Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2022

İmam Cavadın (ə) şəhadəti münasibətilə

Adı: Məhəmməd (ə)

Məşhur ləqəbləri: Cavad, Təqi

Künyəsi: Əbu Cəfər (sani)

Atası: Əli (ə)

Anası: Xəyzuran

Doğum tarixi: 195-ci hicri qəməri ili, 10 rəcəb

Doğulduğu yer: Mədinə

İmamət müddəti: 17 il

Ömrü: 25 il

Şəhadət tarixi: 220-ci hicri qəməri ili, zilqədə ayının axırı

Qatilinin adı: Ümmül-Fəzl onu zəhərləmişdir

Dəfn olduğu yer: Kazimeyn (İraq)



Bərəkətli mövlud

Bütün ailə sevinc içərisində idi, imam Rzanı (ə) və onun həyat yoldaşını təbrik edirdilər. Allah bərəkətli, mehriban və nurlu simalı bir övlad onlara bəxş etmişdi. İmam Rza (ə) onun adını Məhəmməd qoydu. İmamın ailəsində və eləcə də, şiələr arasında Məhəmməd (ə) xeyir-bərəkətli bir uşaq kimi tanınmışdır. Məhəmməd (ə) çox mehriban, səxavətli və kərəm sahibi idi. Ona görə də onu Cavad adlandırıblar. Əbu Yəhya Sənani deyir: "Bir gün imam Rzanın (ə) yanında idim. Bu vaxt o həzrətin azyaşlı oğlu Cavad (ə) bizim yanımıza gəldi. İmam Rza (ə) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir".



Azyaşlı imam

İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına yetişmiş ilk imam olduğundan, bəziləri belə sual edirlər ki, yeniyetmə bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər?

Bu suala cavab olaraq deyirik:

İnsanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq bu məsələyə diqqət etməliyik ki, mehriban Allah hər bir şeyin xaliqi və onu vücuda gətirəndir. Deməli, hamıdan elmli və yenilməz qüdrət sahibidir. Biz insanların xeyir və şərini daha yaxşı bilir. Ona görə də Allah bəzi məsləhətlərə görə Özünün bir sıra xüsusi bəndələri üçün bu prosesi qısaltmış və onun kamala çatmasını tezləşdirmişdir ki, biz insanlar səadətə çatmaq və hidayət olmaq üçün onun göstərişlərindən faydalana bilək.

Bəşər tarixində lap qədim dövrlərdən indiyədək Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişən şəxslər olmuşdur. Mövzunun daha aydınlaşması üçün bir neçə nümunəyə toxunuruq:

1. Həzrət Yəhya (ə) uşaq yaşlarında peyğəmbərliyə seçildi. Qurani-kərim bu barədə buyurur: "Biz uşaq ikən ona hikmət (peyğəmbərlik) verdik".

2. Uşağın dil açıb danışması üçün təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, dil açdı və çox açıq-aydın danışaraq ciddi töhmətlərə məruz qalmış anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə cavab verdi. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər.

Bu məsələ Qurani-Kərimdə belə açıqlanmışdır: "(Allahdan bir möcüzə olaraq) dilə gəlib dedi: "Mən, həqiqətən, Allahın quluyam (bəndəsiyəm). O, mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi".

Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, Allah Öz qüdrəti ilə həzrət İsanı (ə) uşaq ikən danışdırmış, ona və həzrət Yəhyaya (ə) uşaqlıq çağlarında peyğəmbərlik vermişdir. Deməli, məsum imamların (ə) da Allahın qüdrəti ilə və ləyaqətlərinə görə uşaq vaxtlarında imamət məqamına çatmalarının bir iradı yoxdur və bu mümkün olan işdir.



Sual-cavab məclislərinin qurulması

İmam Cavadın (ə) imamlığı dövründə sual-cavab və elmi müzakirə məclislərinin təşkil edilməsinin əsas səbəbi o idi ki, bir tərəfdən o həzrətin yaşının az olmasına görə onun imam olması bir çox şiələr üçün hələ dərk ediləsi deyildi (baxmayaraq ki, şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır), buna görə də, əminlik əldə etmək məqsədilə o həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, imam Cavadın (ə) yaşadığı dövr mötəzilə məzhəbinin genişlənərək nüfuz tapdığı bir dövr olmuş, yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək, digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi.

Ancaq bu müzakirələrin hər birində imam Cavad (ə) qəti və açıq-aydın cavabları ilə özünün imam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq, imam olduğunu isbat edirdi.



