Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Neft Fondu necə talanır?

Gələcək nəsillərə saxlanılmalı olan 101 milyardın 65 milyardı artıq xərclənib

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2001-2013 illərdə daxil olan vəsaitlərin həcmi 101 mlrd. dollar olub. Bu barədə ARDNF-nin illik hesabatında yer alan məlumatda bildirilir.

Daxilolmaların 64%-i istifadə olunduğu halda, 36 faizi yığıma yönəlib. Ötən il ARDNF daxil olan vəsaitlərin həcmi 17 mlrd. 329,2 mln. manat olub ki, ondan 9,5 faizi yığıma yönəlib. Bundan başqa, 2012-ci fonda daxil olan vəsaitlərin həcmi 17 mlrd. 405,4 mln. təşkil edib ki, ondan 24,9 faiz fondda qalıb. Hesabatda bildirilir ki, 2003-2013 illərdə ARDNF-dən dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 mlrd. manat, o cümlədən 2013-cü ildə 11,35 mlrd. dollar təşkil edib.

Ötən ilin sonuna ARDNF-nin aktivləri 5,12 faiz artaraq 35 mlrd. 877,5 mln. manat təşkil edib. Onu da qeyd edək ki, aktivlərin 90 faizi yüksək gəlirli qiymətli kağızların payına düşür.

Ötən il ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,77 faiz təşkil etdiyi halda, son 7 ildə portfelin orta gəlirliliyi 2,46-ya bərabər olub.

Maraqlıdır ki, hələ Neft Fondu yaranarkən neftdən gələn gəlirin gələcək nəsillər üçün yığılacağı və bunun fondun nizamnaməsində əksini tapmasına baxmayaraq hazırda fərqli mənzərə yaşanır.

Məhəmməd Talıblı: «Xalqın əsas gözünü dikdiyi neft pullarının belə sürətlə xərclənməsi narahatlıq doğurur»

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblının fikrincə, NF-nin aktivlərinin belə sürətlə xərclənməsi bir neçə amil baxımından düzgün deyil. Bu birincisi, vəsaitlərin şəffaf və səmərəlilik əmsallarının aşağı olması baxımından yanlışdır. Digər tərəfdən isə hazırda müşahidə olunan neft gəlirlərinin idarəedilməsi ilə bağlı qəbul olunmuş qanunvericiliyə ziddir: «Birinci amilin təhlili ilə bağlı onu demək lazımdır ki, həmin vəsaitin yalnız investisiya xərclərinə yönəldilməsi bir neçə səbəbdən doğru deyildir. Həmin layihələr üzrə yüksək korrupsiya risklərinin olması və onun xərclənməsindəki zəif hesabatlılıq narahatlıq yaradan məsələdir. Onu da qeyd edək ki, həm dövlət büdcəsi vasitəsilə, həm də Neft Fondunun maliyyələşdirdiyi investiisya layihələrində çox ciddi qaranlıq məqamlar olub. İnsafən, dövlət büdcəsi vasitəsilə xərclənən vəsaitlərdən fərqli olaraq Neft Fondunun özünün maliyyələşdirdiyi layihələr nisbətən daha az riskli olub. Amma ümumilikdə xalqın əsas gözünü dikdiyi neft pullarının belə sürətlə xərclənməsi çox narahatedicidir. Sanki, bizim hökumət harasa tələsərək həmin vəsaiti daha sürətlə xərcləyir. Onun əsaslandırılması müxtəlif ola bilər. Amma biznes üçün infrastrukturun formalaşdırması arqumentlərinin vaxtı keçmədimi? Daha neçə illəri xalq gözləməlidir ki, investiisya layihələrinə geninə-boluna pul xərclənsin, sonra əhalinin sosial-müdafiə sisteminin möhkəmləndirilməsinə pul tapılar».

M.Talıblının fikrincə, burada ikinci məqamı da nəzərə almaq lazımdır. Çünki bu vəsaitin belə sürətlə xərclənməsi hökumətin özünün qəbul etdiyi qanunvericilik normalarına ziddir. Çünki, ölkə prezidentinin özünün sərəncamı ilə qəbul etdikləri “Neft-qaz gəlirlərinin uzunmüddətli idarəedilməsi üzrə strategiya”da açıq qeyd olunur ki, neft-qaz gəlirləri özünün ən pik nöqtəsinə çatarkən, ən yaxşı halda mövcud aktivlərin 75 faizi xərcləməklə, 25 faizini yığıma yönəldilməlidir. «Amma biz görürük ki, artıq bu həddə xeyli yaxınlaşmışıq. Bu artıq narahatedici məqamdır», deyə M.talıblı vurğuladı.

Bəs, infrastruktur layihələrinə xərclənən 65 milyard vəsaitin neçə faizi korrupsiyanin qurbanı olub? M.Talıblının fikrincə, neft gəlirlərinin idarəedilməsi ilə bağlı siyasət və onun məqsədləri xalqa izah edilməlidir. Bu həm ictimaiyyət qarşısında fondun öz addımlarını əsaslandırması həm cəmiyyətdə fondun şəffaf idarəçiliyi baxımından çox vacibdir: «Çünki, Neft Fondunun da sahib çıxdığı Suveren Fondlarla bağlı “Santyaqo prinsipləri” ümumi qəbul olunmuş prinsip və normalar üzrə Qiymətləndirmə (may, 2012) sənədində qeyd olunur ki, Suveren Fondların investisiya siyasətinin məzmunu ictimaiyyətə açıqlanmalıdır. Yəni, fond investisiya siyasəti ilə bağlı atdığı hər bir addım haqqında ictimaiyyəti məlumatlandırmalıdır.Əgər belə açıqlanmalar və hesabatlılıq yüksək səviyyədə olarsa, korrupsiya riskini özündə daşıyan əlavə məlumatların ictimailəşməsinə də ehtiyac qalmaz. Amma görəndə ki, hesabatlılıq zəif, şəffaflıq və səmərəlilik çox aşağı səviyyədədir, o zaman həmin layihələrdən korrupsiya “iyinin” gəlməsi qənaətəinə gəlmək olur»./azadlıq/
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...