Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Ordumuz son 7 ayda 10 zabitini itirib

Azərbaycan ordusundakı itkilər mövzusu yenə də ən aktual məsələ olaraq qalır. Qeyri-döyüş şəraitində verdiyimiz itkilər təəssüf ki, davam edir.

Əsgərin əsgəri gülləməsi, əsgərin zabiti güllələməsi, əsgərin özünü vurması, zabitin öz komandirini güllələməsi və ehtiyatsızlıqdan baş verən əsgər və zabit ölümləri həll olunması müşkil məsələyə çevrilən problemdir.

Ordudakı itkilərlə bağlı statistik məlumatlar müntəzəm olaraq verilir. Ölənlərin əksəriyyəti ya ehtiyatsızlıqdan, ya da əsgər yoldaşı və zabitlə aralarında yaşanan münasibətlərdən sonra intihar edənlərdir. Düşmən gülləsinə tuş gələn əsgərlərimizin sayı isə azdır.

Ordumuzun verdiyi zabit itkisində isə bu tam əksinədir. Şəhid verdiyimiz zabitlərimiz daha çox düşmən gülləsinə tuş gəlir. Lakin itirdiyimiz zabitlərdən intihar edənlər və yol qəzalarında ölənlər də var. 

Bu yazıda general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edildiyi vaxtdan (2013-cü il, oktyabrın 22-dən) bu günədək ordumuzun itirdiyi zabitlərin sayını qeyd edəcəyik. Zakir Həsənovun 7 aylıq nazirliyi dövründə şəhid olan, intihar edən və xəstəlikdən vəfat edən zabitlərimiz aşağıdakılardır: 

26 oktyabr, 2013: Ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun giziri, 1990-cı il təvəllüdlü Aydın Əmirsultan oğlu Abdullayev düşmən gülləsinə tuş gəldi. Hərbçi başından aldığı güllə yarasından şəhid oldu.

22 yanvar, 2014: Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət keçən hərbi qulluqçu Əkbər Əjdər oğlu Əliyev ürək çatışmazlığından vəfat etdi.

23 yanvar, 2014: Ermənilərin Tərtər rayonu ərazisində atəşkəsi pozaraq Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutması nəticəsində Silahlı Qüvvələrimizin zabiti, kapitan Elnur Cəfərov şəhid oldu.

27 yanvar, 2014: Erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin zabiti, leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid oldu.

13 fevral, 2014: Naxçıvanda yerləşən N saylı hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açıldı və nəticədə güllə onun zabit yoldaşı, baş leytenant Samir Məmmədova dəydi. Xoşbəxtlikdən zabitimizin həyatını xilas etmək mümkün oldu.

15 fevral, 2014: Daha bir hərbçimizin ölümü Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alındı. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişdi.

26 fevral, 2014: Erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutdular. Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid oldu.

7 aprel, 2014: Cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak oldu, 6 hərbi qulluqçu isə yaralandı. Həlak olan hərbi qulluqçular arasında kapitan Orucəliyev Ceyhun Cəlil oğlu da var idi.

7 aprel, 2014: N saylı hərbi hissələrin birində əsgər Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəydi. Güllə yarası alan əsgər İ.İsmayılov dünyasını dəyişdi. R.Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi. Mayorun həyatını xilas etmək mümkün oldu.

7 aprel, 2014: Orduda növbəti ölüm xəbəri yüksək rübəli zabitin intiharı ilə gəldi. Hərbi-Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant, 1970-ci il təvəllüdlü Natiq Balıyev intihar etdi. İntiharın səbəbi ilə bağlı hələ ki, araşdırma aparılır.

15 may, 2014: Bu ay ərzində ordudan gələn bu xəbər isə hər kəsi şoka saldı. Belə ki, Füzuli rayonundakı N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açıldı. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəydi. Zabit aldığı güllə yarasından dünyasını dəyişdi.

28 may, 2014: Növbəti bəd xəbər isə bu gün gəldi. Mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərdi. Düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verdi. Zabitimiz - 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu.

28 may, 2014: Mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərdi. Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verdi. Düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Əbilov Xudaverdi Fərhad oğlu şəhid oldu.

Qeyd edək ki, bu itkilər Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

Beləliklə, son 7 ayda rəsmi məlumatlara əsasən 10 zabitimiz dünyasını dəyişib. Onlardan 7-si döyüş, 3-ü isə qeyri-döyüş şəraitində həlak olub./virtualaz/

1097 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11