Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Xanlar Vəliyevlə Zakir Həsənova ağır ittihamlar

Sahin Sultanovun müdafiəçisi “Yeni Müsavat”a sensasion məktub yolladı; “Nazirlə hərbi prokuror tərəfindən yanlış və yoxlanılmamış informasiya prezidentə təqdim edildi”; vəkil Adəm Məmmədov vitse-admiralın həbsi ilə bağlı ilginc məlumatlar açıqladı.

14 il müdafiə nazirinin müavini vəzifəsində çalışmış, hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin(HDQ) vitse-admiralı Şahin Sultanovun vəkili Adəm Məmmədov “Yeni Müsavat”a məktub yollayıb. Vəkil müvəkkilinin işlədiyi dövrdə tabeliyindəki bəzi işçilərin yol verdiyi müəyyən pozuntu hallarına görə həbs olunduğunu iddia edir:
“Şahin Sultanova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub. Axar su ləkə götürmədiyi kimi Şahin Sultanova da bu ittihamlar yapışmaz. Onun sadə həyat tərzi bu iddiaları alt-üst edir.

Çünki nazir müavini, HDQ-nin komandanı kimi çox sadə bir həyat tərzi sürüb. Bu səbəbdən onun dəbdəbəli villası, çoxsaylı obyektləri, bahalı avtomobilləri yoxdur. Sultanov kimi nüfuzlu bir adam Bayıl qəsəbəsində 1905-cı ildə tikilmiş dördmərtəbəli binadakı üç otaqlı sadə bir mənzildə yaşayıb.

“Zakir Həsənov təyin olunandan Şahin Sultanovun dəfələrlə görüş təklifindən imtina edib. Baxmayaraq ki, bu, yeni nazirin vəzifə borcu idi. Hətta Z.Həsənov deyib ki, HDQ-də yoxlama bitsin, o zaman görüşərik”

Mən bir vəkil kimi Hərbi Prokurorluğun araşdırdığı materiallarla tanışam. Eyni zamanda onun tabeliyində olmuş əməkdaşlar haqda aparılan xidməti yoxlamaların nəticələri də mənə məlumdur. Ümumi şəkildə çox ciddi qanun pozuntuları aşkarlanmamışdır. Bir neçə qanun pozuntusu üzə çıxarılmışdır ki, bunun da nəticəsi olaraq, bəzi hərbçilər barədə hüquqi müstəvidə tədbirlər görülürdü. 15-ci, 20-ci dərəcəli kadr hansısa qanun pozuntusuna yol veribsə, buna Şahin Sultanov neyləsin?

Nəyə görə hansısa işçinin yol verdiyi qanun pozuntusuna görə Şahin Sultanov cavab verməlidir? Hərbi Prokuroluğun məntiqi ilə yanaşsaq, onda az qala hər gün hərbi hissələrdə əsgər ölümlərinə və nizamnamədən kənar baş verən digər hallara görə müdafiə naziri məsuliyyətə cəlb olunmalıdır. Axı bu, düzgün yanaşma deyil. Pozuntu halına yol vermiş hər kəsin özü qanun qarşısında cavab verməlidir”.

A.Məmmədov müvəkkilinin həbsinin yanlış məlumatlara əsaslandığını qeyd edir: “Xanlar Vəliyev və Zakir Həsənov tərəfindən yalnış və yoxlanılmamış informasiya tələsərək prezidentə təqdim edildi. Biz bilirik ki, hər bir sahədə, yeni təyin olunmuş rəhbər ilk öncə əsas mütəxəssislərlə görüşərək, vəziyyətlə tanış olur. Zakir Həsənov təyin olunandan Şahin Sultanovun dəfələrlə görüş təklifindən imtina edib. Baxmayaraq ki, bu, yeni nazirin vəzifə borcu idi. Hətta Z.Həsənov deyib ki, HDQ-də yoxlama bitsin, o zaman görüşərik. Bu cür münasibət onu bir daha sübut edir ki, Həsənov və Vəliyev planlı şəkildə Sultanovu diskreditə edərək, nüfuzdan salıb hərbi sistemindən uzaqlaşdırmağa hazırlıq görüblər. Xanlar Vəliyevin şəxsi qərəzliyi nəticəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi Mehdi Hüseynzadə çox çalışdı ki, Şahin Sultanovu dövləti sevməyinə peşman etsin.

Mehdi Hüseynzadə və onun ələ baxan müstəntiqləri bildirdilər ki, Şahin Sultanov vəzifədən çıxarıldığına görə bizim üçün heç kimdir. Hətta müstəntiqlərdən biri qeyd etdi ki, bundan sonra bütün genarallar bizə baş əyəcək. Belə zehniyyət sahiblərinə yalnız təəssüflənmək qalır. Müstəntiqlər bəzi hərbçilərə təyziq edib qorxudublar ki, Sultanovun əleyihinə ifadə verməsələr, həbs olunacaqlar. Bu yaxınlarda həbs olunmuş hərbçilərə də belə təklif olunub ki, Sultanovun əleyhinə ifadə versələr, həbsdən azad olunacaqlar. Görəsən X.Vəliyevin bu qədər ciddi-cəhdlə Ş.Sultanovun həbs edilməsini istəməkdə məqsədi nədir?”

Vəkil qeyd edir ki, Ş.Sultanovun həbsinin gerçək səbəbi prezident İlham Əliyevə məlum olandan sonra haqq-ədalət öz yerini tapacaq: “Təbii ki, belə şeylər Sultanov kimi bir çox mərhumiyətlərdən keçmiş insanı əqidəsindən döndərə bilməz”.

“Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Şahin Sultanovun sayəsində müasir döyüş texnikasına çevrilən gəmiləri görəndə heyrətini gizlədə bilməmişdi ki, Azərbaycan ordusunun belə silah-sursata malik donanması var”

A.Məmmədov müvəkkilinin işdən çıxarılmasının səbəblərinə də toxunub: “Şahin Sultanovun işdən çıxarılmasının səbəbləri məlumdur. Lakin hərbi və dövləti məsələ olduğu üçün mətbuatda yazılması mümkün deyil. Əlimizdə olan sənədlərə əsasən deyə bilərik ki, Şahin Sultanov 1992-ci ildə Hərbi Dəniz Qüvvələrinin yaradılmasının təşəbbüskarıdır. Eyni zamanda HDQ-nin təşəkkül tapmasının başlıca səbəbkarıdır. SSRİ dövründə metallom kimi atılmalı olan hərbi gəmilər məhz onun fədakarlığı, gecə-gündüz çalışması nəticəsində müasir döyüş gəmilərinə çevrilib. Hətta Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Şahin Sultanovun sayəsində müasir döyüş texnikasına çevrilən gəmiləri görəndə heyrətini gizlədə bilməmişdi ki, Azərbaycan ordusunun belə silah-sursata malik donanması var”.

Vəkil müvəkkilini adını mətbuatın gündəminə gətirən Dövlət Bayraq Meydanın tikintisi zamanı baş verənlərə də aydınlıq gətirir. Ş.Sultanovun vəzifədə olduğu müddətdə mətbuatda barəsində yazılanlara münasibət bildirməməsini rəhbərliyin icazəsi olmaması ilə izah edir: “Şahin Sultanovu oradakı hərbçi ailələrinə məxsus mənzillərin sökülməsi zamanı verilən kompensasiyanın az olması ilə əlaqədar günahlandırırlar. 2005-ci ildə zabit və miçman heyətinin mənzil problemini həll etmək məqsədi ilə Hərbi Dəniz Qüvvələrinə məxsus ”Bayıl-1" saylı hərbi şəhərçiyin ərazisində köhnə, qeyri-yaşayış təyinatlı, 26 və 27 nömrəli xidməti bina olan 2 ədəd 1 mərtəbəli tikililər HDQ-nin komandanlığının qərarına əsasən 29 hərbçiyə müvəqqəti yaşayış üçün verilib. Bu tikililər hərbçilərin öz vəsaitləri hesabına təmir-abadlıq işləri aparılaraq yaşayış üçün yararlı vəziyyətə gətirilib.

Bunu kimsə inkar etmir. Hərbi qulluqçulara yaşamaq üçün ayrılmış sahə onlara verilməmişdən əvvəl xəbərdarlıq edilib ki, bu sahə onlara müvəqqəti yaşamaq üçün verilir və onlar hətta yazılı öhdəlik də götürmüşdülər ki, xəbərdarlıq edildiyi andan 30 gün müddətində yaşadıqları sahəni boşaldacaqlar. Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqda” 17 noyabr 2007-ci il tarixli 2504№-li sərəncamına əsasən Dövlət Bayrağı meydanının tikintisi və yeni yolun inşası ilə əlaqədar olaraq, bir çox mülki ailələrlə bərabər 29 hərbçi ailəsinin də köçürülməsi zərurəti yarandı.

Bu məqsədlə tikinti işlərini həyata keçirən “AZVİRT” MMC tərəfindən qeyri-yaşayış sahəsində yaşayan hərbiçilərin köçürülməsi üçün humanistlik göstərilərək, onların təmir-abadlıq işlərinə sərf etdikləri vəsaitləri ödəmək üçün 29 ailənin hər birinə 10 min manat olmaqla cəmi 290 min manat pul vəsaiti ödənilib. Həmin pul vəsaitinin ödənilməsi “AZVİRT” MMC, Hərbi Dəniz Qüvvələri tərəfindən 29 sentyabr 2011-ci il tarixli aktla təsdiqlənib. Ayrılmış puldan yalnız 3 hərbçi ailəsi imtina edib və pulu qəbul etməyiblər.

“Xanlar Vəliyevin şəxsi qərəzliyi nəticəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi Mehdi Hüseynzadə çox çalışdı ki, Şahin Sultanovu dövləti sevməyinə peşman etsin”

Həmin 30 min manat pul geri qaytarılıb. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi xidmətinin böyük məsləhətçisi Hikmət Xəlilovun Hərbi Dəniz Qüvvələrinə ünvanladığı məktubda da aydın göstərilibdir. 290 min manat pul vəsaitinin paylanmamış hissəsi olan 30 min manat nağd pul onlara qaytarılıb. Yəni bu faktlar məlum ola-ola hərbçilərin evlərindən Şahin Sultanovun çıxarmasını söyləmək nə dərəcədə düzgündür?

Axı həmin ailələri oradan Şahin Sultanovun deyil, prezidentin sərancamı ilə köçürüblər. Görünür Hərbi Prokurorluğun istintaqçılarına prezidentin sərancamı yox, X.Vəliyevin sifarişləri daha önəmlidir. Belə olmasaydı ehtiyatda olan hərbçini öyrədib danışdırmazdırlar".

Vəkil 10 min manat kompensasiyadan imtina edən 3 hərbçidən biri Emil Əzizova və digərlərinə də müraciət edib: “Həmin şəxslərin bu gün evləri yoxdursa, neçə il qulluq edib, yolunda can verdikləri Müdafiə Nazirliyindən ev tələb etməlidirlər. Çünki onlar ayrı-ayrı şəxslərə yox, dövlətə və onun ordusuna qulluq ediblər. Arzu edirik ki, hər bir hərbçi ailəsi evlə təmin olunsun. Sonda istərdik ki, Müdafiə Nazirliyi də hər dəfə bir komandanı ”rasxod" a verib, hərbiçiləri evsiz-eşiksiz qoymaqla, özlərinə aid problemi başqa istiqamətə yönəltməsinlər". /musavat/
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP