Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Əbiyev əlini qarnının üstünə qoyurdu, Həsənov isə irəli uzadır

Neftçala bulvarı
Ölkəmizdə dinc quruculuq işləri davam edir. Füzulidə cəbhə xəttində 2 əsgərimiz həlak olmuşdur, biri isə ağır yaralanmışdır. Əvəzində cəbhə xəttinin yaxınlığında ordumuz təlimlər keçirdir. Müdafiə naziri Zakir Həsənovun əlini irəli uzatmış fotoları qəzetləri bəzəməkdədir. Hələlik bunun keçmiş nazir Səfər Əbiyevdən bir mühüm fərqi ortaya çıxmışdır: Əbiyev əlini adətən qarnının üstünə qoyurdu, Həsənov isə irəli uzadır. Güman edə bilərik ki, buna ciddi əsaslarımız da vardır və kimsə şübhə etməsin: ermənilər Həsənovun irəli uzanan əlindən qorxub işğal edilmiş ərazilərimizi boşaldacaqlar.

Bu arada Daxili Qoşunların bir zabiti Hava Hücumundan Müdafiə Qoşunlarına komandan gətirilib. Zabit mayor rütbəsində imiş, qəfildən general verməyə məcbur olublar. Səbəb isə sadədir: müdafiə naziri qabaqlar DQ-də işləyib. Əslində uca millətimizin narahat olmağına ehtiyac qalmır, çünki əsas odur bizim DQ-miz var. Dağlıq Qarabağ olmasın, Daxili Qoşunlar olsun - nə fərqi?

Üstəlik, Neftçalada yeni bulvar tikilib istifadəyə verilmişdir, bugünlərdə cənab prezident onun açılışını eləmişdir. Həmin səfər sayəsində biz onu da öyrəndik ki, sən demə, üzü Yunanıstandan belə dünyanın hər deşiyinə yanacaq göndərən eşşək boyda neft-qaz yataqlarının qulağının dibində yerləşən, faciəvi şəkildə öz adında da neft sözü olan Neftçala rayonunda cəmi 50 faiz qazlaşma varmış.

Bir az da sadə dillə yazsaq, hər 2 neftçalalıdan birinin evinə qaz gəlmirmiş. Bəs görəsən qazı olmayan sakinlər nə yandırır? İnək təzəyi, yoxsa quş zılı? Bəlkə at nəcisi? Yaxud, eşşək qanqalının alternativ üsullarla qurudulmuşunu? Ola bilər Günəş enerjisi? Külək generatoru qurmaq olarmı? Neftçala sakinləri yenicə təşkil edilmiş Milli Nüvə Tədqiqatları Mərkəzimizin atom generatorundan yararlana biləcəkmi?

Hər halda sevindirici haldır ki, Neftçala sakinləri bundan sonra şəhərdəki yeni bulvarın xidmətlərindən istifadə edə biləcəklər. "AzərTAc"ın verdiyi məlumata görə bulvarda xalqın asudə vaxtını səmərəli keçirtməsi üçün hər cür şərait yaradılmışdır, yerə daş lövhələr yapışdırılmış, ağaclar əkilmiş, ağacların dibinə su tökülmüşdür, gövdələri ağardılmışdır.
Bundan başqa, bulvarda su təmizdir, Bakı bulvarından fərqli olaraq burda hətta çimmək də mümkündür! Təbii, çimərkən milli mentalitetimizə uyğun geyimlərdən istifadə etmək lazımdır, yoxsa hüquq-mühafizə orqanlarında ciddi şübhələr var ki, bəzi xaricdən maliyyələşən müxalifətçi ünsür gənclər Neftçala bulvarının çimərlik hissəsindən xalqımıza yaraşmayan bəd niyyətlə istifadə etmək, orada nudist plyajı açmaq fikrindədir. Neftçala polis şöbəsindən aldığımız məlumata görə bu kimi halların qarşısı qətiyyətlə alınacaqdır.

Rusiyadan 100 tank almağımız da müsbət hadisələrdən biridir. Ruslar eyni zamanda ermənilərə vertolyot satıblar. Bundan qabaq da bizə vertolyot satmışdılar, o zaman Ermənistana tank vermişdilər. Çox gözəl balans siyasətidir, özünə demokratik hakimiyyət qura bilməyən iki debil toplumu başqa bir debilin bir-birinə qırdırması çağdaş planetimizə yaraşıq verir.

Sonda arzularımızı bildirək: gün o gün olsun Kürdəmirin Şilyan yaşayış məntəqəsində bulvar istifadəyə verilsin, Cıdır düzünü qazlaşdıraq, Kürdəxanı zindanında da 3 D formatlı yeni kinoteatr açılsın, məhbuslar yaxşı yaşasınlar.

Zamin Hacı/musavat
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP