Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2016

Şəhid anasından telekanallara haqlı MƏZƏMMƏT...

Şəhid Fərid Əhmədovun özü və keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik hamıya yaxşı tanışdı. O, 2010 – cu il sentyabrın 3 – dən 4 - ə keçən gecə qoşunların təmas xəttini keçərək düşmənə ağır zərbə endirib. Qeyri – bərabər döyüşdə qəhrəmancasına həlak olub. Şəhidimizin cənazəsi yalnız ölkə başçısının müdaxiləsindən sonra beynəlxalq vasitəçilərin yardımı ilə Milli Qəhrəman Mübariz İbrahimovla birlikdə vətənə gətirilərək dəfn edilib. 

Əməkdaşımız şəhidimizin anası Nərgiz anayla görüşüb. Şəhidimizin anası oğlundan sonra çox çətin günlər yaşadığını deyir:


“Həmin vaxtdı atası rəhmətə getdi...”

“Fərid uşaqlıqdan idmanın güləş növüylə məşğul olurdu. Buna görə bir neçə dəfə qramotalarla təltif də olunub. Zabit olmaq isə həm onun, həm də atasının arzusu idi. Fərid Cəlilabad rayon Nizami adına 1 nömrəli məktəbi bitirəndən sonra sənədlərini Ali Hərbi Akademiyaya verdi və qəbul olundu. Akademiyanı bitirdikdən sonra 2006 – cı ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabitlik kursunda oxuyurdu. Həmin vaxtı atası rəhmətə getdi. Həyat yoldaşım uzun zaman idi ki, şəkərli diabet idi. Ona görə də çox yaşaya bilmədi.

“Dedim ki, mənim vəziyyətimi cənab prezidentə çatdırın...”


Fəridin ilk təyinatını Gəncə şəhərindəki N saylı hərbi hissəyə verdilər. Bir il orda işləyəndən sonra 2008 – ci ildə Fərid öz ərizəsi ilə Tərtərə yollanıb. Fərid şəhid olmamışdan qabaq evə gəldi. Heç ağlımıza gəlmirdi ki, belə bir şey ola bilər. O, Tərtərdə kəşfiyyat tağımının komandiri idi. Həmin vaxt Mübariz İbrahimov təzə şəhid olmuşdu. Sentyabrın 3 – dən 4 – nə keçən gecə Fərid zabit yoldaşı Əhməd Abdullayev ilə birlikdə təmas xəttini keçib düşmənlə döyüşməyə başlayıb. Əhməd Abdullayev yaralanaraq geri qayıdaraq bizim tərəfdə dünyasını dəyişsə də, Fərid düşmən səngərində şəhid olub. Fərid şəhid olandan sonra bildim ki, o, Tərtərdə işləyib. Bunu məndən bir neçə il gizlədib. Mən bunu bilən kimi Bakıya Müdafiə Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Qırmızı Xaç Komitəsinə müraciət etdim. Dedim ki, balamı verin. Şəhiddirsə cənazəsini, sağdırsa sağ verin. Müdafiə Nazirliyindən mənə dedilər ki, cənab prezident şəxsən bu işi nəzarətə götürüb və yaxın zamanda Fərid və Mübariz düşmən tərəfdən alınacaq. Dedim ki, mənim vəziyyətimi cənab prezidentə çatdırın.

“Yas mərasimində Mübariz İbrahimovun atası bizə gəlib dedi ki...”

Əslində Fərid şəhid olana qədər qarşı tərəfə çox gedib – gəldiyinə görə ermənilər onu bir neçə dəfə tutmaq istəsələr də, bu mümkün olmamışdı. Fərid şəhid olandan sonra iki ay Bakıda nazirlikləri gəzdim. Rayonda qapımıza gəlib – gedən adamları ancaq yaxınlarım qarşılayırdı. Yalnız cənab prezidentin Həştərxan görüşündən sonra noyabrın 6 – da Fərid ilə Mübariz düşmən tərəfdən alınaraq noyabrın 7 – də Bakıda İkinci Fəxri Xiyabanda dəfn edildi. Çox sağ olsun cənab prezident ki, həm Fəridin, həm də Mübarizin cənazəsini qarşı tərəfdən aldı. Yas mərasimində Mübariz İbrahimovun atası Ağakərim kişi bizə gəldi. Mənə dedi ki, deyirlər Fərid Mübarizin dalıyca gedib. Həm də bildim ki, o, evin tək oğludu. Mən səndən halallıq almağa gəlmişəm. Dedim ki, Ağakərim dayı, hər iki şəhidin yazısı belə yazılıb. İkisinin də amalı, məqsədi bir imiş. İkisi də vətən yolunda şəhid olublar.

“Əsgərlər ağlaşırdılar...”


Bir ana kimi çox əziyyət çəkirəm. Altı il oldu Fəridi görməyəli. Evin tək oğlu idi, bir bacısı var. Bir dəfə səsin eşitsəm, hər şeyə dəyər. Gəlib bir az Bakıda qızımgildə qalıram, gedib bir az rayonda qalıram. Çox fikir edirəm. Fəriddən sonra iki dəfə Kərbəla ziyarətinə getdim. İbadət edib namaz qılıram. Bircə şeyə görə təsəlli tapıram. Peyğəmbərmiz deyir ki, ölümlərin ən şərəflisi şəhidlikdi. Buna görə təsəlli tapıram. Allah dərd verəndə, səbr də verir. Fərid xidmət etdiyi hərbi hissədə də çox gözəl nizam – intizam yaradıbmış. Biz gedib oranı gördük. Əsgərlər ağlaşırdılar.

“Bu, biz şəhid anaları üçün çox böyük təsəllidir...”

Amma çox təəsüf edirəm ki, şəhidlərimizə televiziya kanallarımızda yer ayrılmır. Ancaq yüngül verilişlər yayımlayırlar. Müharibə şəraitində yaşayan ölkədə qəhrəmanları qoyub, şou xəbərləri yayımlayırlar. Mən istəyirəm ki, televiziyalarımzda şəhidlərimizə yer ayırsınlar. Fərid və Mübarizdən Türkiyə kanalı bir saat yarımlıq film çəkdi. Bu biz şəhid anaları üçün çox böyük təsəllidir./moderator/


241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
13.01.17, 12:31