar Məmmədovun bu günlərdə ölkədən çıxarkən saxlanılmasına dair mətbuatda yazılanlara münasibətini açıqlayıb.


DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında bildirib ki, son günlər jurnalistlər eyni mövzu ilə bağlı təkrar-təkrar münasibət öyrənmək istəyirlər: “Bu da son günlər informasiya qıtlığı ilə bağlıdır. Dəfələrlə bildirmişik ki, bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

E.Zahidov deputat oğlunun Bakı aeroportunda saxlanılması, istintaqa cəlb olunması barədə məlumatı olmadığını deyib.

Həmin videodan əvvəl, oxucuların diqqətinə bir daha cinayət anını əks etdirən video-lenti təqdim edirik:














1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41
Putin K