Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

“Elşad Abdullayevlə görüşməyə hər hansı qadağa yoxdu”

Cəmil Həsənlidən Siyavuş Novruzova və Gülər Əhmədovaya cavab

“Elşad Abdullayevlə görüşməyə hər hansı qadağa yoxdu”
Prezidentliyə namizəd Cəmil Həsənlinin Fransa səfəri zamanı ABU-nun sabiq rektoru Elşad Abdullayevlə görüşü ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən sosial şəbəkədə gedən müzakirələrdə C.Həsənli bu görüşdə iştirakına görə tənqid edilib. Buna səbəb kimi isə sabiq rektorun fəaliyyətindəki qanunsuzluqlar göstərilib.

Hakim düşərgənin nümayəndələri də bu məsələyə reaksiya verib. “Cəmil Həsənli və Elşad Abdullayev eyni medalın iki üzüdür. Onun Avropada Elşad Abdullayevlə görüşü də bundan irəli gəlir”. Bunu da APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib: “Onlar üçün oğru, cinayətkar, Azərbaycanın əleyhinə işləyən, xalqın düşməni, kim olur olsun fərqi yoxdur, təki Azərbaycan iqtidarının düşməni olsun. Bunlar üçün bu qəbuldur. Cəmil Həsənlinin də missiyası bundan ibarətdir”.
“Yeni Müsavat”a açıqlamasında Cəmil Həsənli bu iddialara münasibət bildirdi. Müsahibimiz dedi ki, xarici səfəri zamanı onlarla adamlarla görüşüb: “Onlarla adam mənim olduğum şəhərlərə gəliblər. Bu gələn adamların arasında Elşad Abdullayev olub. Mən buradan xüsusi olaraq Elşad Abdullayevlə görüşməyə getməmişəm. Olduğum müxtəlif şəhərlərdə Azərbaycandan mənim görüşüm olan yerə, qaldığım hotelə, getdiyim-qayıtdığm otelə kim gəlibsə, onunla görüşmüşəm. Parisdə, Brüsseldə, Strasburqda, Şarl De Qol aeroportunda insanlar görüşlər üçün müraciət etmişdi. Mən adamlara ”mənimlə görüşməyin" deyə qadağa qoya bilmərəm. Kifayət qədər çox adam telefonla əlaqə saxladı. Təəssüf edirəm ki, görüş istəyənlərin hamısı ilə görüşmək imkanı olmadı. Mən qarşıdakı səfərlərimdə çalışacam ki, mühacir vətəndaşlarımızla daha ətraflı və təşkilatlanmış görüşlər keçirim. Amma bu dəfə belə idi ki, məlum proqram və dar zamanım var idi. Biz müəyyən olunmuş proqramı yerinə yetirməli idik. Görüşmək istəyən vətəndaşlarımız o qədər yol qət edib gəlibsə, biz onunla niyə görüşməyək?"
Konkret E.Abdullayevlə bağlı məqama gəlincə, müsahibimiz dedi ki, başda “Yeni Müsavat” qəzeti olmaqla Azərbaycanın müxalifət, müstəqil mətbuatı bir ilə yaxındır ki, onun yaydığı videoları, göndərdiyi mətnləri ictimailəşdirir: “Bu rejimin cinayətlərinin açılmasında E. Abdullayevin videolarının böyük rolu olub. Üstəgəl seçki dövründə xüsusi şəkildə öz tərəfdarlarına, yaxınlarına, ictimaiyyətə müraciət edərək, mənə səs vermələrini deyib. Bu müraciət həm ”Yeni Müsavat", həm də “Azadlıq” qəzetində oldu. Digər bir tərəfdən, Elşad Abdullayevlə görüşməyə hər hansı bir qadağa yoxdur. Ona görə də bu müzakirələrin mənasını anlamıram".
Söhbət zamanı C.Həsənli sabiq deputat Gülər Əhmədovanın məhkəməsində onun barəsində səsləndirdiyi fikirlərə də münasibət bildirdi.
G.Əhmədova seçki kampaniyası dövründə C.Həsənlinin onun adını mandat alveri ilə bağlı hallandırmasına etiraz etmişdi: “Mən heç yerdə deməmişəm ki, Gülər xanım cinayət törədib”. Müsahibimizin sözlərinə görə, onun cinayət törədib-törətməməsini məhkəmə müəyyən eləməlidir: “Amma ”Gülərqeyt" termini artıq Azərbaycanda da, Azərbaycandan kənarda da, Avropa Şurasının, ATƏT-in hesabatına da düşmüş bir termindir. Burada Azərbaycanın yüksək çinli məmurlarından söhbət gedir. Mandat alverini bilavasitə onlar həyata keçiriblər. Yəni biz bu hadisədən danışırıqsa, bu o demək deyil ki, yalnız Gülər xanımı nəzərdə tuturuq. Gülər xanım bu işin sadə iştirakçılarından və bəlkə də ən sonuncu qurban olacaq adamlardan biridir. Burda söhbət mandatı satmağa səlahiyyəti olan adamlardan gedir. Mən bunları nəzərdə tutmuşam. Mənim Gülər xanımla şəxsi ədavətim yoxdur. Hesab edirəm ki, Gülər xanım bu işdə həbsə alınacaq sonuncu adamlardan biri olmalıydı, birinci yox".
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı