Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

İnqilabçı yox nəşəxor kimi tutulur

“Qribki”
Ramiz Mehdiyev deyir ki, amerikalılar ölkəmizdə “feysbuk” inqilabına 3 milyon dollar ayırıbmış. Keçən il bu rəqəm 1 milyon idi, indi necə şişib 3-ə çıxdı, qaranlıq işdir. Zakir Qaralovdan və Eldar müəllimdən (MTN gizli xidmət sayılır, o üzdən gərək şefinin soyadı açıqlanmasın, intervüsünü də maska arxasından versin) soruşmalıyıq həmin yerdə qalan 2 milyonu neyləyiblər.

Özü də Ramiz müəllim həmin 3 milyon haqda deyir ki, bunu məhkəmə də sübut edibdir. Bəs qərar hanı? Hansı hökmdə ABŞ-ın Azərbaycanda sabitliyi pozub inqilab qayırması haqda yazılıbdır? Belə bir şey yoxdur. Ümumiyyətlə, bizdə heç kəsi inqilaba-zada görə tutmurlar, hamısı nəşəxor kimi tutulur. Bizim Bastiliya qalamız axırda Papanin küçəsindən çıxacaq, görərsiniz.

Guya prosesin həqiqi adını yazmaq ayıbdırmı? Nədən yapokratiya abır-həya eləyib adamları gerçək adıyla tutmur? Məsələn, Ömər Məmmədovun cibinə nəşə atmaqdansa onu “feysbuk”da səhifə yaradıb dövlət rəhbərliyini təhqir etdiyi üçün tutduğumuzu deyə bilmərikmi?

Təbii, deyə bilərik, buna yetərincə iqtisadi qüdrətimiz də vardır. Utanmaq lazım deyil, bu zaman el inancına görə adamın oğlu da olmur. Bir növ, bizim eldə uşağın cinsini müəyyən eləmək üçün UZİ aparatına ehtiyac qalmır, həyasızlıq eləyirsən, bitir gedir.
Bu cür yaşamalıyıq. Qoy böyür-başımızdakıları tutsunlar, qoca atalarını öldürsünlər, təki bizə dəyməsinlər, həmçinin cənab prezidentin atalıq qayğısı sayəsində ərazidə yeni istirahət və mədəniyyət parkı istifadəyə verilsin. Əsas bu parkdır.

İnternatda döyülən uşağın videosu yayılmışdı, mən orda bir detala fikir verdim. Uşaqdan intervü alan naməlum şəxs təkidlə, amma yavaş səslə soruşurdu ki, səni kim döyüb, onun adını de. Uşaq da deyirdi direktor Afaq müəllimə. Çəkiliş aparan bunu təkrarlatdırırdı. Sanki təşkil olunmuş bir aksiya idi. Ardıyca Sabirabadda həkimin rüşvət istəməsi videosu çıxdı.

Belə çəkilişlər çox olacaq və məişət səviyyəsində, aşağılarda cəza verilməsi hallarına rast gələcəyik. Elşad Abdullayevin videolarına Gülər Əhmədovanın cəzalanması tipində. O cinayətlərdə Əhmədova bəlkə də on yeddinci adam idi. Amma onu tutdular.

Prinsipcə, bütün ölkə bir şirkətə çevrilibsə, bütün gəlirlər vahid əldə cəmlənirsə aşağılarda kimlərisə cəzalandırmaq problemsiz görünür. “AMAY” Abdulla keçid dövrü üçün lazım idi. O cümlədən, reklamlardan bol “bitərəf” rusdilli qəzetlər. İndi hətta gömrüyü də naxçıvanlı uşaqlardan alıb ASAN-xidmətə vermək mümkündür, çünki gələn malla çıxan mal tək bir ailə şirkətinə məxsusdursa, sən orda kimdən pul yığacaqsan?

Həqiqət anı sürətlə yaxınlaşır, yoldaşlar. Pandora xanımın yeşiyi təpəsi üstdə çevrilib, içindəkilər hamısı ortalığa dağılıb, hətta qutunun dibindəki ümid də göz önündədir (Hesab edin Ümid Partiyası şəklində). Mən bu proseslərdən kədərlənirəm, amma oyunların qurtarması da sevindiricidir. Sizi bilmirəm, özümü bu çılpaq həqiqətlər dövrünə hazırlamışam. Əsl vətənpərvər, parksevər, yeraltı keçiddən keçən bir vətəndaşa çevrilmişəm! Əgər bu faktı bilmirdinizsə yazıram: hələ indiyə qədər bir dəfə də olsun qanunsuz yerdən yolu keçdiyim üçün polis tərəfindən cərimə edilməmişəm! Bəs necə, o boyda yeraltı və yerüstü keçidlər var, kimin üçün tikilib!? Zəhmət çəkin, bizim üçün ayrılan yollarla, cığırlarla hərəkət edin.

Dayanmağa yer az olanda bir ayaq üstdə durun. Düz duranda başınız tavana dəyirsə dombalın. Dombalmaq mümkün olmayanda yerə uzanın. Siz heç orta məktəbin əmək təlimi dərslərində plastilin görməmisiniz? Sizin plastilindən nəyiniz artıqdır? Bəlkə o, daha artıq həyat əlamətlərinə malikdir, nəinki biz.

Sonda Ramiz müəllimdən xahiş edirəm, əgər ABŞ səfirliyinə yumurta atmaq lazım olsa məni də çağırsınlar. Özüm həmçinin Füzuli məcburi köçkünüyəm. JEK-dən qrıja arayışım var. Ayağımda, qulağını bəri gətir deyim, heç kim eşitməsin: qribki də olub. Əsgərlik vaxtı. Hökumət istəsə təzədən çıxardaram.

Zamin Hacı/musavat
1808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı