Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Tükürpədici cinayət necə ört-basdır edilib?

Evi yandırılmış paytaxt sakini müstəntiq və hakimin işi yanlış istiqamətə yönəltməsindən şikayətçidir

Paytaxt sakini Ərəstun Abdullayev hüquq-mühafizə orqanları və məhkəmədən narazıdır. O, “Azadlıq”a ünvanladığı şikayət məktubunda yazır ki, 2008-ci il martın 6-da Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yeni tikilmiş evi yandırılıb:

“Yandırılan evin zirzəmisindən hadisə vaxtı yetkinlik yaşına çatmayan, evimdə kirayədə qalan Günel Şirinova əl-ayağı və ağzı bağlı halda çıxarıldı. Bəlli oldu ki, Güneli diri-diri yandırmaq məqsədilə bu addımı atıblar. Günel evimdə ər-arvad kimi yaşadığı Sənan Hüseynovla qalırdı. Bu hadisəni araşdıran Sabunçu rayonu, 12-ci polis bölməsi, daha sonra Sabunçu Rayon Polis Idarəsinin müstəntiqi Mehman Alxasov, rayon məhkəməsinin hakimi Samir Əliyev necə elədilərsə, axırda günahkar Günel Şirinova çıxdı. Guya, o, Sənanı sevdiyindən özünü öldürmək, mənim evimi yandırmaq istəyib. Yəni, zərərçəkmiş dönüb oldu cinayətkar. Hakim Samir Əliyevin çıxardığı hökm qüvvəyə minəndən sonra mənə vurulan ziyan Güneldən tələb olundu. Bu cinayət işi üzrə istintaq və məhkəmə dövründə dəfələrlə müvafiq orqanlara şikayət etsəm də, əhəmiyyət verən olmadı. Hazırda məndə 1500-ə qədər şikayət, bir o qədər də cavab var. Güneldən israrla mənə dəyən ziyanı tələb edəndə o, baş vermiş cinayəti tam təfsilatıyla danışmaq istədiyini bildirdi. Bəlli oldu ki, Sənan Günelin əl-ayağını və ağzını bağlayaraq, evə od vurub və qapını da bağlayaraq çıxıb gedib. Bu cür hadisə törədən insanın azadlıqda gəzməsi qəbul edilə bilməz. Mən bu hadisənin yenidən araşdırılmasını və yetkinlik yaşına çatmayan bir qıza qarşı törədilmiş ağır cinayətin gizlədilməsi, buna yol verən müstəntiqin, hakimin məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsini xahiş edirəm”.
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP