Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

“Kəmaləddin Heydərov tapşırıb ki, ona bir qəpik də verməyin”

Partladılan binanın sahibinin şikayətlərinə baxan yoxdur

AXCP-nin partladılaraq sökülən qərargahının sahibi, iş adamı Azər Əsgərov hadisədən 3 aydan artıq vaxt keçsə də, ona dəymiş zərərə görə kompensasiya ala bilmir. Azər Əsgərovun bununla bağlı şikayətlərinə də normal və məntiqli cavab verilmir.
Azər Əsgərov “Azadlıq” qəzetinə bildirib ki, dövlət orqanları məsuliyyəti bir-birinin üstünə atmaqla məşğuldur. Nərimanov Icra Hakimiyyətinə şikayət edir, Fövqəladə Hallar Nazirliyini nişan verirlər, FHN-ə üz tutur Icra Hakimiyyətinə göndərirlər: “Mənzilimin partladılmasından 3 aydan çox vaxt keçib. FHN atır Nərimanov Rayon Icra Hakimiyyətinin üstünə, Icra Hakimiyyəti də FHN-in üstünə. Icra başçısının müavini Şahmar Ibadov mənə dedi ki, Kəmaləddin Heydərovun tapşırığı var: Azər Əsgərova bir qəpik də verməyin”.
Əsgərov bildirib ki, üzləşdiyi ədalətsizliklə bağlı hətta ölkə başçısının elektron poçtuna da şikayət yazıb. Lakin cavabı FHN-dən alıb. Əsgərova göndərilən cavabda yazılır ki, prezidentin elektron poçtuna göndərdiyi şikayət araşdırılıb. Binanı Nərimanov Rayon Icra hakimiyyəti sökdürdüyü üçün müraciətini həmin ünvana etsin.
Əsgərov bu cavabı da onu süründürməçiliyə salmaq, haqq etdiyi kompensasiyanı verməkdən yayınmaq kimi qiymətləndirir.

Yaranmış vəziyyətlə bağlı AXCP də Azər Əsgərovu müdafiə edən bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bina sökülərkən Azər Əsgərova məxsus bütün əşya və avadanlıqlar Nərimanov rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiyanın sədri, Nərimanov icra hakimiyyəti başçısının birinci müavini Şahmar Ibadovun rəhbərliyi ilə maşınlara yığılaraq naməlum ünvana aparılıb və bu günə qədər mülk sahibinə bu barədə hər hansı məlumat verilməyib, onun əşyalarının harada olduğu bilinmir. Mülk sahibi Azər Əsgərovun müxtəlif instansiyalara etdiyi şikayətlər isə indiyədək araşdırılmayıb.
AXCP də hesab edir ki, həm həmin mülkün partladılaraq sökülməsi, həm də sahibinə konpensasiyanın ödənilməməsi oranın partiyaya icarəyə verilməsi ilə bağlıdır. Əgər belə olmasaydı, indiyə qədər Azər Əsgərovun şikayətləri araşdırılar, həmin binanın zirzəmisinin sahibinə və həmin binaya bitişik iki mənzilin sahibinə ödənilən kompensasiya və kirayə haqqı Azər Əsgərova da şamil edilərdi.
“Hadisədən 3 ay keçməsinə baxmayaraq, nə Nərimanov rayon icra hakimiyyətinin başçısı, nə də mülkün sökülməsinə rəhbərlik edən komissiyanın sədri və icra başçısının birinci müavini onu qəbul edir. Ona mülkün sökülməsi üçün rəy verən Fövqəladə Hallar Nazirliyinə müraciət etməli olduğunu bildirirlər. FHN-də də Azər Əsgərovu qəbul edib, şikayətini dinləmək istəmirlər. Nazirliyin yazılı cavabında isə Azər Əsgərova binanı sökən Nərimanov Rayon Icra Hakimiyyətinə müraciət etmək tövsiyə olunur. Bu isə sadəcə, vətəndaşı dövlət orqanları arasında ”ötür-ötür oyunu"na salmaqdır",- deyə bəyanatda bildirilir.
AXCP təəssüflə qeyd edir ki, Konstitusiyaya and içib, vətəndaşların mülkiyyət hüquqlarının toxunulmaz olduğunu bəyan edən dövlət başçısı bu özbaşınalığa, qanunsuzluqlara hələ də münasibət bildirməyib.
Partiya qeyd edir ki, ölkədə mülkiyyət hüquqlarının kobudluqla pozulması müntəzəm hala çevrilib və Azər Əsgərov da həmin ədalətsizliyə məruz qalan şəxslərdən biridir.
AXCP hakimiyyət orqanlarından tələb edir ki, Azər Əsgərova dəyən maddi ziyana görə qısa zamanda kompensasiya ödənilsin, müvafiq dövlət strukturları tərəfindən onun şikayəti araşdırılsın və tədbirlər görülsün.
AXCP beynəlxalq təşkilatları bu qanunsuzluqlara biganə qalmamağa, mülkiyyət hüquqları kobudcasına pozulan, sökülən mülkünə və dağıdılan əmlakına, əşyalarına görə 3 aydan çox müddətdə hələ də kompensasiya ala bilməyən Azər Əsgərova dəstək olmağa çağırır.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25