Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Tağı Əhmədovun hakim oğluna qarşı rüşvət ittihamı - Fotolar

Qarabağ qazisi, Xətai rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun ondan 70 min manat pul aldığını iddia edir

Pulunu tələb Loğman Ağalarov şərlənərək həbs olunmaqla hədələndiyini bildirir

Bakı şəhəri Əlibəyov qardaşları küçəsi, ev 44, mənzil 3 ünvanında daimi qeydiyyatda olan 2-ci qrup Qarabağ əlili Ağalarov Loğman Saleh oğlu şikayətini yuxarı orqanlara çatdırmaq üçün “Yeni Müsavat”dan kömək istəyib. Qarabağ əlili Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun oğlu, Xətai rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun ondan 70 min manat aldığını iddia edir.

Redaksiyamıza müraciət edən Qarabağ əlili Ağalarov Loğman başına gələn olaylardan danışıb: “Sizə müraciət edən 2-ci qrup Qarabağ əlilidir. 2012-ci ildə ölkə rəhbərliyinin sahibkarlara və əlillərə yaratdığı şəraitdən istifadə edərək, biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəldim. Bu məqsədlə səhhətimin imkan verdiyi səviyyədə geyim əşyalarının pərakəndə satışına başladım. Elə həmin dövrdə fəaliyyətimin artırılması üçün əlimdəki vəsaitə uyğun olaraq, hər hansı bir obyekt əldə etmək istəyirdim. Bunun üçün Bakı Metropoliteni ərazisində satılan mağazalarla maraqlandım. Bu zaman Bakı Metropoliteninin əməkdaşları bildirdilər ki, satış məsələsi ilə Bakı Metropoliteninin o zamanki rəhbəri Tağı Əhmədovun oğlu Rauf Əhmədov məşğul olur. Mən Rauf Əhmədova müraciət etdikdə o, hər mağazaya görə məndən 15 min manat pul tələb etdiyini bildirdi. Bir müddət sövdələşmə apardıqdan sonra Rauf Əhmədovla 6 mağazanı 70 min manata razılaşdıq. 2012-ci ilin yay aylarında tərəfimdən 70 min manat nəğd pul vəsaiti şəxsən Rauf Əhmədova ödənildi. Həmçinin əlavə olaraq, əldə etdiyim mağazalarda 9 min manatlıq təmir işləri aparıldı. Mağazaları aldığım zaman Rauf Əhmədov mənə qısa müddət ərzində əmlakların özəlləşməsi üçün müvafiq sənədləşmə işlərinin aparılacağına da söz vermişdi.

Tağı Əhmədovun hakim oğluna qarşı rüşvət ittihamı

Təmir işləri bitdikdən sonra mən adıçəkilən mağazalarda biznes fəaliyyətinə başladım. Bir müddət öncə Bakı Metropoliteninin rəhbərliyində kadr dəyişikliyi edildikdən sonra mənə məxsus əmlaklarla birgə bütün mağazaların sökülməsinə başlandı. Mən yeni rəhbərliyə dəfələrlə müraciət edərək, mağazalara görə 79 min manat xərclədiyimi bildirdikdə adıçəkilən təşkilatın vəzifəli şəxsləri kimə pul vermişəmsə, ona da müraciət etməyi məsləhət gördülər.

Bu səbəbdən də dəfələrlə hazırda Xətai rayon Məhkəməsinin hakimi olan Rauf Əhmədova şəxsən müraciət etdim. Vəziyyəti izah edərək, ona verdiyim pulu qaytarmasını xahiş etdim. Lakin son görüşümdə o, məni bir daha ona müraciət edərəmsə, cangüdənlərinə döydürəcəyini, həmçinin polis orqanlarına özünün dediyi kimi, 5 min manat verib, narkotik maddə alverçisi kimi həbs etdirəcəyini bildirdi”.

Qarabağ əlili aidiyyatı qurumlara müraciət edərək, kömək istəyib: “Ölkə prezidentinə, Mehriban xanıma, hüquq-mühafizə orqanlarına, nazirliklərə müraciət edərək, özünü kiçik şah hesab edən bu Allahsız məmurdan qorunmaqda mənə yardım etmələrini xahiş edirəm. Qarabağ müharibəsi əlili kimi Xətai rayon Məhkəməsinin hakimi Rauf Əhmədovla mübarizədə, faktiki dələduzluqla əlimdən alınmış külli-miqdarda pul vəsaitinin geri qaytarılmasında və qanunsuz əməllər törədən şəxslərin cəzalandırılmasında mənə kömək edin”.

Tağı Əhmədovun hakim oğluna qarşı rüşvət ittihamı

Qarabağ əlili Ağalarov Loğman etiraz aksiyası keçirəcəyini də bildirib: “Artıq başqa bir yolum qalmayıb. Başıma gələn hadisələrlə bağlı etiraz aksiyası keçirəcəm. Bir nəticə olmayacaqsa, həyatıma qəsd edəcəm. Özümü öldürməkdən başqa əlimdən bir iş gəlmir. Tamamilə müflis olmuşam. Ailəmin üzünə belə, baxa bilmirəm. İş qabiliyyətim olmadığına görə, ailəmi dolandıran yoxdur. Bu vətən uğrunda canımı qoymuşam. Təəssüf edirəm ki, canım bahasına qoruduğum vətənimdə problemimi həll edən bir orqan yoxdur”.

1143 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi