Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Girmə cədvəli

Azərbaycanda bəzən elə qəribə mövzuları müzakirə eləməli oluruq ki, fikirləşirsən bəlkə biz ayrı planetdən gəlib bura düşmüşük, adi elementar Yer planeti qaydalarından xəbərsizik. Misal üçün, iki dəfə ikinin dördə bərabər olması kimi. Hər il mən bu mövzuda yeni müzakirələr açıldığını görürəm. Hətta ali təhsilli, BDU-MDU tipli yerlərdə dərs keçmiş insanlar şövqlə müzakirələrə qoşulurlar. Ortaya elə fantasmaqorik izahatlar çıxır, çox vecinə alsan havalanarsan.

Bir alim deyir ki, iki dəfə ikinin dörd olmasını hələ sübut eləmək lazımdır. Kim bunu gözüylə görüb? Amerikada belə alınırsa, bizdə bəlkə ayrı cür alınacaqdır? Tarixən bizdə ikini ikiyə vurmaq mənfi hal olaraq qiymətləndirilmişdir, mentalitetimizə yaddır, bəlkə də ikini birə vurmaq, yaxud, üçü dördə vurmaq olsaydı üzərində düşünərdik. Bizim öz yolumuz var. Nəyə görə iki dəfə ikini fikirləşməliyik? Qoy cəhənnəm olsunlar.
Başqa alim dərindən nəfəs alaraq şalvarının balağını çırmalayıb tribunaya qalxır və səhər yediyi xaşın üstündən bir ağız gəyirəndən sonra anqırır, üzr istəyirəm, andırır: “AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə gecələr küçəyə çıxa bilmirdik, hər yan ikini ikiyə vuran silahlı şəxslərlə dolu idi.

İndiki cah-cəlalımızı, dövlətçiliyimizi bəyənməyən, cibində xaricdən maliyyələşən vurma cədvəli daşıyan qara qüvvələrin üzünə tüpürüm!”

Daha sonra söz verilir gənc və perspektivli siyasətçiyə, bu isə deyir ikini ikiyə vurmaq bizə Rusiyadan gəlmiş zərərli adətdir. Ayrı işimiz-gücümüz yoxdurmu? Vətəndaşlardan vurma əməliyyatı ummaq olmaz. Ziyalılar nə üçün ikini ikiyə vurmalıdır? Ziyalının yanında baş kəssən gərək sussun, danışmasın, şeir yazsın, mahnı qoşsun, dombalaq aşsın. Bizə bunlar qalacaq, qabağında başı kəsilən sarsaq ictimaiyyət nümayəndələri deyil. Küçədə kimisə döysələr, qanını içsələr səni bunu görməzliyə vur, uzağı mobil telefona çək, evdə arvad-uşağa göstər ki, bir də həmin axmaq küçədən keçməsinlər.

Bu sonuncu mövqenin xüsusilə çoxlu tərəfdarları olur, ağız-ağıza verib ulaşırlar, vurma cədvəlini qayıran Pifaqorun var-yoxunu söyürlər. Onlar deyirlər ki, şairlərin, manısların, sənət-sünət və toy-sünnət adamlarının vurma cədvəlini bilməsi qəti vacib deyildir, hətta Puşkin özü heç biri birə vurmağı bacarmayıbdır, ancaq gör nə qədər qəşəng şeirlər qayırıbdır, bu münasibətlə bizim qədirbilən xalqımız da Bakıda Puşkinə heykəl qayırıbdır, inşallah, Putin bir az bərk dirənsə yaxın gələcəkdə Biləsuvarın adını təzədən döndərib böyük məmnuniyyətlə Puşkin qoyacağıq.

Doğrudan da, sənət adamı vurma cədvəlini bilməsə nə olacaq? Heç zad. Əsas odur bölmə cədvəlini, toplama və çıxma, sürüşmə və girmə, əyilmə və qırılma əməliyyatlarını bilsin. Vurmaq aqressiv hərəkətdir, ziyalıya yaraşmaz.

Yeri gəlmişkən, burda bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, “vurma”nı riyazi termin olaraq ilk dəfə kim fikirləşib ana dilimizə yapışdırıbsa çox savadsız adam olub. Vurma sözü həmin əməliyyatın mahiyyətinə heç uyğun gəlmir. Məncə, “artırma” sözü uyğundur. “İkini iki dəfə artırmaq” - tam mənalıdır. Yoxsa vurmaq nə deməkdir? Nə üçün vurursan? Nəticədə “bərk vursan neçə eləyər” tipində çeynənmiş zarafatlar yaranır. Vurmanın tərsi dilimizdə bölmədir, özü də çox dəqiq sözdür. Bu məntiqlə bölmənin əks sözünü - birləşdirməni də seçsək daha gözəldir, nəinki vurma. Cümlədə verim, özünüz baxın: “İkini ikiyə birləşdirsək dörd eləyər”.

Bunu balaca uşaqlara öyrətmək da qat-qat asandır. Şəxsi təcrübəmdən bilirəm, bir çox uşaqlar məhz bu “vurma” sözünün absurdluğuna, mənasızlığına görə həmin riyazi əməliyyatı gec qavrayırlar, çətinlik çəkirlər.

Ancaq Azərbaycan elə ölkədir ki, burda “ikini ikiyə birləşdirsək neçə eləyir” soruşsan yenə biri başını qaşıyıb deyəcək: “İyirmi iki”. Qalacaqsan gic vəziyyətində...

Zamin Hacı/musavat
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı