Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

“Rusiyada yaşamaq çətinləşib”

“Sadovod”da çalışan soydaşımız Moskvadakı son olaylar haqda qəzetimizə danışdı; bir bazar sahibi isə həbs olundu
Rusiyanın paytaxtı Moskvada miqrantlara qarşı başladılan kampaniya davam etdirilir. Rusiya mediasının yaydığı xəbərə görə, oktyabrın 28-də saat 11 radələrində “Sadovod” ticarət mərkəzində miqrantlara qarşı əməliyyat keçirilib. Avtobuslarda ticarət mərkəzinə gətirilən polis qüvvələri bazarda olan insanların şəxsiyyətlərini ayırd etmək üçün miqrantları kütləvi şəkildə saxlayıblar.

Mediada gedən məlumatlara görə, bazarda çalışanların əksəriyyəti azərbaycanlılardır. Qeyd olunur ki, polislər miqrantların ölkə ərazisində qalma müddətini yoxlayır və əgər onlar bu müddəti aşıblarsa, ölkədə çıxarırlar.

Ötən gün “Sadovod” ticarət mərkəzində çalışan həmyerlilərimiz Pərvin Mehdizadə ilə söhbət etdik. Ticarət mərkəzində dükan sahibi olan, özü isə Rusiya vətəndaşlığını qəbul eləmiş həmyerlimiz Moskvada durumun pisləşdiyini, azərbaycanlıların qorxu içində olduğunu bildirdi: “Durum gündən-günə pisləşir. Bu gün (oktyabrın 28-də-red.) ”Sadovod" bazarına “OMON” hücum edib. Adamları “şmon” edib aparıblar. İndi elə bir vəziyyət yaradıblar ki, insanlar öz xoşları ilə vətənə qayıtmaq istəyirlər. Yollarda postları gücləndiriblər, silahlı “OMON” qoyulub. İki gün bundan qabaq heç bir qanunu pozmadığımız halda bizi saxladılar. Və “OMON”-çular bizə söz atdılar, bir müddət mübahisə etdikdən sonra vətəndaşlığım olduğu üçün bir şey edə bilmədilər, buraxdılar".
P.Mehdizadə deyir ki, hələlik özünün qonşularla münasibətlərində problem yaranmasa da, ümumilikdə gəlmələrə qarşı münasibət pisləşib: “Mən Rusiya vətəndaşıyam, həm də qonşularımız pis adamlar deyil. Bizim rayonda azərbaycanlı çoxdur. Əksəriyyətinin Rusiya vətəndaşı olmasına baxmayaraq, iki gün bundan əvvəl "OMON" hücum edərək parkda hamilə qadınları, uşaqlıları da saxlayaraq avtobusa yığıb aparıb. 20 avtobus olub, hamısına da adam doldurub aparıblar. Bundan başqa, bazarın yaxınlığına çoxlu sayda hərbi maşınlar da gətirilmişdi. Nə üçün gətirildiklərini bilmirəm. Metroda və nəqliyyatda da miqrantlara münasibət çox pisdir, tez-tez hücumlar olur. Əcnəbilərin çoxu hazırda evdən çıxa bilmir. Vətəndaşlığı olanların problemi yoxdur, amma miqrantlar üçün çox çətindir. Bununla belə, hətta vətəndaşlığı olanları belə saxlayıb yoxlayırlar, sorğu-sual edir, incidirlər”.

P.Mehdizadə deyir ki, hazırda davam edən vəziyyət Moskvada kriminal durumun daha da pisləşəcəyi ilə bağlı narahatlıq yaradır. Eyni zamanda soydaşımız deyir ki, Moskvada çirkli işlərin əsas hissəsini miqrantlar gördüyü üçün son hadisələrdən sonra Rusiya paytaxtında təmizlik problemləri yaranmağa başlayıb: “Artıq rusların özləri də narahatlıqlarını bildirirlər ki, belə davam etsə, xidmət sahəsində təmizlik problemləri yaranacaq, zibil baş alıb gedəcək. Luber rayonunun meri çıxış edib dedi ki, miqrantlar olmasa bura məhv olacaq. Deyir ki, siz ruslardan danışırsınız, amma bizim ruslar işləmir. Ona görə də problemlər daha da çoxalacaq. Görünən odur ki, Moskva rəhbərliyi şəhəri bütövlükdə qanunsuz yaşayan miqrantlardan təmizləməkdə qərarlıdır”.
Pərvin Mehdizadə deyir ki, “Sadovod” bazarında işçiləri apardıqdan sonra bazarın bir gün işləməyəcəyi elan olunub. Ancaq həmsöhbətimiz bildirdi ki, Moskvada gəzən söhbətlərə görə, bir neçə böyük bazar bağlanacaq: “Belə məlumatlar gəzir ki, bir neçə böyük bazar bağlanacaq. Amma məni daha çox narahat edən azərbaycanlılara münasibətdir. Burada daha əvvəl də bu cür hadisələr olub, amma hamilə qadınları və uşaqlı qadınları polisin avtobusa doldurub şöbəyə aparması olmamışdı. Əvvəllər maşını saxlayırdılar, içəridə qadın, uşaq görəndə buraxırdılar. Az hallarda uşaqlı qadınlardan sənəd istəyirdilər. Xüsusən də son olaraq ötən həftə hicablı qadının terror törətməsi hadisəsindən sonra münasibət dəyişib. Əvvəllər bu cür münasibətlər yox idi. Belə vəziyyət bir gün partlayacaq, ciddi qarşıdurma ola bilər. Bizi indi əsas narahat edən burda dindarlara münasibətdir. Narahatçılığımız odur ki, uşaqlar artıq böyüyür, qızlar hicab bağlayır. Burda isə hicaba münasibət pisləşib. Bu cür vəziyyətdə Moskvada yaşamaq mümkün deyil, vətənə qayıtmalı olacağıq. Çünki belə getsə, axırımız həbsxana olacaq”.
Lent.az-ın məlumatına görə, oktyabrın 28-də Moskvada “İzmaylov” bazarı kimi tanınan Qapalı Səhmdar Cəmiyyətin “İzmaylov” Kompleksinin sahibi Aydın İsayev həbs olunub. O, iqtisadi cinayətkarlıqda ittiham olunur. Aydın İsayev miqrantları əmək fəaliyyətinə qeyri-qanuni cəlb etməkdə təqsirləndirilir.

KƏNAN/Musavat
2002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01