Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

Əsgərimiz 3 aya Hepatit B, sarılıq və suçiçəyinə necə tutulub...

Hərbi xidmətdə olarkən Hepatit B virusuna və sarılıq xəstəliyinə tutulan əsgər Nurlan Əliyevin valideynləri bu gün mətbuat konfransı keçirib.

Tədbirdə əsgər valideynləri Polad Əliyev və Sevda Əliyeva övladlarının bu xəstəliklərə hərbi xidmətdə olarkən tutulduğunu dedilər.

Bunun səbəbinin hərbi hissədə olan natəmizlik, əsgərlərin baxımsızlığı və tibb məntəqəsində olan hərbçilərin əsgərlərə qarşı laqeyd münasibəti ilə əlaqəli olduğunu deyən valideynlər övladlarının ölüm ayağında olduğunu söylədilər.

Əsgər atası Astara rayonu, Vaqon kənd sakini Polad Əliyev oğlunu 2014-cü il, yanvarın 21-də Gəncədəki 777 saylı hərbi hissəyə yola saldığını və sağlamlığında heç bir probleminin olmadığını dedi. P.Əliyev oğlunun tam sağlam olmasının Astara Rayon Hərbi Komissarlığı tərəfindən də təsdiqlədiyini söylədi.

P.Əliyevin sözlərinə görə, oğlu andiçmə mərasimindən sonra Gədəbəydə yerləşən 171 saylı hərbi hissəyə göndərilib və elə xəstəliklə bağlı problemləri də orada başlayıb: “Oğlum Gəncədə olarkən yanına getmişdim. Gözlərimlə görmüşəm. Heç bir problemi yox idi. Oğlumun xidmətindən zabitlər də razı idi. Mənə bunu deyəndə fəxr elədim. Nə oldusa, martın 31-də Gədəbəyə gedəndən sonra oldu. Orada olduğu üç ay ərzində baxımsızlıqdan, natəmizlikdən əziyyət çəkirdi. Suçiçəyi də tutmuşdu. Bir gün zəng edəndə dedi ki, ata, qızdırmadan yanıram, amma baxan yoxdur. Sonra Şəmkirə tibb məntəqəsinə göndəriblər. Müayinə edib deyiblər ki, kəskin bronxit xəstəliyi var. Amma heç müalicə etmədən yenidən xidməti yerinə qaytarıblar. Oğluma deyiblər ki, sən xidmətdən yayınmaq istəyirsən. Aprelin 8-də oğlumun vəziyyətinin pis olduğunu bilib Gədəbəyə getdim. 10 gün orada qaldım. Nə qədər xahiş-minnətdən sonra onun yenidən Gəncəyə gətirilməsinə, müayinə olunmasına nail oldum. Müayinə zamanı məlum oldu ki, oğlum Hepatit B virusuna yoluxub”.

P.Əliyev dedi ki, tibb məntəqəsində oğlunu görərkən gözlərinə inanmayıb. Onun sözlərinə görə, oğlu həddən artıq arıqlamış, rəngi isə saralmışdı: “Gördüklərimdən belə başa düşdüm ki, mən getməsəydim, oğlum elə orada öləcəkdi. Şəmkirdə tibb məntəqəsində müayinə olunmağa başladı. Oğlum deyirdi ki, tibb məntəqəsində olarkən onu işlədiblər. Odun, daş daşıtdırıblar. Mən özüm tibb məntəqəsinin həkimi Qafar Həsənovla görüşdüm. Mənə dedi ki, oğlun əsgər gəlməmişdən Hepatit B virusuna yoluxub, bir az müalicə alsın, sağalacaq. Qafar Həsənov oğluma deyib ki, sən yalan deyirsən, heç bir xəstəliyin yoxdur, talışlar möhkəm olur”.

Əsgər atası oğlunun hazırda Bakıda Mərkəzi Hərbi Hospitalda müayinə olunduğunu dedi, lakin düzgün diaqnoz qoyulmadığından şikayətləndi: “Oğlum mayın 5-də zəng eləyib dedi ki, onu müayinə üçün Bakıya göndərirlər. Sevindik ki, bu yaxşıdır. Oğlum Bakıya 39-40 dərəcə hərarət, sarılıq xəstəliyi, Hepatit B virusuna tutulduqdan sonra gətirilib. Hazırda Bakıda Mərkəzi Hərbi Hospitalının infeksiya şöbəsində yatır. Şöbə müdiri Azər həkimin nəzarətində müalicə olunsa da hələlik səhhətində yaxşılaşmağa doğru irəliləyiş yoxdur”.

Kənddə bənna işləyən Polad Əliyev oğlunun sağalması üçün əlindən gələni etdiyini, maşınını, mal-qarasını satdığını dedi: “Bu günə qədər nələr yaşamışıq, bir Allah bilir. Nəyim varsa, oğlumun yolunda xərcləmişəm. Maşınımı satdım, qardaşım bankdan kredit götürüb verdi. Onu da bu yollarda xərclədim. Amma hamısı oğlum üçündür. Təki oğlum sağalsın. Aidiyyəti qurumlara səslənərək xahiş edirik ki, bizə kömək eləsinlər. Artıq çarəsiz vəziyyətdə oğlumuzun gözlərimizin qarşısında əridiyini izləyirik”.  

Əsgər Nurlan  Əliyevin valideynləri övladlarının göz görə-görə məhv olduğunu və bir ömür boyu Hepatit B virusu ilə yaşayacağından narahatdır. Onlar övladlarının bu vəziyyətə düşməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir. Əliyevlər ailəsi bununla bağlı prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və müdafiə naziri Zakir Həsənova müraciət də etdilər./virtualaz/

1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.1