Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

“Azər Əsgərovu AXCP-yə görə cəzalandırırlar”

AXCP partladılaraq sökülən qərargahının sahibi Azər Əsgərovun polisə aparılmasını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

“Bu ilin mart ayının 3-də partladılan, ertəsi günü isə sökülən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8 ünvanında yerləşən qərargahının sahibi Azər Əsgərov 23 may tarixində həbs edilərək Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılıb. Onun həbsinə səbəb dağıdılan mülkünün müqabilində təzminat ödənilməməsinə etiraz olaraq sökülən ərazidə çadır qurub, aksiya keçirməsi olub.
Təəssüflər olsun ki, Azər Əsgərovun mülkünün qeyri-qanuni sökülməsindən 3 aya yaxın vaxt keçməsə də, ona hələ təzminat ödənilməyib. Mülk sahibinin müxtəlif instansiyalara etdiyi şikayətlər isə indiyədək araşdırılmayıb. Bunu Azər Əsgərov mətbuata öz açıqlamasında bildirib.
Keçən 3 ay ərzində heç bir dövlət orqanı onun şikayətlərinə baxmayıb, sökülən mülkü üçün isə heç bir təzminat ödənilməyib. Etiraz aksiyası keçirdiyi ərazidə həbsi zamanı əməliyyata rəhbərlik edən mayor başda olmaqla, polis əməkdaşları onu zorakılıqla maşına mindiriblər. Amma o yenə də sona qədər mübarizə aparacağını, yenidən çadır qurub gecəni sökülən ərazidə keçirəcəyini bildirib.
Azər Əsgərovun vəkili Namizəd Səfərov da qeyd edir ki, müdafiə etdiyi şəxsə hələ də kompensasiya ödənilmədiyinə görə, o məcburən çadır qurub həmin ərazidə yaşayacağını deyir. Çünki haqqının təmin olunması üçün başqa çıxış yolu görmür. Ya ona öz dağıdılmış mülkünün yerində yeni ev tikməyə şərait yaradılmalı, ya da kompensasiya ödənilməlidir. Vəkilin sözlərinə görə, həmin ərazidə yaşayan başqa vətəndaşlara kifayət qədər yüksək məbləğdə kompensasiya ödənilib, kənarda qalan yeganə şəxs Azər Əsgərovdur.
AXCP hesab edir ki, Azər Əsgərova dəyən maddi ziyanın ödənilməməsi birbaşa onun öz mülkünü partiyaya icarəyə verməsi ilə bağlıdır və onu məhz buna görə cəzalandırırlar. Artıq ölkədə mülkiyyət hüquqlarının kobudluqla pozulması müntəzəm hala çevrilib və Azər Əsgərov da həmin ədalətsizliyə məruz qalan şəxslərdən biridir.
AXCP hakimiyyət orqanlarından tələb edir ki, Azər Əsgərova dəyən maddi ziyana görə qısa zamanda kompensasiya ödənilsin, müvafiq dövlət strukturları tərəfindən onun şikayəti araşdırılsın və tədbirlər görülsün.
AXCP, eyni zamanda hakimiyyət orqanlarından təcili olaraq Azər Əsgərovun pozulan mülkiyyət hüquqlarının təmin olunmasını tələb edir”./azadlıq/
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50