Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Sərkisyanı diri tutacağıq!

Ilham Əliyevin Ermənistan və orada iş başında olan rejim haqqında açıqlamasından yəqin ki, çoxlarınızın xəbəri var. Ölkə başçısı tezliklə ermənilərin qaniçən, xirtdəyədək korrupsiyanın içində boğulan Sərkisyan rejimindən qurtulmasına ümid edir. Xahiş edirəm, dözümlü olun və bir anlığa təsəvvür edin ki, bizdə korrupsiya və rüşvət yoxdur, yalnız demokratiya var, biz də paxıl deyilik, deyirik onlarda da olsun...

Əlbəttə, humanizm yaxşı şeydir, amma gəlin razılaşaq ki, prezident dozanı artıq edib. Özünüz düşünün, demokratik, rüşvət və korrupsiyadan uzaq bir Ermənistan və bugünkü Azərbaycan. Bir tərəfdən də Ermənistanın nazı ilə oynayan dünya birliyi. Bunun bircə adı var - zibilə düşmək...

Iqtidar rəsmiləri tez-tez, özü də həvəslə Azərbaycan-Ermənistan müqayisəsi aparırlar. AzTV-də bu müqayisə çox vaxt, hardasa cənnətlə cəhənnəmin fərqinə qədər uzanıb gedir. Məsələyə Azərbaycanın iri və orta məmurlarının həyat tərzi ilə sadə ermənilərin yaşayışı baxımından yanaşsaq, nə gizlədək, burada “cənnət-cəhənnəm”-in yeri var.

Məsələ burasındadır ki, iqtidar bu müqayisəyə bizi də, yəni səfalət içində boğulan milyonlarla azərbaycanlını da əlavə edir.

Əslinə qalsa, Azərbaycan və Ermənistandakı orta aylıq əmək haqqının arasında elə bir fərq yoxdur. Lakin bazardakı qiymətlər düşmən ölkədə bizimlə müqaysədə ən azı iki-üç dəfə aşağıdır. Kartof üç, banan dörd, qənd və çörək isə təxminən iki dəfə ucuzdur. Statistik azərbaycanlı sadə erməni kimi yaşaması üçün, ayda ən azı 650-800 manat maaş almalıdır. Erməni və azərbaycanlı Qarabağ qazilərinin güzəşt və yaşam müqayisəsi isə fəlakətli şəkildə bizim xeyrimizə deyil.

...Yeri gəlmişkən, bu fikir və istəklər hansısa müxalifət liderinin dilindən, eləcə də müxalif düşüncəli bir yazarın qələmindən çıxsaydı, həngamə qopardı desəm, yəqin ki, yumşaq şəkildə ifadə etmiş olardım.

Yəqin ki, hər birimizin ürəyində işğalçı Ermənistan üçün müəyyən arzularımız, istəklərimiz var. Kimi bu ölkənin viran olmasını istəyir, kimi zəifləməsini, kimi də, ümumiyyətlə, yer üzündən silinməsini və s.

Reallıq budur ki, Ermənistan bizim istəyimizdən asılı olmayaraq mövcuddur və ərazilərimizin 25 faizini işğal edib, xalqımıza, eləcə də bəşəriyyətə qarşı Xocalı başda olmaqla insanlığa sığmayan dəhşətli cinayətlər törədib. Bu cinayətlərin fonunda faşistlər belə humanist görünürlər. Onlar körpələri dəm qazında boğurdular və ən əsası bunu valideynlərinin yanında etmirdilər. Erməni quldurları isə, əksinə, azəri körpəsini valideynlərinin gözü qabağında, özü də işgəncə verərək öldürürdülər. Yazıma Zori Balayanın “Ruhumuzun dirilməsi” kitabında etdiyi etiraflarla davam etmək istəyirəm, buyurun:

“Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən yeddi dəqiqədən sonra uşaq qan itkisindən öldü.

...Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha üç türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim..."

Ola bilsin ki, kimsə məni qınasın, amma mən də erməni xalqının humanist olmasını, başqa millətlərə, xüsusən də qonşularına qarşı paxıllıq və nifrətinin azalmasını istəyirəm. Artıq XXI əsrdir və orta əsrə aid olan işğalçılıq təfəkkürü ilə uzağa getmək olmaz.

Belə bir qonşusu olan dövləti yalnız demokratiya, rüşvət və korrupsiyanın yoxluğu xilas edə bilər. 20 ildir ki, 25% torpağı işğal altında olan dövlətin rəsmiləri bu gün absurd hədələr, Ceyms Bond sayağı sayıqlamalarla işlərini bitmiş hesab edirlər.

...Yazımı vergi sistemində işləmiş bir soydaşımızın sözləri ilə bitirmək istəyirəm. O deyir ki, “bizdəki pula və qadına olan hərisliyi Vətən segvisi ilə əvəz etmək olsaydı, nəinki Qarabağı alardıq, üstəlik, Sərkisyanı da diri tutardıq”.

Obrazlı desək, Qarabağ, milyonların Vətən sevgisi ilə bir ovuc məmurun nəfsi arasındakı məsafədə yerləşir.

Xaqani Əliyev/azadlıq
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı