Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Bir nömrəli rüşvətxor dururkən...

Hazırda ölkə telekanalları və iqtidara işləyən digər mətbu orqanları sabirabadlı həkimin qalmalqallı videosu ilə nəyisə sübut etməyə çalışırlar. Telekanallar həkimin 14 dəqiqəlik videosundan iqtidara sərf edən epizodları verir, ardınca Səhiyyə Nazirliyinin operativ reaksiyasından danışır, onu Hippokrat andına sadiq qalmamaqda günahlandırırlar. Bəziləri də bir az irəli gedərək, olayı ehtiyatla iqtidarın rüşvət və korrupsiya ilə mübarizəsi fonunda şərh edirlər. Sanki, ölkədəki ən böyük korrupsiya yuvası aşkar edilib, bundan sonra insanlar korrupsiya və rüşvətdən əziyyət çəkməyəcəklər və s. Son vaxtlar ölkədə oxşar tendensiya sözün əsl mənasında baş alıb gedir. Kimi iri oliqarx və onun yaxınlarını hədəfə alıb, prezidentdən kömək istəyir, kimi icra başçısının qanına susayıb, kimi də polis rəisinə hücuma keçib... Bu haqda bir qədər sonra... Qayıdaq Sabirabaddakı Hippokrat “xəyanətinə”...

Əslində Vüsal Məmmədov bu 14 dəqiqəlik videoda Əliyevlər rejimini vətəndaşların sağlamlığına biganə qalmaqda ittiham edirdi. O açıq şəkildə “ağsaqqal işverən”ə başa salmağa çalışırdı ki, mənim səndən pul istəməyimə səbəb, iqtidarın fəlakətli səhiyyə siyasətidir. Vüsal həkim neftdən gələn milyardlardan bir qara qəpik də olsun insanların sağlamlığına xərclənməməsinə üsyan edirdi. Bu da azmış kimi, rejimin xəstələrin də cibinə də göz dikməsindən danışırdı.

...Bu gün heç kimə sirr deyil ki, hər xəstəxanaya, həkimə, tibb bacısına, hətta adi qapıçıya da haqq qoyulub. Şəxsən mən xəstəxana tanıyıram ki, orada qapıçı baş həkimə hər ay 400 manat haqq verir.

Mən yuxarıda ehtiyatla ifadəsini ona görə işlətdim ki, xalq həkimin pasiyentdən pul almasını rüşvət kimi anlamaq qabiliyyətini çoxdan itirib. Yəni həkimə pul verməmək, mağazadan nəsə alıb pulunu ödəməmək kimi bir şeydir. Yəni cibində pul yoxdursa, mağazaya girə bilmədiyin kimi, xəstəxanaya girə bilməzsən. Ədalət naminə deməliyəm ki, xəstəxanalardan fərqli olaraq, mağazaların bəzilərində zəruri ərzaqları nisyə almaq mümkündür...

Həkimlərin ayda 170-200 manat maaş almasını nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur. Onları uzaq başı insafsızlıqda, qeyri-humanistlikdə günahlandırmaq mümkündür. Məsələn, “apendisit var” bəhanəsi ilə, yalançı əməliyyatda, bahalı firma dərmanlarını xəstəyə sırımaqda, nəhayət və ən başlıcası isə, savadsızlıq və qeyri-peşəkarlıqda. Nə qədər acınacaqlı olsa da, deməliyəm ki, iqtidarın yaşıl işıq yandırdığı məsələlərdən biri də məhz budur. Bu gün saxta diplomlu həkimlər sözün əsl mənasında meydan sulayırlar. Bu da səbəbsiz deyil...

Avtoritarizmin başlıca vəzifəsi insanların lazım olmadığı bir cəmiyyət qurmaqdır. Xəstə və xəstə təfəkkürlü insanları idarə etmək çox asan olduğundan səhiyyədəki vəziyyətdə təəccüblü heç nə yoxdur.

Kimdir bu korrupsiya və rüşvətin başında duran və yaxud duranlar? Niyə özünü mən bu xalqın əsgəriyəm deyən bir sürü əli qələmli vələdüzna, “dəqiq”, “qərəzsiz”(!) xəbəri ilə öyünən şarlatan bunu görmür?

Bu sualın cavabı yəqin ki, hər birinizə aydındır. Onlar rüşvətxor məmurlardan, xalqın qanına susamış cəlladlardan daha təhlükəlidirlər. Bu nadürüstlər iqtidara ən ləyaqətsiz formada xidmət edənlərdir. Onlar şərəfsiz bir yaşam tərzini seçərək, xalqın fəlakəti ilə sözün əsl mənasında alver edirlər.

Onlara görə, Ilham Əliyev, Ramiz Mehdiyev, Ziya Məmmədov, Kəmaləddin Heydərov və rejimin digər yüksək vəzifəli şəxslərinin korrupsiya və rüşvətlə heç bir əlaqəsi yoxdur. Xalqa sırımağa çalışırlar ki, onların ölkədəki rüşvətdən, talandan, ədalətsizlikdən xəbərləri yoxdur, çünki daha mühüm işlərlə məşğuldurlar.

Bu rejimi ayaqda saxlayan əslində korrupsiya və rüşvətxorluqdur. Bu mexanizm o dərəcədə həssasdır ki, hətta marşrut avtobuslarının dayanacaqdan-dayanacağa saxlaması belə sistemi çökdürə bilər. Yadınızdadırsa, ərəb inqilablarından qorxuya düşən iqtidar, aşağı səviyyədə rüşvəti qadağan etmişdi. Cəmi iki gündən sonra səhv etdiyini anladı. Ölkə məmur və vətəndaş itaətsizliyinin bir addımlığında idi...

Görüntü xatirinə iki-üç ayda bir zavallı müəllim, həkim, xırda məmur rüşvət alarkən “yaxalanır” və ucuz, şou xarakterli təbliğat başlanır...

Ölkədə isə, bir gündə orta hesabla on mindən çox rüşvət alınır və verilir.

Siz heç hüquq mühafizə, gömrük, vergi məmurlarının rüşvət alarkən yaxalanmasının şahidi oldunuzmu?

“Çətin” sualdır, deyilmi?..

Xaqani Əliyev/azadlıq
1691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11