Kəskin cavablar

Məmun xilafətin paytaxtını Tus şəhərindən Bağdada köçürdükdən sonra imam Cavada (ə) bir məktub yazıb, onu Bağdada dəvət etdi. Bu dəvət də, imam Rizanın (ə) Tus şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi bir dəvət idi. İmam Cavad (ə), Məmunun dəvətini qəbul edib Bağdada getdi. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət etdi və camaat arasında özünü yaxşı və doğruçu adam kimi göstərmək üçün hiylə işlədərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini etdi. İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut etdi. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşdü. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Ancaq bu xəbərin Bəni Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna sərt etiraz edərək dedilər: Bu nə işdir görürsən? Əli ibn Musanın (ə) vəfat etdiyi və hakimiyyətin Bəni Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə razı ola bilmərik. Məmun soruşdu: Bəs sizin fikriniz nədir? Onlar dedilər: O, uşaqdır və hələ elm və bilikdən elə də faydalanmayıb. Məmun dedi: Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.

Yəhya ibn Əksəm Məmunun dövründə adlı-sanlı alimlərdən sayılırdı. Onun bir çox elmlərdə şöhrəti dillər əzbəri olmuşdu. Yəhyanın Məmunun yanında da böyük hörməti var idi və xəlifənin yaxın adamlarından hesab olunurdu. Belə ki, Məmun ölkənin bir sıra işlərini ona tapşırmışdı. Ancaq Yəhyanın böyük elmi məqamına baxmayaraq elə də imanlı insan deyildi. O öz elmindən şöhrət və fəxr qazanmaq üçün istifadə edirdi. Hər bir alim onunla görüşə getsəydi, Yəhya müxtəlif elm sahələrində ona o qədər suallar verirdi ki, nəhayət o alim, özünün Yəhyanın qarşısında aciz qaldığına etiraf edirdi.

Abbasilər alimlərin arasında Yəhya ibn Əksəmi seçdilər. Məmun, imam Cavadın (ə) elm səviyyəsini yoxlamaq üçün bir məclis təşkil etdi. Həmin məclisdə Yəhya imama sual verərək dedi: Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?

İmam Cavad (ə) buyurdu: "Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir belə bir iş görür, yoxsa bir neçə dəfə belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?"

Bu məsələ barədə imam Cavadın (ə) müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhyanın üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başladı. O, xəcalətindən başını aşağı saldı. Belə ki, bütün məclisdəkilər onun imam Cavadın (ə) qarşısında aciz olduğunu açıq-aşkar hiss etdilər. Sonra imam bu mövzuların hər birinin hökmünü dedi. Bundan sonra imam Cavad (ə) ondan bir sual soruşdu. Yəhya sualı cavablandıra bilmədi. Həzrət o sualın da cavabını özü verdi. Hamı imamın elminin qarşısında təzim etdi. Bu vaxt Məmun dedi: Şükür olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı. Sonra isə üzünü öz qohum-əqrəbasına tutub dedi: Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?



İmam Cavadın (ə) şəhadəti

Məmun öləndən sonra onun qardaşı Mötəsim xəlifə oldu. O, imam Cavadı öz nəzarəti altında saxlamaq məqsədi ilə Mədinədən Bağdada gətizdirdi. Ancaq öz məqsədlərinə çatmaq üçün imam Cavadı (ə) qarşısında bir maneə görən və qəlbində o imama qarşı düşmənçilik, kin-küdurət bəsləyən Mötəsim həzrəti aradan götürməyi qərara aldı. Nəhayət, öz çirkin niyyətini həyata keçirmək üçün üzümün daxilinə zəhər tökdürdü və qardaşı qızı Ümmül-Fəzli razı saldı ki, zəhərlənmiş üzümü imam Cavada (ə) versin. İmam üzümü yedi. Çox keçmədi ki, zəhər onun ciyərlərində öz təsirini göstərdi və yavaş-yavaş ağrısı şiddətləndi. İmam ağrılar içərisində olduğu vaxt Ümmül-Fəzlə buyurdu: "And olsun Allaha! Bu xəyanətinə görə əlacı olmayan bir yoxsulluğa və gizli qalmayacaq bir bəlaya mübtəla olacaqsan".

Elə də oldu. Ümmül-Fəzlin gizli üzvündə elə bir xəstəlik tapıldı ki, bütün malını onun müalicəsi üçün sərf etsə də, faydası olmadı. Nəhayət o, çox acınacaqlı bir vəziyyətdə dünyasını dəyişdi.

İmam Cavad (ə) həmin zəhərin təsirindən 25 yaşında şəhid oldu. O, zalım və fasid xəlifələr tərəfindən şəhid edilən ən gənc imam idi.

"On dörd məsum" kitabından


1911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP