Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

“Ərəb baharı”ndan “İran qışı”na

İranda dekabrın 28-dən start götürən hadisələr sosial-iqtisadi problemlərlə bağlı tələblərini irəli sürən insanlardan xarici müdaxiləçilərin sui-istifadəsi fonunda düyünləşmə (zavyazka) mərhələsini arxada qoyaraq küçə-meydanlarda gərginlik, qan axıdılması, siyasi kuluarlarda isə qarşılıqlı ittihamlar zəminində kulminasiya nöqtəsinə çatdı və buna gətirib çıxaran səbəblərin araşdırılması, baş verənləri dəyərləndirmə, dəyən zərərin müəyyənləşdirilməsi üzrə razvyazkaya (düyünün açılması) doğru irəliləməkdədir.

Nə qədər ağrı-acılı olsa da belə prosesin bir “uğuru”, “əhəmiyyəti” də ətrafda, region ölkələrində çoxsaylı “politoloqlar”, “öncəgörənlər” yetişdirməsidir. 7 gündür ki, belələrinin zəhməti, təxəyyülü, fantaziyası İranın dövlətçilik tarixinə, inqilablar dövrünə ekskursiyadan tutmuş, “rejimin dağılması”, “Ali Rəhbərin qaçması”na qədər çeşidli, rəngarəng proqnozları əhatə edir… Məşhəddən başlayan olayların Tehrandakı hakimiyyətin “sütunlarını silkələməsindən” Ermənistanın narahatçılığı, niyə narahat olması, rəsmi Bakının təmkinli mövqeyi, niyə əndişələnməməsi və sair üzərində baş sındıranlar var. Hətta bir qardaş facebook səhifəsindən prezident İlham Əliyevə müraciətlə İrana qoşun çəkərək bir çox ərazi məsələlərini, eyni zamanda Qarabağ müşkülatını həll etməyi məsləhət gördü…

Hamı danışır, hər kəsin ağzından od saçılır, amma kimsə belə taleyüklü məqamlarda sözlərinin qızışdırıcı rol oynayacağından ehtiyatlanmır - ya dediklərinin məsuliyyətini dərk eləmir, ya da mənasız mızıldanmaların özündən qeyrisinə çatmadığını yaxşı anlayır. Ən başlıcası, bu cümləpərdazlıqlar böyük bir yalan, dezinformasiya üzərində qurulub. Bəzi psevdotürkçülərdən, millətşüvənlərdən fərqli olaraq, qonşu ölkədə yaşayan 80 milyonluq (35 milyonu Azərbaycan türküdür) dinc, günahsız xalqa ürəyimiz yanır, Ərdəbildə, Təbrizdə, Urmiyada dostlarımız var, telefon açırıq, hər şey qaydasındadır… İlk qığılcımların yayıldığı gün İranın Azərbaycandakı rəsmi qurumlardan birinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıdan İmam Rza ziyarətgahına 25 nəfərlik heyət yola düşüb, aralarında jurnalistlər də var, əlaqə saxlayırıq, hər hansı narazı kütlə, etiraz, qarşıdurma ilə rastlaşmadıqlarını bildirirlər.

Hadisələrdən bir həftə keçmiş mühacirətdəki iranlılara bağlı təşkilatın başqan müavini sosial media hesabından yaydığı məlumatda azərbaycanlıların etirazlara qoşulmadığını bildirir. Onun fikrincə İrandakı olaylar islahatçılarla mühafizəkarlar arasında çəkişmənin nəticəsidir. Nə oldu, bəs neçə gün öncə kütləvi etirazların azərbaycanlıların yaşadıqları ərazilərə yayıldığını böyük fərəh və sürəkli alqışlarla bəyan edirdiz..? Deməli, biz hətta bu cür qlobal miqyaslı, bilavasitə insan, ölkə, xalq taleyi ilə bağlı məsələlərdə də səmimi ola bilmirik, çünki öz baxışımıza, düşüncəmizə, vicdanımıza istinadla yox, başqasının mənafeyinə uyğun, digərinin diktəsini tutuquşu kimi təkrarlamaqla qərar verməyə öyrəncəliyik. Əslində buyruq sahiblərinin kimliyi də elə mübhəm deyil, zaman-zaman və son günlər ərzində ayrı-ayrı dövlət xadimləri və siyasətçilər tərəfindən dəfələrlə açıqlanıb. Təkcə İranda, regionda yox, qoca Şərqdə, bütün dünyada tarazlığı, sülhü, əminamanlığı pozmağa çalışan həmin adlar iki-üç arasında dəyişir. Kənar siyasətçilər, diplomatlar, məsələn, Mövlud Çavuşoğlu məlum siyahıda Trampı və Netanyahunu sadalayır, İranın dövlət və hərbi xadimləri isə Səudiyyə kralını da əlavə edirlər.

Çox da uzaq olmayan keçmişə səyahətlə deyilənlərin nə dərəcədə həqiqətəuyğunluğuna aydınlıq gətirmək mümkündür. Əvvəla, səbəblərin mərkəzində rəsmi Tehranın “dikbaşlığı” dayanır ki, ölkəni və Ali Rəhbəri dünya məzlumlarına sevdirən məhz həmin xüsusiyyətdir. İran İslam Respublikası 39 ildir, dünya jandarmının təhdidlərinə boyun əymir, onun Yaxın Şərqdəki şilləvuranını ümumiyyətlə rəsmən tanımır. İndi sən bütün planetə hakimlik iddiasına düş, hamını silahla, sanksiya ilə, pulla, psixoloji təzyiqlə, KİV-lərdəki satqınlar vasitəsi ilə qorxut, şantaj elə, inandır, çökdür, ordan bir “əmmaməli molla” dursun, bəd əməllərini, təcavüzkarlığını, qaniçənliyini üzünə desin, talançılığını bütün aləmə car çəksin… Qeyriləri də sözügedən müqavimətdən ruhlanıb üsyana qalxaraq hüquq və azadlıqlarını, təbii sərvətlərini istəsinlər, nəticədə, bütöv bir müstəmləkə, koloniya dağılsın, məhvə məhkum olsun… Əlbəttə, dözüləsi dərd deyil və Pentaqonun baş qərargah rəisinin “Amerikadan uzaqlarda bizdən ötrü döyüşən əsgərlər yaratdıq” muştuluğundakı İŞİD “diktator Bəşər Əsəd rejimini devirib, Suriya xalqına xoşbəxtlik gətirmək”, vandalcasına qədim Babil sivilizasiyasını viran qoyub neft quyularının ağzını kəsməyə yox, İran ətrafında mühasirə halqasını daraltmaq üçün nəzərdə tutulmuşdu.

Allahın lütfü, eləcə də şəhidpərvər xalqların cəsur mübarizəsi ilə zəhərli hörümçəyin sıx toru süpürülüb atıldı – iraqlılar və suriyalılar terrorçu qrupları qovaraq yenidən öz vətənlərinə, istiqlaliyyətlərinə, təbii sərvətlərinə qovuşdular.

Azğın niyyətlərini gerçəkləşdirə bilmədən Dəclə-Fərat sahillərində külli miqdarda vəsait itirən, daha doğrusu, xeyli mayaları batan Qərb imperializmi ziyanın yarısından qayıtmaqdan ötrü “kürd kartı”na əl atdılar. Sərhədləri daxilinə İraq, İran, Suriya və Azərbaycanın böyük bir hissəsi aid olunan “Müstəqil Kürdüstan dövləti”nin yaradılması istiqamətində Məsud Bərzaninin ağsaqqallığı ilə keçirilən referendumun nəticələrini yalnız Tel-Əviv rəsmən tanıdı. İkinci İsrailin yaranmasına qarşı birləşən region dövlətlərinin ciddi sanksiyaları sayəsində Bərzani komandası və beynəlxalq dəstəkçilər geri çəkilməyə məcbur oldular.

Bununla paralel, xüsusi canfəşanlıqla Türkiyənin zəiflədilməsi, eləcə də mövcud taxt-tacın devrilməsi ssenarisi həyata keçirilir. Bildiyiniz kimi, Davos İqtisadi Forumunda məşhur “one minute” çıxışı ilə İsrailin ovaxtkı prezidenti Şimon Peresi “sillələyən” və “Mavi Mərmərə” olayında prinsipiallıq göstərən Ərdoğan hələ 2009-cu ildən mason-sionist güclərin “kənəkqozlar siyahısı”na düşmüşdü. 2016-cı il hərbi qiyam cəhdini həyata keçirənlərin ABŞ səfirliyindən və İncirlikdəki hərbi bazadan idarə edilməsi barədə Milli İstihbarat Təşkilatının seyflərində kifayət qədər mötəbər dəlil-sübutlar toplanıb. Zamanında maliyyə resurslarından və sosial bazasından Süleyman Dəmirələ, Əhməd Necdət Sezerə qarşı geninə-boluna faydalandığı, sonra qorxulu düşmənə çevrilmiş Fətullah Gülən də Vaşinqtonda daldalanır. Belə vəziyyətdə eyni dəlikdən ikinci dəfə ilan sancmasını gözləməyən Cümhuriyyət başqanı Rusiya-İran ittifaqına meyilləndi - elə bir məqamda ki, Suriya məsələsində mövqeyi adıçəkilən ölkələrlə daban-dabana zidd idi; hətta o qədər sıcaq ki, NATO bərk silkələndi və ona bu qurumun üzvü olduğunu xatırlatmaq zərurəti duydu…

İndi Rusiya-İran-Türkiyə üçbucağı dünya miqyasında çoxsaylı nailiyyətlərə imza atır. Qoca Şərqin İŞİD pəncəsindən xilası birbaşa həmin müttəfiqliyin ünvanına yazılmalıdır. Bundan əlavə, uzun illər Ağ Evdəki birinci masanın üzərində yatıb qalan məkrli layihə - müqəddəs Qüdsün qondarma İsrailin paytaxtı olaraq tanınması planının Donald Tramt tərəfindən fəallaşdırılması cəhdlərinin daşa dəyməsi, bədxah niyyətlərə qarşı İslam aləminin vəhdət nümayişi, İKT-nin xırda istisnalıqla vahid mövqedən səsini qaldırması, BMT-nin həmin qərarı rədd eləməsi rəsmi Tehran və Ankaranın şəksiz və şəriksiz nailiyyətidir.

Yeddibaşlı əjdahaya bənzəyən beynəlxalq irtica arzularının əleyhinə gedişlərdən, sözünün qarşısına söz qoyulmasından çox əsəbləşir: ABŞ adlı başı əvvəlki zəngin məntəqələrə, karbohidrogen ehtiyatlarına nəzarəti itirdiyindən xeyli qəzəblidir; digər kəlləsi ingilis müstəmləkəçiliyi dünya bazarı uğrunda savaşdan kənarda saxlanılmasından narazıdır; üçüncü baş İsrail tez-tez alov püskürsə də qorxur, çünki Suriyanın cənubundakı terrorçu yuvalarının süqutu onu Əsəd qüvvələri, İran mücahidləri və “Hizbullah”la üzbəüz qoyub, vaxtaşırı Colan təpələrində cəbhə açmamaq barədə Livana xəbərdarlıq ünvanlayır. 4-cü baş Səudiyyə Ərəbistanı - ən təhlükəli, milləti parçalayan, arxadan zərbə endirməyə hazır, İslam cildinə girmiş, əlində Quran olan xainlər… Ər-Riyadın başçılığı ilə formalaşdırılmış mürtəce koalisiya Yəməni tamamilə dağıdıb, Bəhreyni məhvə sürükləyir, Qətəri ətraf aləmdən təcrid edib. Hərəsinə bir marionet başçı hazırlayır, xalqın etirazından qaçan diktatorları cidd-cəhdlə qoruyur, dinc əhalini aclıq, səfalət, epidemiyalar içərisində buraxır. İslam Respublikası Allahın sonuncu dininin tövsiyəsinə uyğun, müsəlman qonşusunun fəryadına tələsəndə isə başqasının işinə müdaxilə, inqilab ideyalarını yaymaq böhtanı ilə suçlanır. Əjdahanın beşinci başı Soros Fondu, Dünya Bankı, BVF tipli, müstəqil ölkələrin iqtisadiyatına pul qoyub, müxtəlif süni devalvasiya tədbirləri ilə asılılıqda saxlayan qurumlar… VI - planetin dörd yanına səpələnib faili-muxtar toplumları əsarət altına alan, qula, köləyə çevirən tiranlar - yüzminlərlə rohincalını qətlə yetirən, şikəst vəziyyətdə qoyan, yurdundan didərgin salan, məhrumiyyətlərə düçar edən “Nobel”li Aunq San Suu Kyii, Kambocada Pol Pot, Çilidə Pinoçet, nə bilim, beşdimi, ondumu..? Yeddinci baş, cürbəcür missioner tör-töküntüləri və şou-proqramlar vasitəsilə sırınan düşmənlə kortəbii qardaşlaşma, ailə institutunun dağıdılması, qeyri-əxlaqi həyat tərzi və sair.

Sadalanan neqativ halları durdurmağa çalışanların öz daxilindəki xırda-para sosial çətinlikləri körükləyib xalqla dövləti qarşı-qarşıya gətirmək kütləvi xaos arzusu ilə yanıb-yaxılanların köhnə vərdişidir. Əvvəla, çevrilişləri dəstəkləmək, qanuni hakimiyyətləri devirmək beynəlxalq hüquqa ziddir, amma burada da ikili standartlar mövcuddur: İslamyönlü “Müsəlman qardaşları”ndan, istifadəsi bitmiş Müəmmar Qəddafidən, sahibinə şıllaq atan Səddam Hüseyndən qurtulmaq naminə Misirdə, Liviyada, İraqda və digər dövlətlərdə mümkündür, lakin bəzi yerlərdə qətiyyən yox, çünki kreslolara kimlərin yiyələnəcəyini hələ bilmirlər, birdən hazırkından pisi, xəsisi, dəlisi olar..!

Baş verənlərdə qonşu ölkənin təbii-iqtisadi resursları da az əhəmiyyət daşımır. İslam inqilabınadək Qərb dəllalları adıçəkilən ərazidə geninə-boluna at çapıb, əllərinə keçəni daşıyıb aparıblar. Tezliklə xalq halal var-dövlətinə sahib çıxdı, hüdudsuz talana son qoyuldu. Sanksiyaların tətbiqi zəminində Amerikanın, Avropanın iş adamları buradakı geniş xammal bazarına həsrətlə baxırdılar. Görün, İsrail rejiminin baş naziri Binyamin Netanyahu öz Tvitter səhifəsində nə yazır: “Hakimiyyət devrildikdən sonra İran və İsrail yenidən qardaş olmaq məcburiyyətində qalacaqlar. Hakimiyyət daha əvvəldən İsrail və İran xalqı arasında nifrət yaratmağa çalışırdı. Lakin, hazırda görünən odur ki, məqsədlərinə nail ola bilmədilər. Xalq azadlıq haqlarını bərpa edəcək. Və mən ümid edirəm ki, hakimiyyət devrildikdən sonra iranlılar və israillilər yenə möhkəm dost olacaqlar (?!)”

Bəli, damaqlarında 1979-cu ilə qədərki haramxorluğun dadı qalan imperialistlərin davası İran xalqının azadlığı, rifahı-filan deyil, yağmalamaq istədiyi təbii sərvətlərdir..! Uşaq qatilinin “qardaşlıq” nağılları da həmin yırtıcı istəklərə hesablanıb.

ABŞ-İsrail cütlüyü İranı cəzalandırmaq, üzüyola həddə klonlaşdırmaq istəyir, fəqət bu - İslam Respublikasının nahaq, məntiqsiz diqtələrə “bəçeşm” söyləməsi ağlabatan deyil, elə etiraz dalğasını qalxdığı günlərdə Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin “Rusiya və İrandan fərqli, ABŞ qoşunlarının Suriyaya göndərilməsi rəsmi Dəməşqlə razılaşdırılmayıb. Ümumilikdə onların bu ölkədə hərbi mövcudluğu işğaldır. Biz bütün beynəlxalq tribunalardan ABŞ kontingentinin Suriyadan çıxarılmasını tələb edəcəyik” bəyanatı deyilənlərə bariz nümunədir.

Neçə illər öncə okeanın o tayından qalxan dalğa bir “ərəb baharı” başlatdı. Həmin sunamini yaradanları yaxşı tanımayanlar sadə kütlələrin üzərinə gün doğacağı, diktatorlardan yaxa qurtarılacağı, qarşılıqlı münasibətlərin ilıqlanacağı xəyallarına qapıldılar. Bahar illüziyasının yerində isə bitib tükənməyən viranələr, aclıq, hərc-mərclik, mühacirət, terror və narkotikaya münbit şərait boy göstərdi. Mürtəce qüvvələr indi də acgöz nəfslərini, iştahalarını doyurmaqdan ötrü vəhşi planlarını “İran qışı” müstəvisinə keçirməyə, bölgəni qan gölünə döndərməyə çalışırlar. Şükür Allaha ki, müdriklərin, ayıqların, uzaqgörənlərin, rövşənfikirlərin varlığı sayəsində iflasa uğradılar və daimi aqibətləri belə də olacaq.

Qurban Cəbrayıl
122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
19.01.18, 15:27