Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

O etikadan sizdə niyə yoxdur?

Gözünüz aydın olsun. YAP-dan Fransa prezidentinin müxalifətlə görüşünə münasibət bildirilib. Əvvəla qeyd etmək lazımdır ki, əzəmətli hökumətimizin komandasında bəzi şəxslər olmasaydı, bu ölkə çox cansıxıcı görünərdi. Belə ki, bu unikal şəxslərin açıqlamaları, təklifləri, iradları insanı valeh edir və dinlədikcə doymaq bilmirsən.

Belə şəxslərdən biri də, hamımızın sevimlisi, YAP icra katibinin müavini Siyavuş Novruzovdur. Millətimizin vəkili, Fransa prezidentinin müxalifətlə görüşünə belə aydınlıq gətirib: “Burda başqa məsələdən söhbət gedə bilməz. Düzdür, müxalifət nümayəndələri bu görüşü yüksək qiymətləndirir ki, guya onlara dəstək gəlib. Amma əslində bu, sadəcə, etika xatirinə olan bir görüşdür. Çünki adətən istənilən Avropa ölkəsinin prezidenti, o sıradan ABŞ rəsmiləri hansısa ölkəyə gedəndə, orada bütün təbəqələrin nümayəndələri, QHT və siyasi partiya rəhbərləri ilə görüşürlər”.

Xatırlayırıq ki, Fransa prezidenti müxalifətlə görüşənə qədər, hakimiyyətin nəzarətində olan bütün sayt və qəzetlər, müxalifətlə görüşün olmayacağından yazırdı. Yəni hakimiyyət bütün vasitələrə əl atmışdı ki, bu görüş baş tutmasın. Deməli, hakimiyyət çalışırmış ki, Fransa prezidentini “etikasız” etsin. Siyavuş müəllim də onu etiraf etmiş olur ki, müsyo Ollandı etik davranışdan çəkindirə bilməyiblər.

Bu məqamda bir hadisəni də xatırlamaq istəyirəm. Yəqin çoxlarınızın yadında olar. 22 ölkənin səfiri və beynəlxalq təşkilatların nümayəndələri Müsavat partiyasının qərargahında müxalifətlə görüşmüşdü. Həmin vaxt bu görüş hakimiyyətə necə od vurmuşdusa, hamısı tüstülü gəzirdi. Siyavuş müəllim etiraf edir ki, ABŞ və Avropa rəsmilərinin belə görüşlər keçirməsi adətdir. Bəs, Qərbin adət-ənənəsi sizi niyə narahat edir? Niyə öz “ənənə”lərinizi dünyaya qəbul etdirməyə çalışırsınız?

Suallar çoxdur və cavabları intizarla gözləyirik. Qayıdaq deputatımızın “etika” açıqlamasına. Görəsən, bu etikanı YAP hakimiyyəti niyə öz vətəndaşlarına nümayiş etdirmir? Əgər “etika” müsbət anlayışdırsa, niyə biz bunun əksini müşahidə edirik?

Müxalifət liderinə posport verilməməsi, müxalifət partiyasının qərargahının partladılması, müxalifətin 20 ildən artıqdır televiziyaya buraxılmaması, müxalifətçilərin “narkoman”, “ermənipərəst”, “ünsür” adlandırılması da etikadırmı?

Bəlkə, “etika” anlayışına münasibət də sizin daxili işinizdir? Mümkündür ki, Yeni Azərbaycan adətlərinə görə, “etika” anlayışı, “yaltaqlanmaq”, “şərləmək”, “sıradan çıxarmaq” mənasını daşıyır.

Maraqlı olar ki, hökumətimizin sayğıdəyər nümayəndələri bu terminlə bağlı ictimaiyyətə məlumat versinlər. Düşünürəm ki, dəyərli deputatlarımız Aristotelin “Böyük etika” əsərindəki çatışmazlıqları da aradan qaldıra bilərlər. Qısası, ya etiraf edin ki, tamamilə etikadan imtina etmisiniz, ya da etik normaların dövlətçiliyə zərbə vurduğunu sübuta yetirməyə çalışın.

Bəzən heyrət hissi adamı o qədər bürüyür ki, deməyə söz də tapmırsan. Qəribədir, həmin etikalı ABŞ və Avropa rəsmiləri demokratiya tələb edəndə niyə “inkişafımızı gözü götürməyən”, “daxili işimizə qarışan”, “molotov kokteyli sifariş verən” şəxslərə çevrilirlər? Ola bilər ki, bizim savadımız “balans” siyasətinin fəlsəfəsini dərk etməyə yetmir və buna görə də çoxlu suallar veririk. Ancaq indiki reallıqda bu qənaətə gəlmək olur ki, möhtərəm hakimiyyətimiz ETIKA anlayışına da nifrət etməyə başlayacaq.

İlham Hüseyn/azadlıq
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP