Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

“İ.Əliyevə müraciət edən məhbuslara işgəncə verilir”

Məhbus anası həbsxanalardakı vəziyyətlə bağlı yeni dəhşətli faktlar açıqladı; Penitensiar Xidmət araşdırma aparır
“Son zamanlar Azərbaycan həbsxanalarında saxlanma şəraitinin dözülməz vəziyyətdə olması, məhbuslara qarşı törədilən qanunazidd hərəkətlər, işgəncə və korrupsiya halları artmaqdadır. Vəziyyətlə barışmayan bir sıra məhbuslar aidiyyəti qurumlara və dövlət başçısına müraciət edərək kömək istəyiblər. Penitensiar Xidmət müraciəti araşdırmaq, problemləri həll etmək əvəzinə müraciət müəlliflərinə müxtəlif yollarla təzyiq edir”. Bu barədə “Yeni Müsavat”a “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansından məluamt daxil olub.

Məlumatda deyilir ki, bir neçə gün öncə 12 saylı cəzacəkmə müəssisəsində baş verən qanunsuzluq, korrupsiya və işgəncə halları barədə dövlət başçısına müraciət edən məhbuslara müəssisənin rəhbərliyi tərəfindən şiddətli təzyiqlər başlayıb: “Aidiyyəti qurumlara etdikləri müraciətə görə təzyiqlərə məruz qalan məhbusların bir qismi də Qobustan Qapalı Həbsxanasında cəza çəkən ömürlük məhbuslardır. Bu barədə ”Siyasi Məhbuslarsız Azərbaycan" İctimia Alyansına adıçəkilən həbsxanada cəza çəkən məhbus Şakir Hacımurad oğlu Rzaxanovun anası Müslimat Rzaxanova rəsmi məktubla müraciət edərək bildirib".

Məhbus anasının məktubunda deyilir: “Qobustan həbsxanasında ömürlük cəza çəkən oğlum Rzaxanov Şakir Hacımurad oğlunun məhv edilməsinə yönəldilən təzyiq və işgəncələr davam edir, onun həyatına real təhlükə yaranıb. İyunun 6-da aldığım məlumata görə, Şakir çox çətinliklə görüş ala bildiyi vəkili İlqar Abdullayevlə görüşündən dərhal sonra cəzalandırılaraq 15 sutkalıq cərimə təcridxanasına köçürülüb. Həbsxanada baş verənlər barədə dövlət başçısına, cəmiyyətə məlumat verərək, dövlətimizin qanunlarına əhəmiyyət verməyən həbsxananın rəisi Şahin Osmanova iyunun 7-də zəng edib, Şakirin cəzalandırılmasının səbəbini soruşduqda rəis Şakirin məhbuslardan dövlət başçısına və digər rəhbərlərə ünvanlanan müraciətə imza topladığına, televizora baxdığına, pəncərəyə taxta parçası qoyduğuna, əsasən də saxlanma rejimi ilə əlaqədar rəhbərliklərə ”yalan" məlumatlı şikayət ərizələri yazdırdığına, nəzarətçi ilə kobud danışdığına görə cəzalandırıldığını bildirdi.

Rəis eyni zamanda mənim məhbus yaxınları ilə əlaqə saxladığıma, guya məhbusların evlərinə çəkiliş qrupu göndərdiyimə də iradını bildirməklə, həqiqətən Şakirə qarşı qərəzli, ziddiyyətli münasibətini özü təsdiq etdi. Oğluma neçə günlük cəza verilməsi ilə bağlı sualıma “bilmirəm” cavabını verən rəis israrımdan sonra 15 sutka cəza verdiyini bildirdi. Həbsxana rəisindən soruşdum ki, məgər Şakirin kamerasının qapısı açıqdır ki, məhbuslardan imza toplasın? Eyni zamanda bildirdim ki, məhbusların prezidentə əfv ərizəsi ilə müraciət etməsi məgər rejim pozuntusudur? Bütün məhbuslar hər zaman televizora baxır, istədikləri keyfiyyətli radioqəbuledicidən istifadə edirlər, nədənsə Şakirə bütün bunlara qadağa qoyulub və bunlar rejim pozuntusu sayılır. Pəncərənin bağlanmaması üçün qoyduğu taxta parçası haradan gəlib, məgər Şakir həyətdə gəzir? Məgər bu pəncərənin örtülməməsi üçün qoyulan taxta parçasına görə 15 sutka cəza verilir? Nəzarətçi taxta parçasını özü qəsdən gətirib vermədiyini necə sübut edə bilər? Heç cür, çünki rəisin tabeliyində olan şəxs rəisin dediyini edəcək. Həmin nəzarətçi ilə qapalı vəziyyətdə olan Şakir niyə kobud danışmalı idi? Şakirin “rejimi pozduğu, ona kobud cavab verdiyi” barədə saxta ittiham sənədi hazırlayıb karsa salmaq üçün.

"Şakirin yanına köçürülən məhbuslara dəfələrlə Şakiri vurmaq göstərişini şəxsən siz vermisiniz, məndə həmin məhbusların yazılı məlumatı var, buna nə deyərsiz” sualıma Şahin Osmanov “Əcəb eləyirəm, mən buranın rəisiyəm, istədiyim göstərişi verirəm” dedi".

Məhbus anasının sözlərinə görə, Qobustan həbsxanasında məhbuslara qarşı dözülməz saxlanma şəraiti son illər daha qəddarlıqla davam edir: “Əgər həbsxana rəisi qanunazidd hərəkətlərinə, məhbuslara işgəncə verməsinə məsuliyyətsizcəsinə ”əcəb eləyirəm" deyirsə, demək, onun bu özbaşına hərəkətlərini arxayınlıqla davam etdirib istədiyi məhbusa qarşı qəddarlıq edəcəyi şübhəsizdir. Bugünlərdə 12 saylı cəzaçəkmə müəssisəsindən məhbusların dövlət başçısına müraciət etmələri heç də adi hal deyil. 12 saylı CM- də olan dözülməz vəziyyət digər həbsxanalarda da mövcuddur. Həbsxanada qapalı təcrid olunmuş məhbusların onların saxlanma rejimindən, yararsız bişirilmiş qidadan, (həkimin nəzarət etməli olduğu) çörəyin keyfiyyətsizliyindən, verilən işgəncələrdən, məhbusların yazışmalarına qoyulan məhdudiyyətlərdən və bir çox digər qanunazidd hərəkətlərdən, onların əlaqədar rəhbərliklərə, hətta ombudsmana çox çətinliklə göndərə bildikləri ərizə və müraciətlər araşdırılmaq əvəzinə ondan şikayət edilən həbsxana rəisinə qaytarılır. Nəticədə həmin məhbuslar “qara siyahı”ya salınır.

Şikayət və müraciətlərdə göstərilənlər təkzib olunur, şikayət edən məhbuslar isə mənim oğlum kimi saxta ittihamlarla, işgəncələrlə cərimə təcridxanasına salınır. Qanunazidd hərəkətlər barədə Ədliyyə Nazirliyinin rəhbərliyinə, Penitensiar Xidmətin rəisinə çoxsaylı məhbusların, biz valideynlərin müraciətləri də, “araşdırılması üçün” ondan şikayət etdiyimiz həbsxana rəisinə qaytarılır. Həbsxana rəisi isə məsuliyyət daşımayacağına arxayın olaraq tabeliyində olan nəzarətçilərin vasitəsilə istədiyi sənədi tərtib etdirir və bu halları təkzib edir. Qapalı saxlanılan məhbuslar isə şikayətlərini faktlarla sübut etmək imkanından məhrumdurlar".

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən “Yeni Müsavat”a bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Xidmətdən qeyd edildi ki, həmin məhkumların bundan əvvəlki müraciəti ilə bağlı mətbuata açıqlama verilib. Prezidentə məktub yazdıqlarına görə həbsxana rəhbərliyi tərəfindən məhkumların cəzalandırılmasına gəlincə, bu məsələ 12 saylı CM-də araşdırıldıqdan sonra məlumat veriləcək.
1198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber