Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2021

Bu gün Novruz bayramıdır

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir .

Bu, Vətən müharibəsindəki qələbədən sonra ilk Novruz bayramıdır. Xalqımızın əzəli adət-ənənələrindən olan bu bayram artıq Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur.

Ona görə də Azərbaycan xalqı bu il Novruz bayramını qürur hissi ilə qarşılayır.

Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 13:37:00-a təsadüf edəcək.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.

Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 20-28 mart qeyri-iş günü olacaq.


686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP