Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2014

“Hicab – Azərbaycana kənardan gəlmiş bir nəsnə deyil"

Hacı İlqar İbrahimoğlu: “Hicab – Azərbaycana kənardan gəlmiş bir nəsnə deyil, Azərbaycan insanının mental koduna yazılmış bir kateqoriyadır”

“Ölkə qanunvericiliyində, hər hansısa normativ-hüquqi aktda məktəbə hicabla gəlməyi məhdudlaşdıran hər hansı müddəa mövcud deyil. Sözügedən məhdudiyyət, sabiq təhsil nazirinin məktəbli formasının tətbiqi haqqında əmrinin icrası ilə bağlı yer almışdı. Bu da ölkə Konstitusiyasına, dini etiqad azadlığı ilə bağlı qanunvericiliyin müddəalarına zidd idi.”

Bu sözləri AzadXeber.net saytına DEVAMM sədri İlqar İbrahimoğlu “ölkə qanunvericiliyinə görə, hicablı şagirdlərin vahid məktəbli formasına riayət etməklə təhsil ocaqlarına gəlməsi, qanuna ziddirdimi”, - sualını cavablandırarkən qeyd edib.

Hicabın haradansa kənardan Azərbaycana gəlmiş bir nəsnə olmadığını söyləyən DEVAMM sədri, “hicab Azərbaycan insanının mental koduna yazılmış bir kateqoriyadır. Örpək, kəlağayı hər zaman Azərbaycan xanımının geyim formasının ayrılmaz atributlarından olub. Təəssüf ki, ateist bolşevizm dönəmində, hər bir milli-mənəvi təzahürlə dava edilib və milli özünüdərk matrisasında müəyyən geriləmələrə, reqreslərə nail olunub”, - deyə bildirdi:

“Hazırda milli özünəqayıdış prosesi yaşanır və bir çox digər sahələrdə olduğu kimi, hicabla bağlı da maariflənmə gedir, intibah yaşanır. Ana dilimiz, milli bayramlarımız öz yerini tutduğu kimi, milli-mənəvi dəyərlərin də bərpası, rekonstruksiyası sürəci müşahidə edilir. Əgər 20 il əvvəl milli jurnalistika, filologiya ilk addımlarını edirdisə, bu gün bu sahələrdə peşəkarların sayı minlərlədir. Əgər 20 il əvvəl Azərbaycanda hicablıların sayı yüzlərlə idisə, indi yüzminlərlədir.”

Hicabın şagirdlərin lazımı formada təhsil almasına və üstün elmi biliklərə yiyələnməsinə hansısa formada maneə törədə biləcəyinə dair səsləndirilən ittihamlara da münasibət bildirən İ. İbrahimoğlu bunları söylədi:

“Təhsilimizin problemləri bəllidir və ümumidir. Yeni nazir bu sahədə müəyyən addımlar atmağa çalışırsa da, dərindən kök salmış problemlər qalmaqdadır. Təbii ki, formaya diqqət etmək, məzmunu islah etməkdən daha asandır və bu səbəbdən, bürokratik təbəqə daim forma dəyişikliyinə üstünlük verir. Və məktəbli forması da bu qəbildən olan məsələ idi. Baxın, neçə ildir forma tətbiq edilib, valideynlər nə qədər əlavə xərc daşıyır, amma təhsilin səviyyəsi heç olmasa 1 faiz artıbmı? Əsla.
Ümid onadır ki, yeni nazir təhsil sistemində innovasiyaların tətbiqinə nail olacaq və bu taleyüklü sahədə vəziyyət kökündən dəyişəcək.”

“Beynəlxalq təcrübədə və dünyanın modern cəmiyyətlərində orta məktəblərdə hicab məsələsi necə tənzimlənir”, - sualını da cavablandıran İlqar İbrahimoğlu bildirdi ki, dünyada təhsilalanların geyiminə deyil, təhsilin keyfiyyətinə diqqət yetirirlər. İstər Qərbdə, istər Şərqdə təhsilin səviyyəsi ilə qayğılanırlar, nəinki formanın necəliyi ilə: “Və bu səbəbdən, ölkəmizdə mütəxəssislərin azlığı əsasən məhz xarici peşəkarların hesabına kompensasiya edilir. Dini etiqad azadlığı bütün dünyada ən çox müdafiə olunan hüquqlardandır. Bu səbəbdən, cüzi istisnalar olmaqla, əksər ölkələrdə hicabla bağlı heç bir məhdudiyyət yoxdur. Biz xüsusi araşdırma aparmışıq, dünya ölkələrinin mütləq əksəriyyətində istər orta məktəblərdə, istərsə də ali məktəblərdə hicab tam azaddır. Bəli, bəzi yerlərdə islamofobiya təzahürləri hicabofobiyaya da keçir, amma bu, istisnavi hallardır, tendensiya tam əksinədir.”

Sonda hüquq müdafiəçisi bildirdi ki, bizim nəhəng pedaqoji potensial, bürokratik formatın məngənəsindən qurtulsa, çox müsbət nəticələr əldə ediləcəkdir: ” Ölkə pedaqogikası zəngin təcrübəyə, kifayət qədər elmi potensiala malikdir. İnşəallah ki, bunu müsbət məcraya yönəltməklə həqiqi və gerçək dəyişikliklərə nail olmaq mümkündür.”


Birlik.az
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu