Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

800 hərbçi generaldan haqqını tələb edir

Onlar Arzu Rəhimovdan pullarını istəyir

Sumqayıt şəhəri, 17-ci məhəllə, ev11/38, mənzil 14 ünvanında məskunlaşan Mehdi Əsədov II qrup əlildir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general Arzu Rəhimova ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. Mehdi Əsədov yazır:

“Mən II qrup hərbi xidmət əlili, müharibə veteranı, məcburi köçkün və Milli Onkologiya Mərkəzində mütəmadi kimya terapiyası qəbul edən təqaüdçü olaraq, 2003-cü ildə polkovnik-leytenant rütbəsində hərbi komissarlıqdan ehtiyata göndərilmişəm. Həqiqi hərbi xidmətdə olarkən istifadə etmədiyim növbəti məzuniyyət günlərinə görə mənə pul kompensasiyasının ödənilməsilə bağlı polkovnik Rövşən Əlvəndovdan sorğularımı əhatə etməyən cavablar almışam. Sonuncu dəfə Prezident Administrasiyasında qəbulda olarkən təqdim etdiyim ərizələrimə yenə də onun imzasıyla bu il aprelin 18-də aldığım cavaba baxmayaraq, problemim olunmayıb. Mən heç kəsdən kömək istəməmişəm və Rövşən Əlvəndovun bu minnətini qəbul etmir, sadəcə, halal haqqımı tələb edirəm. Odur ki, polkovnik Rövşən Əlvəndov göndərdiyi məktubun məzmununa diqqət yetirsə, yaxşı olar.

Indiyədək dövlət başçısının müvafiq fərmanı və Nazirlər Kabinetinin qərarıyla mənə verilməli olan pul vəsaitini ala bilmirəm. Bunun səbəbi mənə izah olunmur. Baxmayaraq ki, müvafiq qurumun idarə rəisi və tabeliyində olan şəxslər bu pulu çoxdan alıb. Hesab edirlər ki, sözügedən qurumun əməkdaşları və zabitlərinə bu pul hamıdan çox lazımdır. Mən və mənim kimi haqqı pozulmuş yüzlərlə təqaüdçünün maddi vəsaiti bəlkə onlara lazımdır?!

Vətəndaşları, xüsusilə də təqaüdçüləri bu cür incitməklə, onların haqqını tapdamaqla, onlara düşən məzuniyyət pulunu, sanatoriya, kurort və müalicə pulunu verməməklə, digər imtiyazlardan məhrum etməklə kimsə əbədi cəzasız qala bilməz. Onlar bir gün əməllərinə görə cavab verəcək.

Mənim kimi yüzlərlə yaşlı, xəstə və əlil təqaüdçülərin haqqının tapdanmasının, prezident və hökumətin bizimlə bağlı qarşıya qoyduğu tapşırığın yerinə yetirilməməsinin əsl səbəbi barədə bizə məlumat verilməlidir.

Prezident fərmanları və Nazirlər Kabinetinin qərarına açıq-aşkar etinasızlıq göstərmə faktına laqeyd qalmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verənlərin kökündən araşdırılmasını xahiş edirəm. Sıraları yavaş-yavaş seyrələn hərbçi təqaüdçülərin taleyinə biganə qalmayın, onlara çatası pulları sağlığında almalarına kömək edin.

Qeyd edim ki, bu problem təkcə mənim deyil, 800 nəfərə yaxın təqaüdçünün üzləşdiyi çətinlikdir. Mayın 31-də 8 nəfər təqaüdçü zabit bu məsələ ilə əlaqədar Arzu Rəhimovun qəbulunda olub. Arzu Rəhimov onları əliboş yola salıb və heç bir qaneedici cavab verməyib"./azadlıq/
1499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber