Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Dustaqlar İlham Əliyevi həbsxanaya dəvət etdilər

12 saylı cəzaçəkmə müəssisəsində baş verən tükürpədici işgəncə, korrupsiya və narkomaniya onları buna vadar edib

Penitensiar Xidmət isə məktubda yazılanların doğru olmadığını bəyan edir

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslar dövlət başçısı Ilham Əliyevi həbsxanaya dəvət ediblər. “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansından “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir qrup məhbus Ilham Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət edib.

Məhbusların telefon danışıqlarından hər ay 25 min qazanc...

Müraciəti imzalayan məhbuslar Tofiq Baxşıyev, Bayram Abdullayev, Ceyhun Hüseynov, Ramil Abdullayev, Arzu Orucov, Tərlan Əliyev, Mübariz Cabbarov və başqaları Ilham Əliyevin yolunu gözlədiklərini deyirlər:
“Biz məhkəmənin hökmü ilə məhkum edilib cəza çəkirik. Şəxsi maraqlarına görə cəzaçəkmə müəssisəsini açıq bazara döndərən rəis Rauf Məmmədov, onun müavini Qaçay Aslanov, işgəncələr ”kral"ı Babək Isgəndərov özləri şəbəkə yaradıblar. Bunun qarşısı alınmasa, ağır nəticələrə səbəb olacaq. Müəssisədəki korrupsiya, özbaşınalıq, işgəncə, narkotik satışı nəticəsində 2 məhkum dünyasını dəyişib, xəsarətli məhkumlar hələ də işgəncədən əziyyət çəkirlər, imkanlı məhkumlara xüsusi şərait yaradılıb, imkansızlar alçaldılır.
Müəssisədə açıq-aşkar narkotik satılır. Bu əməl ölümlə nəticələnsə də, yenə qarşısı alınmır. Bu il mayın 6-da məhkum Umudov Cavid Cavidan oğlu yüksək dozada narkotik qəbul etdikdən sonra dünyasını dəyişdi. Məhkumların həftədə 2 dəfə 15 dəqiqə olmaqla, doğmaları ilə telefon əlaqəsi saxlamaq hüququ var. Ancaq rəhbərlik bazar qanunlarına və qiymətlərinə əsasən hərəkət edir - həftənin bütün günləri, günün bütün saatlarında bir çağırışa 5 manat ödəməklə, istənilən vaxt telefonla danışmaq olar. Müəssisə rəhbərliyi telefondan hər ay 25 min manatdan çox pul qazanır. Idman zalında məşqə görə ayda 20, nömrə hamamda yuyunmaq 5, çamaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. Cəzaçəkmə müəssisəsində 3 kafe fəaliyyət göstərir ki, orada bir dəfəlik yeməyin qiyməti 3 manatdan 7 manata kimidir. 1 çaynik çay 2, filmə baxmaq 1, çarpayının birinci yarısında yer almaq 150 manatdır. Karantində məcburi əməyə cəlb edilməmək üçün 200 manat ödəməlisən. Əks halda, işləməsən, ağır işgəncələrə məruz qalıb, karsa salınıb, haqqında tənbeh tədbiri tətbiq ediləcək".

“Dalaşan məhkumlardan pul alınır, imkanı olmayan ”karsa" düşür, işgəncəyə məruz qalır"

Məhbuslar yazır ki, Rauf Məmmədov və onun müavini Qaçay Aslanov eyni gündə - 29 dekabr 2013-cü il tarixdə bu vəzifəyə təyin olunub. Həmin vaxta qədər müəssisədə kompüter tədrisi üçün xüsusi otaq ayrılıb: “13 ədəd kompüterdə məhkumlara pulsuz dərs keçilirdi. Bu adamların təyinatından sonra dərslər ləğv edildi və kompüterdə saatı 5 manat olmaqla, oyunlar oynamağa çevirdilər. Səhər saat 10.00-dan axşam saat 21.00-dək 13 ədəd kompüterdə saatı 5 manata oyun oynanılır ki, bu ayda 20-25 min manat edir”.
Dustaqlar onu da bildirirlər ki, məhkumları tez-tez təxribata çəkib onlardan pul alırlar: “Rəhbərliyin ağır, dözülməz işgəncələri nəticəsində müəssisədə çoxlu sayda yaralı-xəsarətli məhkumlar var. ”Kars"da qan su yerinə axır. Hər ay saçlar qırxılır. Saç saxlamaq üçün aya 10 manat pul ödəməlisən. Buna görə ən azı, 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs bunu aydın görə bilər. Mağazada hər şey beş qat baha satılır. Məhkumlara verilən qidalar yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən pis qoxu gəlir. Məhkumlara ayrılmış ərzaq mağazada və əldə satdırılır. Çürümüş kartof-soğandan, texniki yağdan, vaxtı ötmüş ərzaqdan hazırlanan yeməyi daimi yeyib sağlam qalmaq mümkünsüzdür. Elə buna görədir ki, müayinədən keçirilən zaman 700-ə yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edilib. Yataqxanalarda sıxlıq, anti-sanitariya, havasızlıq hökm sürür. 1 korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da, cəmi 3 tualet, 3 su kranı var ki, bu da uzun-uzadı növbələr yaradır. Bu növbələrə görə mübahisələr, davalar olur. Davalardan da ancaq müəssisə rəhbərliyi yararlanaraq, məhkumlardan pul alır. Əks halda, karsa salıb, işgəncə verirlər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar 1 aya 300 manat verib, uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri 150-200 manat rüşvətlə tətbiq edilir".

“300-dən çox məhkumun pulu mənimsənilir”

“Bu ilin noyabr ayınadək 400 nəfər məhkumun cəzasının sonudur. Onlar cəzalarının dörddə üç hissəsindən çoxunu çəkiblər, ancaq rüşvəti verə bilmədikləri üçün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər. Çünki məhkəməyə işləri cəzaçəkmə müəssisəsinin rəhbərliyi təqdim edir. Məhkuma qohumunun verdiyi hər 100 manata görə rəhbərlik 30 manat alır. Rəis məhkumların yoxlanılması vaxtı söyüşlər söyür. Müəssisədə 300-dən çox məhkumun adı işə yazılıb. Onların əvəzinə rəhbərlik imza edir, əməkhaqları mənimsənilir. Bu da hər aya 20 min manat edir. Cəmi 60-70 nəfər işləyir. Müəssisədə istehsal olunan nərdtaxtalar, təsbehlər, evciklər və başqa əşyalar satışa çıxarılır, əldə edilən pullar rəhbərliyə çatır. Dövlətə heç bir vergi ödənilmir. Ümumiyyətlə, burada dövlətin heç bir qanunları işləmir”, - deyə müraciət müəllifləri bildirir.
Mətbuat vasitəsilə Ilham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova, Baş prokuror Zakir Qaralova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, Ombudsmana, deputatlara, Ictimai Komitənin üzvlərinə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, hüquq müdafiəcilərinə müraciət edən məhkumlar müəssisə rəhbərliyi barəsində qanuni tədbir görülməsini xahiş edirlər./azadlıq/
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı