Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

TV-lərdən seçmələr

...Sevir səni iqtidar

Incəsənət adamları heç nədən xoşbəxt olmağı bacarırlar. Bu hakimiyyət onlar üçündür; toylar, toyxanalar, efirlər, ekranlar, fəxri adlar, mükafatlar, kef, əyləncə... belə yaşamağa nə var.

Incəsənət adamları arasında hakimiyyətdən ən son mükafat alan 67 yaşlı tarzən Ramiz Quliyevdir. Prezident sərəncamında yazılıb: Ramiz Eyyub oğlu Quliyev (konsert-ifaçılıq fəaliyyətinə görə). Tarzənin ifaçılığına sözüm yoxdur, konsert fəaliyyətindən xəbərsizəm. Mükafat axşamı Ramiz Quliyev Ağdamsız qalan birisinə xas olmayan xoşbəxt görkəm və şuxluqla ANS-ə çıxıb prezidentə təşəkkür edərək belə dedi: “Oxu, tar, səni sevir iqtidar”. Və mən bu ifadə ilə tarzənin konsert fəaliyyətilə yaxından tanış ola bildim. “Oxu, tar, səni sevir iqtidar” məzəsindən sonra Ramiz Quliyevə əzəlki hörməti saxlamaq nə qədər çətin olsa da, xanım Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı altı cildlik sənədli-bioqrafik kitabını oxumaq sadəcə mümkün deyil. O üzdən deputat Elmira Axundovanın mükafata layiq görülməsinin əsl səbəbi mənim üçün qaranlıq qaldı. Yüzlərlə belə kitab var - altısının “qaşı-gözü qaramı çıxıb?”. Görün mükafatı alanda deputat xanım nə deyib: “Mənim üçün qiymətli odur ki, bu mükafatı mənə əsərimin qəhrəmanının oğlu verir”. Məşədi Ibad demiş, “heç hənanın yeridir?”. Dövlət mükafatlarının paylandığı Respublika günü ilə bağlı tədbirdə Ilham Əliyev tutduğu kursa xarakterik bir ifadə işlətdi: “1993-cü il əslində real müstəqilliyimizin ilk ilidir”. On ildən çox prezidentlik təcrübəsi olan Ilham Əliyev tarixin iki ilini bir həmlədə sildi. Bir tarixçi cınqırını çıxarmadı. Hər iki tərəfə afərin!

TV-dən eşitdim ki, H.Əliyevin 91 illiyi şərəfinə Gəncədə “91 min ağac əkək” kampaniyasına başlanıb. Elmar Vəliyev ağac əkə-əkə üzü Bakıya sarı gəlir. Əgər kampaniya gerçəkdən baş tutsa (mən onun “pripiska” olduğuna adım kimi əminəm) və Azərbaycanın sayı 70-ə yaxınlaşan rayonları bu təşəbbüsə qoşulsa, Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ibarət olacaq. Azərbaycanda ekoloji tarazlıq tamamən pozulacaq.

Təzəlikcə Ukraynada prezident seçkiləri keçirildi. Azərbaycan əzəlkilərdən fərqli olaraq bu seçkiyə müşahidəçi göndərmədi. ANS məsələni bu sayaq ictimailəşdirdi: “MSK-dan verilən məlumata görə, gərgin iş qrafiki ilə əlaqədar Azərbaycandan Ukraynadakı seçkiləri izləyən olmayacaq”. Amma özünə aid məsələlərdə (MTRŞ, GIN və sair) hər zaman söhbətin axırına çıxan ANS bu dəfə “gərgin iş qrafiki” söhbətini uzatmadı.

Ölkə telekanalları arasında 90-cı illərin kadrlarını tez-tez göstərməyi sevən bir AzTV-dir, bir də ANS. ANS dara düşəndə Çingiz Mustafayevə sığınır. AzTV prezident ailəsinin köhnə çəkilişlərinə. O çəkilişlərə baxanda adam adamları tanıya bilmir. Mayın 10-da efirini bütünlüklə Əliyevlərə həsr edən AzTV-yə görünür, ailədən kimsə baxmayıb. Ən azı Mehriban Əliyeva dövlət telekanalına baxsaydı, özünü AzTV-də görəndən sonra o kadrların bir daha göstərilməsinə qadağa qoyardı. AzTV-də göstərdilər; H.Əliyev fondu Həştərxanda knyaz Vladimirə abidə qoyub. Hacı Allahşükür Paşazadə Çeçenistanda Ramzan Kadırovun atasının məzarını ziyarət edib, anasının adına olan məsciddə namaz qılıb.

Və sonda bütün müxalifətçiləri ANS-in “Adam içində” verilişinə dəvət edirəm. Xeyli zamandır Elgiz “Adam içində”də işsizlərə iş paylayır. Azərbaycanda ən böyük işsizlər ordusu müxalifətdə olduğuna görə bu təklifi verdim.

Azadə/azadlıq
1916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber