Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

MSK 45 milyon manatı hara xərcləyib?

Azərbaycan kimi ölkələrdə seçkilərdə çəkilən xərcləri də müəyyənləşdirmək mümkün deyil. İndiyədək hansı namizəd təbliğat-təşviqat kampaniyasında nə qədər pul xərclədiyini açıqlayıb? Onların sayı çox azdır. Qalib gəlmiş namizəd isə, ümumiyyətlə, bu haqda danışmağı kommersiya sirri sayır. Əslində, toxunmaq istədiyimiz məsələnin kökündə seçkilərə çəkilən xərclər dayanır. Sivil dövlətlərdə bütün xərclər rəsmi şəkildə ictimaiyyətə açıqlanır; həm namizədlər, həm də dövlət tərəfindən. Namizədlər tutaq ki, xərclərini «kommersiya sirri» hesab edir, bəs Azərbaycan dövləti öz xəzinəsindən seçkiyə ayırdığı vəsaiti niyə açıqlamır?
9 oktyabr prezident seçkiləri üçün Mərkəzi Seski Komissiyasına 45 milyon manat vəsait ayrılıb. Bu vəsait dairə və məntəqə seçki komissiyaları üzlərinin maaşlarına, maarifləndirici işlərin təşkilinə və sair tədbrlərə xərclənib.
Lakin 2010-cu ildə parlament seçkiləri üçün büdcədən MSK-ya 34 milyon manata yaxın vəsait ayrılıb. İki seçkinin xərc büdcəsi arasında 11 miylon manatlıq fərq var.
Arada 3 illik fasilədə nə dəyişdi? MSK qeyri-adi hansı mexanizm tətbiq etdi, işçilərin məvacibləri nə qədər artdı ki, komissayaya ayrılan vəsait 11 milyon manat çox oldu? Bəlkə, prezident seçkilərinə çəkilən xərc parlament seçkiləri ilə müqayisədə baha başa gəlir?
Bu suallara aydınlıq gətirmək üçün aidiyyəti orqana və ekspertə müraciət etdik.
MSK-nin mətbuat xidmətinin rəhbəri Azər Sarıyev «Bizim Yol»a açıqlamada sözügedən fərqi araşdırmaq üçün maliyyə sənədlərinə baxmağın gərək olduğunu bildirdi: «Büdcədən ayrılan vəsait seçki təyin olunmamışda öncə maddələr üzrə bölünür. Bura əlavə, veb-kameraların quraşdırılması, seçkilərin təşviqi ilə bağlı maarifləndirici roliklərin təşkili, materialların dərc olunması və sair bu kimi tədbirlər üçün ayrı-ayrı maddələr üzrə xərclər müəyyənləşir. Həmin vəsait seçkinin elan olunması ərəfəsində istifadə edilməyə başlanır. Amma konkret olaraq, bu xərcləri bir-bir söyləmək, hansı sahədə artımların olduğunu demək üçün araşdırma tələb olunur. Qısa müddətdə bütün detalları araşdırıb deyə bilmərəm. Bunun üçün smeta sənədlərinə baxmaq lazımdır».
A.Sarıyev sonuncu seçkilərdə maarifləndirici materrialların, video-roliklərin miqyasının daha da genişləndiyini qeyd etdi.
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, məntiqlə parlament seçkiləri daha çox xərc aparan prosesdir: «Çünki dairlər üzrə namizədlərin sayı çox olur. Hər dairədə hər namizədlə bağlı ayrıca iş aparılmasına, onlara nəzarət həyata keçirilməsinə, çağırışların edilməsinə, bildirişlərin çatdırılmasına daha çox xərc tələb olunur. 2010-cu ilin parlament seçkilərində 125 deputat yeri uğrunda 2 mindən çox namizəd mübarizə aparırdı. 2 min namizədin qatıldığı seçki prosesinə çəkilən xərc daha yüksək olmalıdır, nəinki 10 nəfərin qatıldığı ümum respublika üzrə prezident seçkilərinə».
Təbliğat-təşviqat kampaniyasına gəlincə, ekspertə görə, MSK-nın bu dəfə çap etdiyi materiallar parlament seçkiləri ilə müqayisədə çox deyildi: «Seçkiyə çağırış plakatları, video-roliklərin yayımlanması və sair bu kimi tədbirlərin həcmi hər ikisində eyni olub. 11 milyon manatlıq fərqin yaranması, əslində, çox böyük bir məbləğdir. Son iki ildə xərcin bu qədər artması müxtəlif suallar yaradır».
N.Cəfərli bu müddət ərzində ölkədə nə güclü inflyasiya, nə də məvacib artımı olduğunu bildirdi: «Rəsmi məlumatlara görə, son üç ildə inflyasiya səviyyəsi çox aşağı olub. Əgər inflyasiya çox olsaydı, o zaman qiymətlərin bahalşmasını əsas gətirə bilərdik. Amma yüksək olsa belə, bu, MSK-ya ayrılan vəsaitin 25 faizdən yuxarı artırılmasına səbəb ola bilməz. Ola bilər ki, burada gizli inflyasiyadan söhbət gedə bilər. Bu, manatın alıcılıq qabiliyyətinin ildən-ilə düşməsi deməkdir. Rəsmi rəqəmlərdə bunu göstərməsələr də, alterantiv hesablamalar zamanı manatın alıcılıq qabiliyyətinin düşdüyü görünür. Hər bir halda 3 il ərzində belə böyük həcmli artım ciddi suallar yaradır».

Vüsalə RÜSTƏMOVA
(bizimyolinfo.com)
1928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:09