Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2017

Daha nələrə baxıb şükr edək?...

Bəli, problemsiz ölkə yoxdur. Sadəcə, normal ölkələrdə ən azı problemlərin səbəbini izah edirlər. Elə ölkələr də var ki, onların hakimiyyətləri hətta bunu belə artıq hesab edir, özlərinə əziyyət vermək istəmirlər...

Bədbəxtlikdən biz də bu cür ölkələrdən birində - hakimiyyətin hətta özünə əziyyət verərək nəyisə başa salmaq, bir az əvvəldə dediyim kimi, nəyisəizah etmək həvəsi yoxdur.

Ötən gün baxıram, yüksək çinli məmurlardan biri deyir ki, bayram ərəfəsində bazarlarda qiymətlərin qalxması artıq bir reallıqdır və bunu da normal qəbul etmək lazımdır...

Amma niyə “normal” hal hesab edilməlidir bu? Məgər bolluq və ucuzluq yollarını aramaq hökumətin əsas missiyası deyilmi?
Azərbaycanda qiymətlər sanki bir dirijor çubuğunun diqtəsilə artıb-azalır. Belə bir sinxronluq isə yalnız bir şeyin göstəricisidir – ölkədə hər şey monopoliyaların nəzarətindədir.

Baxın, manatın dəyəri artıb-azalır. Amma qiymətlər yalnız bircə tendensiyabilir – onlar yalnız və yalnız artırlar. Belə olmalıdırmı? Əgər qiymətlər çevik bazar mexanizmləri ilə tənzimlənsəydi, o halda belə olmazdı. Məsələ də ondadır ki, bu ölkədə belə bir mexanizm yoxdur və qiymətləri A.Smitin dediyi kimi, “bazarın gizli əli” yox, monopoliyalar tənzimləyir. Bizə isə bütün bunları sadəcə, “reallıq” kimi qəbil etmək və onunla hesablaşmaq qalır...

Adam fikirləşir ki, İlahi, görəsən, bu ölkədə nə qədər belə “reallıq” vardır? Düz 24 ildir ki, Qarabağ problemi həllini tapmır. Səbəbini isə belə yozurlar ki, “reallıq”dır!Biz də heç nə demirik, bunu da sakitcə reallıq kimi qəbul edirik.

Rüşvətxorluq və monopoliya baş alıb gedir. Effektiv mexanizmlərin heç birini qəbul etmirlər, öz bildiklərini edir və nəticədə də heç nəyə nail ola bilmirlər. Axırda da qayıdırlar ki, bu da reallıqdır,çünki bütün dünyada korrupsiya və monopoliya vardır. Nəsə deyirikmi? Bu izahlara azacıq da olsa, etiraz edirikmi? Yox, bunu da sakitcə qəbul edirik və düşünürük ki, elə bəlkə həqiqətən də belədir?

Digər ölkələr demokratikləşməyə, Avropa institutları ilə əməkdaşlığa can atır. Bizimkilər isə deyir ki, Avropa İttifaqı ilə assosiasiya sazişi deyil, strateji tərəfdaşlıq sazişi imzalamağa qərar verdik. Yenə də susur və bir parça dilimizi qoyub bir batman başımızı yelləyirik ki, bəli, dediklərinizlə tamam razıyıq.

Halbuki assosiasiya sazişinin dividentləri çox konkretdir. Artıq Gürcüstan vətəndaşları üçün vizasız rejimə qərar verilib. Bu çox konkret bir razılaşmadır, irəliləyişdir. Strateji tərəfdaşlıq sazişi bizə nə verəcək və biz azərbaycanlılar ondan nə fayda götürəcəyik? Heç nə demirlər, daha doğrusu, nəsə deməyi artıq, özləri üçün əziyyət hesab edirlər. Amma deməsələr də aydındır ki, bu ölkədə nəsə edilirsə, o, cəmiyyətin faydası üçün yox, hakimiyyətin özü üçün edilir...

Bəli, beləcə, “Hər şey hakimiyyət üçün!” şüarı ilə yaşayırıq. Nə olursa, nə edilirsə, hansı ittifaq bağlanırsa, bunlar hamısı bircə məqsəd üçündür - o da hakimiyyətin daha da güclənməsidir, daha da oturuşmasıdır...
Elə əvvəldə toxunduğum məsələdə də - qiymətlərin durmadan artmasında da hakimiyyətin və onun məmurlarının rolu və izi var, çünki iqtisadiyyat da onların əlindədir...

Bizə isə yalnız “xoşbəxt” olmaq qalır. Bəli,özümüzü “xoşbəxt” sanmalıyıq ki, belə bir ölkənin vətəndaşlarıyıq! Bəli, özümüzü “xoşbəxt” hesab etməliyik ki, bəxtimizə belə ölkə, belə bir hakimiyyət düşüb!..

Nə gizlədək, çoxumuz elə belə də edirik – “xoşbəxt” və “firavan” həyatımız üçün gecə-gündüz şükürlər diləyirik. Necə deyərlər, yuxarılara baxıb fikir çəkməkdənsə, aşağılara baxıb şükür edirik...

Sadəcə, getdikcə aşağı sandıqlarımızın sırası seyrəlir, çünki özümüz az qala işıq sürətilə aşağıya doğru dığırlanırıq.
Bəli, gerilərdən də geri bir duruma qərq oluruq... Dedilər ki, özünüzü Qərbi Avropa ölkələri ilə yox, Şərqi Avropa ilə müqayisə edin! Biz də belə etdik...

Sonra qayıtdılar ki, özünüzü Şərqi Avropa ilə deyil, MDB ölkələrilə müqayisə edin. Bunu da etdik... Sonra buyurdular ki, bax, özünüzü hər MDB ölkəsilə yox, Orta Asiya dövlətlərilə müqayisə edin. Bunu da etdik!

Yenə deyirlər ki, naşükür olmayın, heç olmasa, Suriyaya baxın və bir daha şükür edin. Bunu da etdik... İndi də oturub gözləyirik: İlahi, görən, daha haralarıvə nələri bizə görk kimi göstərəcəklər?..

Hüseynbala Səlimov /musavat




531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP