Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

“Hafka”nın satışa çıxardığı mülkündən reportaj - (Fotolar)

Son bir ay ərzində ölkə mətbuatının gündəmində olan məsələlərdən biri də “Bakı” futbol klubunda yaşanan problemlərdir.

Bəli, bu məsələ artıq ictimailəşib və bütün ölkənin diqqət mərkəzindədir. “Bakı”da nə baş verir? Hər kəs bu suala cavab axtarır.

Rəhbərliyi susan “Bakı”nın...

May ayı başlar-başlamaz paytaxt təmsilçisində problemlər üzə çıxmağa başladı. Əsas komandanın üzvləri 34-cü tur çərçivəsində “Qəbələ”ylə səfərdə baş tutmalı olan oyuna çıxmaqdan imtina etdilər.

Futbolçular səbəb kimi dörd aydı maaş almadıqlarını söylədilər. Xahiş və vədlərdən sonra oyunçular meydana çıxsalar da, onlardan bəziləri “Bakı”da qalmaq niyyətində deyildilər. Baş məşqçi Milinko Pantiç də problemlərin çoxluğundan şikayətlənirdi. Klubun bazasının işıqsız və susuz qalması da problemlərin necə qabarıq olduğunu göstərirdi. Yaşanan hadisələr təkcə klubun özüylə kifayətlənmirdi.

“Zolaqlılar”ın prezidenti Hafiz Məmmədovun sahibi olduğu digər şirkətlərdə də eyni vəziyyət hökm sürürdü. Məmmədovun başının “Lans” və “Atletiko”ya qarışması əsas səbəb kimi göstərilsə də, bəzi mənbələrdə onun artıq Azərbaycanda çalışmağa həvəsi qalmadığını, burdakı işlərindən bezdiyi bildirilirdi.

Məmmədov mayın ortalarında Bakıya qayıtdıqdan sonra bütün problemlərin qısa zamanda aradan qaldırılacağını söylədi. Amma hər şey o gedəndən sonra daha da pisləşdi. Bəzi oyunçular başqa klublarla danışıqlara başladı. Aralarında danışıqları müsbət nəticələnənlər də oldu.

Bir neçə gün əvvəl isə şok effekti yaradan başqa bir xəbər yayıldı. Belə ki, “Bakı”nın bazasının 80 milyon manata satışa çıxarıldığı söylənildi. Bu isə bütün bu baş verənlərin pik nöqtəsi idi. “Bakı” rəhbərliyinin bu xəbərə reaksiya verməməsi şübhələri daha da artırdı.

 

...bazasında sükut hökm sürür

 

Bu xəbərin yayılmasından sonra qərara gəldik ki, bazanın hazırkı durumu ilə tanış olub, dəyərini müəyyənləşdirməyə, eyni zamanda, klub rəsmilərindən kiminsə bu məsələylə bağlı fikirlərini öyrənməyə çalışaq. Ona görə də yollandıq Biləcəri qəsəbəsində yerləşən bazaya.

Bakı-Sumqayıt yolunun kənarında yerləşən təlim-məşq bazası şəhərə yaxındı, ərazisi 10 hektardır. Biz ora yollandığımız zaman klub rəsmilərindən heç kim yox idi. Bazada çalışan texniki işçilər bildirdilər ki, komanda istirahətə buraxıldığından, heç də hamı iş başında olmur. Sonra isə bazanın indiki durumuna göz gəzdirdik. Bazanın daxilində biri qapalı olmaqla iki süni, bir təbii örtüklü meydança yerləşir.

3 min nəfər tutumu olan təbii örtüklü meydançada əsasən “Bakı” ev oyunlarını keçirir. Həmin meydançanın üç tərəfi tribunadan ibarətdi. İki tribunada təmir işləri hələ də davam edir. Meydançaların yanında ictimai obyektlər yerləşir. Daha sonra isə bazanın ofis, istirahət otaqları və trenajor zalının yerləşdiyi bina gəlir. İşçilər orda olmadığından, qapılar bağlı idi.

Eyni zamanda boş ərazilərdə kiçik otelin tikilməsi planlaşdırılsa da hələ ki, heç bir iş görülməyib. İşçilər bazanın satışa çıxarılması ilə bağlı xəbəri təəccüblə qarşıladılar. Belə bir məlumatlarının olmadıqlarını da bildirdilər. Onlar futbolçulardan fərqli olaraq, maaşla bağlı problemin yaşanmadığını, hansısa çətinlik yaşadıqları halda rəhbərlik tərəfindən köməyin əsirgənmədiyini bildirdilər. Bazada işıq, su probleminin olması ilə bağlı xəbərləri işçilərin diqqətinə çatdırdıq. Ancaq onlar artıq belə problemin olmadığını söylədilər. Hətta inandırmaq üçün su kranını açıb suyun gəlib-gəlmədiyini yoxlamağımızı da təklif etdilər.

Bazanın 80 milyon manata satılacağı xəbərinə gəlincə, ətrafda yaşayan insanlardan aldığımız məlumata görə, həmin ərazidə bir sot torpağın dəyəri 30-40 min manat arasında dəyişir. Belə olan halda klubun bazasının torpaq sahəsinin dəyəri 30-40 milyon manat arasındadı. İnfrastruktur xərclərini də nəzərə alsaq, əslində, bazanın dəyər-dəyməzinə satıla biləcəyini söyləyə bilərik. Qeyd edək ki, gəzən şayiələrə görə, təlim-məşq bazası “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimova təklif edilib. Amma hələlik hər şey qaranlıq qalır. Hafiz Məmmədov başda olmaqla bütün klub rəhbərliyi susmağa üstünlük verir (“Komanda” qəzeti).

1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43