03 Oktyabr 2023

Erməni və yaxşı

Müğənni Mübariz Tağıyev deyir ki, ermənilərin arasında da yaxşı insanlar var. Gərək Allahla danışasan.

Yəni başqa sözlə desək gərək insaflı olub ermənilərin yaxşısına yaxşı deyəsən, pisinə də pis. Yadıma bir əhvalat düşdü. Əvvəlcə onu nəql edim. Deməli, Parni iz Baki KVN - Şən və hazırcavablar klubunun "uşaqları" Milli Məclis adlı konsert (komediya tamaşası) ərsəyə gətirmişdilər. Orada güya Milli Məclisdə söz Bakının sabiq meri Hacıbala Abutalıbova verilir. O zamanlar da Hacıbala camaat arasında müsahibə verərkən demişdi ki, Azərbaycanda bir dənə kişi var o da İlham Əliyevdir. Şizofren, başdanxarab, yaltaq Abutalıbovun təbii ki, o zamanlar sözünü heç kim ciddiyə almamışdı. Çünki axmaqların sözü ciddiyə alınmaz. Bir insanın axmaq olduğunu bilmək üçün də təkcə özü də kişi olduğu halda bir dənə kişinin olduğunu, onun da İlham Əliyev olduğunu deməsi kifayət edir. Yəni axmaq Abutalıbovun çərənləməsindən belə çıxır ki, özü kişi deyildi və nəslində bir nəfər kişi yox idi.

O zamanlar Abutalıbov bu sözü deyəndə orada iki nəfər jurnalist etiraz etmişdi. Biri Mehman Hüseynov idi. Dedi ki, məgər biz kişi deyilik? Biri də ekranlarda görünməsə də səsi eşidilən bir jurnalist idi. O Mehmandan betər söz deyib Abutalıbovun boyunu yerə soxmuşdu. Qayıdıb dedi ki, Abutalıbov böyük adamları nəzərdə tutur. Yəni vəzifəlilər. Deməli həm Abutalıbovu həm də digər böyük vəzifəliləri orada jurnalist bir cümlə ilə xar etmişdi.

Parni iz Baku təlxəklərinin də bir üslubu vardır. Prezidentə dəymə, qalan kimi lağ edirsən et. Həmin Milli Məclis konsertində Hacıbala Abutalıbov rolunu ifa edən KVN komandiri Tahir İmanov "Milli Məclisdə" deyir ki, Azərbaycanda bir dənə kişi varsa o da cənab prezidentdir. Almaniyda bir dənə kişi varsa o da Angela Merkeldir. (Almaniyanın qadın kansleri) Ermənilərə növbə çatanda isə deyir ki, Ermənistanda bir dənə kişi varsa mən adımı dəyişərəm.

Bu söz mənə təsir etmişdi. Çünki bir anlıq düşündüm ki, əgər 20 faiz torpaqlarımızı işğal edənlərin arasında bir dənə kişi yoxdursa onda biz nəyik?

Bundan başqa demişdim ki, ermənilər arasında mütləq yaxşı insanlar var. Hətta onlar arasında müsəlman olanlar bizim qardaşlarımızdır. Şiə olanlar lap bizim ilə bir əqidədədir. Onlar necə pis ola bilərlər. Hətta ermənilər arasında ədalətli insan da tapmaq olur. Onlar açıq aşkar deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. O zamanlar bu sözləri demək çətin idi. Adamı topa tuturdular. Necə ki, indi İran adını çəkəndə adamı agent hesab edib dama basırlar.

Amma indi isə vəziyyət dəyişib. Qarabağ camaaatı neçə gündür olub bizim gözümüzün bəbəyi. Neçə maşın Qarabağdan Ermənistana köçür. Bütün dünya, dünya ölkələrindəki erməni lobbisi də durub tamaşa edir (?!)
Üstəlik erməniləri razı salmağa çalışırıq. Onlara un yollayırıq, yaralarını müalicə edirik. Avtobus yollayırıq. Yəni necə lazımdı onlara baxırıq. Halbuki onlar həmin insanlardı ki, 30 il torpaqlarımızı işğal etdilər. Hazırda keçid məntəqəsində Ermənistana keçmək istəyən bəzi qoca axmaqlar 30 il qabaq hərbi formada azərbaycanlı balalara zülm etdilər. Daha sonra qondarma Artsaxın yüksək rütbəli məmur və hərbiçiləri oldular.

İndi isə Mübariz Tağıyev deyir ki, ermənilər arasında da yaxşı insanlar var.
Ötən yazımızda elə buna oxşar situasiyadan ötrü yazıçı Çingiz Abdullayevi tənqid etdik. İndi həmin sözlər Mübariz Tağıyevə də aid edilməlidir. Ona deyən lazımdır ki, məgər azərbaycanlılar arasında yaxşı adam yoxdur? Məgər İrana söz deməyə cürəti çatmadığından Azərbaycan hakimiyyətinin həbs etdiyi İranda oxuyan, ruhanilik edən insanlar arasında heçmi yaxşı adam yoxdur? Doğrudan da Mübariz Tağıyev onları İran agenti, dövlətə xəyanət edən hesab edir? Doğrudan da Mübariz müəllimə görə Hacı Sərdar Babayev dövlətə xəyanət edib? Bir dəfə də özlərində niyə mərdlik hiss edib ölkədə şərlənərək həbs edilən insanların yaxşı adam olduqlarını demirsiz? Niyə erməniləri tərif edirsiz? Biz ermənilər arasında yaxşı adam olduğuna inanırıq. Bir millət bütövlükdə yaxşı ya da pis ola bilməz. Amma ermənilər haqqında bu qədər xoş sözlər deyərkən hərdən öz ruhaniniz haqqında da xoş sözlər deyin!


2144 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP