Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

Elçin Manafov: Məhkəmə hakimiyyəti müstəqil hökm vermək iqtidarında deyil

Həbslərin siyasi sifariş olduğu açıq-aşkar ortadadır

Respublika günü ilə bağlı amnistiya aktının verilməsi ölkədə nə qədər müsbət ab-hava yaratdısa, islamçı vicdan məhbuslarının heç birinin adının bu siyahıda olmaması da cəmiyyət daxilində suallara yol açdı. Niyə görə haqq-ədalət uğrunda mübarizə aparan və sözün əsil mənasında siyasi məhbus sayılan gənc fəalların adları amnistiya aktında olmadı?

İslaminsesi.az saytına müsahibə verən AİP-in sədr əvəzi hacı Elçin Manafov mövzu ilə bağlı açıq qalan məqamlara aydınlıq gətirdi.

-Hacı, sizcə islamçı fəalların heç birinin adının amnistiya aktına salınmaması  siyasi səbəblərdən irəli gəlir, yoxsa hüquq müdafiəçilərinin onlara laqeyd münasibətinin nəticəsidir?

-Mən elə bilirəm ki,hüquq müdafiəçiləri bu məsələ ilə bağlı, indiyə qədər kifayət qədər öz səylərini göstəriblər. Yəni onsuz da bilirik ki, indiki şəraitdə təəssüf ki, məhkəmə hakimiyyətinin elə bir rolu yoxdur. Cəmiyyətin gözü qarşısında, günahsız insanları saxta ittihamlarla həbs edirlər. Amma məhkəmə hakimiyyəti də öz acizliyini göstərir.

Biz belə proseslərdə çox iştirak etmişik. Açıq-aşkar bu həbslərin sifarişli olmasını görürük. Amma hüquq müdafiəçiləri, vəkillər bu işdə əllərindən gələni edirlər, lakin nəticə yenə də yuxarıların diqtəsiylə başa çatır. Baxmayaraq ki, vəkillər bütün hüquqi prosedurlara əl atırlar, hətta Avropa məhkəməsinə qədər prosesi aparıb çıxarsalar belə, yenə də hansısa gizli bir qüvvə maneçilik törədir. Yenə də son sözü özləri deyir. Ona görə də bunun günahını hüquq müdafiəçilərinin boynuna yıxmaq düzgün deyil. Biz bir çoxlarının hüquq müdafiəsi proseslərində vicdanla, fəallıqla çalışdığının şahidiyik. Hökmü verən məhkəmələr özləri də bunu nümayişkəranə şəkildə göstərirlər- bu məsələdə onlar güçsüzdür. Bəzən bildirməsələr də bunun həqiqət olduğu ortadadır.

Qaldı hökumətin amnistiya ilə bağlı qərarına,bunu mən əvvəlki müsahibələrimdə də demişəm, yenə də təkrar edirəm, bu, onlar üçün bir şansdır. İnsanlara vurduqları mənəvi zərbələri, xüsusən dindar təbəqələrə ki, onların sayı zindanda da çoxdu, onlara qarşı etdikləri haqsızlıqları düzəltmək üçün qarşılarına çıxan gözəl bir fürsətdir. Biz özümüz də ümidvar idik ki, bunlar düzgün qərar çıxaracaq, doğru addım atacaqlar. Onlar özləri bu fürsətin intizarında olmalıdırlar. Yəni heç bir ölkədə hakimiyyət gərək bu cür səhvlərə yol verməyə, xalqla bu cür rəftar etməyə..

-İslamçı fəalların həbsi cəmiyyətdə hansı fəsadlara yol açır?

-O cür mübariz insanların bu gün meydanda olmaları gərəkdir. Bu gün onların cəmiyyətdən təcrid olunması lazımsız məzhəblər,lazımsız cərəyanların yaranmasına səbəb olur. Bu gün vəhhabilər, nurçular meydan sulayırlar. Düzgün əqidəli gənclərin həbsi elə bir boşluq yaradıb ki, bunun mənfi nəticələrini cəmiyyət təkcə bu gün deyil, hər zaman hiss edəcək. Bu vəziyyətlə bağlı ibrətamiz bir misal çəkim.

Vaxtilə Çində sərçələr əkilən taxılın bir hissəsini yediyi üçün bu quşları qırmaq qərarına gəldilər. Sərçələr kütləvi şəkildə məhv edildi. İkinci il taxıl zəmilərinə çəyirtkə sürüləri hücum çəkdi. Əgər sərçələr səpilən toxumun sadəcə bir hissəsini yeyirdilərsə, çəyirtkə daraşandan sonra zəmidən əsər-əlamət qalmadı.  Kəndlilər səhv etdiklərini anladılar. Onlar başa düşdü ki, Allahın yaratdığı hər bir şeydə məqsəd var. Sərçələr zəmini qoruyan əsas canlılardır.  Onlar sonra xarici ölkələrdən sərçə gətirtməyə məcbur oldular. Mən bu hadisə ilə cəmiyyətdəki mövcud şəraiti müqayisə etmək istədim.  İslamçıların azad olunması cəmiyyətdəki gərginliyi yumşaldardı. Dövlətçiliyimiz üçün təhlükəli təriqətlərə qarşı mübarizədə onların iştirakı müsbət nəticə verərdi. Çox təəssüf edirəm ki, bu fürsətlərdən istifadə olunmadı. Bu isə get-gedə narazı qüvvələrin artmasına səbəb olur.

-Qərbin dəstəklədiyi siyasi məhbuslar üçün “yaşıl işıq” yandırıldı. Amma islamçı gənclərin azad olunmasına qarşı sanki gizli, qüdrətli bir əl “dirijorluq” edir...

-Biz düşünürük ki, bu cür səhv addımlar bəlkə də ABŞ-ın və Qərbin sifarişindən irəli gəlir, onlar bizim hakimiyyətə müəyyən təzyiqlər göstərirlər. Siyasi sifarişlər verirlər ki, bu da nəticədə ayrı-seçkiliyə səbəb olur. Dindarlara yad münasibət göstərilir. Əgər həqiqi mənada müstəqil olsaydıq, həqiqi mənada azadlığımız olsaydı, ölkə başçısı, hakimiyyət müstəqil qərarlar verərdi. Nəinki özünün ziyanına olan hərəkətlər etməzdi,  o cümlədən ölkə dindarlarının dövlətçilik maraqlarının qorunmasında, işğal altında olan torpaqların azad olunmasında necə fədakar, şəhid olmağa hazır bir qüvvə olduqlarını görərdi.  Biz düşünmürük ki, onlar bunu dərk etmirlər. Sərgilənən belə münasibətlərin,atılan bu addımların  öz ziyanlarına işlədiyini başa düşmədiklərini demək absurddur. Onlar bunu təbii ki, dərk edirlər. Sadəcə müstəqil deyillər,məhkəmə hakimiyyəti azad deyil. Mən bircə onu arzu edirəm ki, gün gəlsin biz həqiqi müstəqilliyi əldə edək.  Həqiqi istiqlaliyyətimizə qovuşaq. 

1541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber