Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2017

Nifrəti həbs etmək…

Deyəsən, “ağır günlər” geridə qaldı. Ən vacib məsələ, vitse-prezidentin təyin edilməsi həllini tapdı. Ən böyük “islahat” bu idi zatən, o da baş tutdu. Ölkə üçün deyil, iqtidardan ötürü…

Artıq hakimiyyətin ötürülməsi bir ənənəyə çevrildi. Oynamağa nə var ki, əsas utanmaq məsələsi idi, necə deyərlər, bu kompleksi də atlatdılar…

***

Baxırsan ətrafında kinayə, nifrət qazanı qaynayır. Amma bu kin, qəzəb bir tərəfdə, iqtidar cəbhəsində hər gün öz qurbanlarını əzib məhv edirsə, digər cəbhədən, xalqın səngərindən necə deyərlər, “atəş açılmır”.

Bir tərəfin nifrəti aclıq, yoxsulluq, ölümlərə yol açır. Digər tərəfin nifrətisə, hələ də ömründən kəsib birilərinin ömrünə çalamaq yalanı ilə özünü gizlətməyə çalışır.

Mahiyyətdə bu ölkədə həbs olunanlar insanlar deyil təkcə. Bu ölkənin nifrəti, kini də məhkum edilib.

İqtidar özünə qarşı nifrəti dilə gətirənləri həbs edir və bizə elə gəlir ki, ən qəddar, amansızlığı da məhz elə iqtidar edir. Amma bu həbsləri həyat keçirən tək iqtidardımı?

İqtidar özünə nifrət edənləri həbs edirsə, buna susub öz nifrətini və əzmini, rolunu qorxuda və biganəliyində həbs edən xalq heçmi günahkar deyil?!

Hər iki tərəf – iqtidar da, xalq da öz zindan qapılarını taybatay açıb və o qorxu zindanında bizim mübahisə edib, sayını müəyyənləşdirmək istədiyimizdən qat-qat çox vicdan məhbusu var.

İqtidar qorxur. Çünki cinayət etdiyinin fərqindədir və bu üzdən də hər an onu müttəhim kürsüsünə əyləşdirəcək gücün xalqda olduğunu bildiyindən qorxduğuna və qorxu hissinə nifrət edir. Öz nifrət cəbhəsində çəkinmədən hücuma keçib. Xalqa nifrət edir, onu yoxsul, səfil günə salıb. Dəyərlərə nifrət edir, onları dağıdır. Cəsarətə nifrət edir, onu insanların ürəyindəki qorxuda həbs edib. Müxalif düşüncəyə nifrət edir, həbsxanalarının qapısını səxavətlə onların üzünə açıb.

Mahiyyətdə iqtidarın nifrətinin qaynağı qorxudur və bunun ləyaqət və heysiyyatın aşınması nəticəsində insan qəlbinə yüklənən böyük duyğu ilə heç bir bağlantısı yoxdur.

Adi və bəsit bir duyğudur. Oğrunun daha çox oğurlamasına mane olan hər nə varsa, ona bəslədiyi nifrət qədər adi…

***

Xalq da qorxur. Bu üzdən öz ləyəqət və heysiyyat hissini oyandıracaq gücə sahib olan böyük duyğunu, nifrəti həbs edib iqtidara olan qəzəbini azadlığa buraxmır. Çünki bu azadlığın ucunda həbslər var.

Bəzən düşünürəm, bütün ömrünü ləyaqətsizlik “həbsxanasında” keçirməyə üstünlük verib, onu azadlığa və qürurlu ömürə götürəcək əzabı gözə ala bilməyənlərin azadlıq, qalxınmaq üçün himn olacaq qədər böyük olan nifrət hissini həbs etməsindən təbii nə ola bilər?!..

***

Ölkədə iki şey gündəmdən düşmür. Bir intiharlar, bir də həbslər…

Bu ölkədə edilən intiharlar nifrətin dilə gətirilməyən aciz üsyanıdır. Bu ölkədəki intiharlar həm də böyük cəsarətin aciz qorxu üzərindəki qələbəsidir. İqtidara qarşı gələ bilməyənlərin Allahın mərhəmətinə sığınıb, ona üsyan etməsidir. Həm də Allahın qiyamətindən qorxmayanların iqtidarın qəzəbindən qorxması qədər acizliyin simgəsidir…

Həbslərsə nifrətini dilə gətirib qorxuya meydan oxumaq istəyənlərin cəzalandırılmasıdır. Bu həbslər həm iqtidarın, həm də xalqın qorxusunun nəticəsidir. Və məncə, Azərbaycanda ən böyük və irimiqyaslı intiharı da, həbsləri də əslində, xalq həyata keçirir.

İllərdir hər şeyi özünə rəva görən, hakimiyyətdən gələn dərdi toy-bayram kimi bağrına basdığını nümayiş etdirib, əslindəs ürəyində gəzdirdiyi nifrətə qandal vuran bir xalq mahiyyətdə hər yaşadığı anda öz ləyaqətini və qürurunu intihara götürür.

Bu xalq nifrətini, kinini öz içində qandallamaq üçün illərdir öz ömründən kəsib birilərinə pay vermək yalanına qədər riyakarlıq edir, amma dildə kəsməyə hazır olduğu ömrünün bir ilini həbsdə belə keçirməyə cəsarət edə bilmir. Çox dünyagir olan bir xalq kinayəsini belə açıq dilə gətirə bilməyib, onu dodağının ucunda dondurur, “ömürdən pay olar” yalanını sevgi adı ilə iqtidara ucuz satıb başını hərləməyi üstün tutur, insanca yaşamağı deyil. Qəlbindəki cəsarətə qandal vurub hər çür rəzalətə boyun əyir, amma öz qəzəbinin azadlığı üçün heç nə etmir. Edənlərin də arxasında durmur…

P.S. Beləcə… Və beləcə, hər iki tərəf bir-birindən qorxduğundan elə bir-birinə də nifrət edir. Amma hər iki tərəf də bu nifrəti gizlətmək üçün yalan danışır. Biri “xalqa xidmət”, digərisə, “ömürdən kəsib pay vermək” nağılı danışır. Hər iki tərəf də nifrəti öz bacardığı kimi həbs edir…

Azərbaycandasa 166 siyasi məhbus var! Bu insanları həbs edən YAP iqtidarıdır. Amma əslində, onlar xalqın biganəlik “zindanında” anlamağın” cəzasını” çəkir. Və mənim bu ölkədəki nifrət hissinə yazığım gəlir bəzən…


19853 dəfə baxılıb
در حال ارسال اطلاعات...
Go to TOP