Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

“Oğlum xəstə ola-ola əsgər apardılar...”

«Kimin valideyni kasıbdırsa, o əsgəri başqalarının yerinə işlədiblər»

«Oğlumun evinə sağ qayıtması üçün qoca atamın, xəstə anamın, həmçinin qayınana və qayınatamın təqaüdlərini alıb onun komandirlərinə vermişəm»

“Azadlıq”a şikayət məktubu ünvanlayan Arzu Babayev deyir ki, oğlu Murad Babayev xəstə ola-ola 2012-ci ilin oktyabrında hərbi xidmətə aparılıb. Beyləqan rayonunun Borsulu kəndində yerləşən N saylı hərbi hissədə xidmət edən Murad Babayev problemlərlə üzləşib.

“Həmin hərbi hissədə qulluq edərkən oğlumun komandiri olmuş Rəşad Bayramov və Intiqam Mehtiyev hansı əsgərin valideyni 3 min manat veribsə, onunla yaxşı davranıblar. Kimin valideyni kasıbdırsa, o əsgəri başqalarının yerinə işlədiblər. Açıq deyiblər ki, atanız gəlib bizi görməyib. Mən yeganə oğlumun sağ qalması üçün Bayramovla görüşüb onlara 1500 manatdan çox pul vermişəm, yenə də onlar Murad Babayevə işgəncə və əzab veriblər. Həftədə 4 dəfə naryada salırmışlar”, - deyə Arzu Babayev şikayət məktubunda qeyd edir.

Onun sözlərinə görə, oğlu dəfələrlə təhqir olunub: “Oğlum Rəşad Bayramovun şərəf və ləyaqətini alçaldan söyüşlərə, edilən zülm və işgəncələrə görə dəfələrlə intihar etmək istəyib. Bütün bunların qarşısını almaq üçün mən dəfələrlə Rəşad Bayramov və Intiqam Mehtiyevlə görüşüb onlara oğlumun sağ qalması üçün pul və pay vermişəm. Ancaq övladımın təhqir olunduğunu biləndə buna etirazımı bildirdim. Rəşad Bayramov da mənə dedi ki, get kimə istəyirsən şikayət et. Mən heç kimi vecimə almıram. Əgər komandir əsgər atasıyla belə danışırsa, görün əsgərlərlə necə rəftar edirlər. Yaxşı olar ki, Müdafiə Nazirliyi həmin adamlara rütbə verməmişdən öncə onları ciddi yoxlasın. Insanlar bilməlidir ki, övladına hansı komandirlər rəhbərlik edir”.

Şikayətçi deyir ki, dövlətin əsgərə verdiyi ayaqqabı kremi və “şotka” pulunu da qol çəkdirib götürürlər: “Kazarmada təmir işləri aparacağıq deyib əsgərlərə qol çəkdirib pulu alırlar”.

Arzu Babayev oğlu bu ilin aprel ayında hərbi xidmətini başa vurandan sonra iki dəfə müdafiə naziri Zakir Həsənova məktub ünvanlayıb: “Oğlumun evinə sağ qayıtması üçün qoca atamın, qoca xəstə anamın, həmçinin qaynana və qaynatamın təqaüdlərini alıb onun komandirlərinə vermişəm. Bütün bu biabırçılıqlar barədə ölkənin Müdafiə nazirinə yazdığım 2 məktuba 2 aydan artıqdır cavab verilmir. Onu da qeyd edim ki, oğlum hərbidən buraxılandan sonra ağır xəstə yatır”.

Şikayətçinin qeyd etdiyi ittihamlarla bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidməti “Azadlıq”ın sorğusuna cavabında bunları bildirib: “Vətəndaş Babayev Arzu Murad oğlunun 07.04.2014-cü il tarixdə Müdafiə Nazirliyinə daxil olan ərizəsi aidiyyəti üzrə araşdırılması, müvafiq tədbir görülməsi və vətəndaşa cavab verilməsi üçün Babayev Murad Arzu oğlunun xidmət etdiyi hərbi hissəyə ünvanlanıb. Ərizədə göstərilən məsələlər üzrə hazırda hərbi hissədə araşdırma aparılır və onun nəticəsi barədə vətəndaş Babayev Arzu Murad oğluna rəsmi surətdə məlumat veriləcəkdir”.
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:23