Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2021

İmam Məhəmməd Baqir (ə)

İmam Məhəmməd Baqirin (ə) Mədinədə çoxlu şagirdləri var idi. Üstəlik, həzrətin gözəl davranışı, insani keyfiyyətləri onun məhəbbətini Mədinə camaatının ürəyinə doldurmuşdu.
İmam Məhəmməd Baqirin (ə) Mədinə əhalisi arasında artan hörməti, o həzrətin ilahi elmləri təlim etməsi və çoxlu tələbə yetirməsi artıq xəlifə Hişam ibn Əbdülməliki narahat edirdi.
Hişam da digər zalım hökmranlar kimi yaxşı insanın və hamı tərəfindən sevilən bir şəxsin xalqın arasında olmasını istəmirdi. Ona görə də imama həsəd edir, camaatın onun ətrafına toplaşmasından qorxur və öz hökuməti üçün zərərli ola biləcəyindən ehtiyat edirdi.
Hişam daim həzrəti necə gözdən salmaq və aradan götürmək barədə düşünürdü. Xəlifə bu barədə öz müşavirləri məsləhətləşdi. Günlərin birində Hişamın məmurları Mədinəyə gələrək imam Baqirin (ə) evinə getdilər. Onlar imama dedilər: Hişam bizi göndərmişdir ki, səni Şama aparmaq.
İmam səfərə hazırlaşdı, oğlu Cəfəri (ə) də özü ilə götürərək Hişamın məmurları ilə birlikdə Şama getdi.
Şama çatdıqda məmurlar imamı xəlifənin sarayına tərəf apardılar və sarayın qarşısında atdan endirdilər.
İmam Məhəmməd Baqir (ə) və oğlu Cəfər Sadiq (ə) bir neçə gün xəlifənin sarayının qarşısında gözləməli oldular. Nəhayət, xəlifə onların saraya gətirilməsi barədə göstəriş verdi.
İmam öz oğlu ilə məclisə daxil oldu. Xəlifə taxtda oturmuşdu və saray əyanları da onun yanında dayanmışdılar. İmam Baqir (ə) xəlifə ilə üz-üzə dayanmadan məclisin bütün iştirakçılarına xitab edərək dedi: - Salam olsun sizə.
Xəlifə elə güman edirdi ki, imam Baqir (ə) əvvəl onun yanına gedəcək və ona xüsusi salam verəcək. Ancaq xəlifənin gözlədiyi kimi olmadı. Ona görə də çox narahat oldu, rəngi dəyişdi, qəzəb və hiddətin əsəri onun üzündə göründü. Ancaq o özünü ələ almağa çalışdı və bir az sakitləşdikdən sonra üzünü imama tutub dedi: - Bu gün ox atma yarışımız var. Sənin də bu yarışda iştirak etməyini istəyirəm.
İmam Baqir (ə) buyurdu: - Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.
Yaxşı fürsət tapıb imamın məğlubiyyətin astanasında dayandığını düşünən Hişam daha da israr edərək onun yarışda iştirak etməsini tələb etdi. Sonra məmurlardan birinə işarə etdi ki, öz ox-kamanını imama versin. Məmur kamanı bir neçə oxla birlikdə imama verdi.
Nişangah divara yerləşdirilmiş bir dairə idi. İmam xəlifənin məqsədininin nə olduğunu başa düşdü. Onun sözünü qəbul edərək kamanı götürdü və bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Məclis iştirakçılarının hamısı heyrətdə qaldılar. Xəlifə özlüyündə fikirləşdi ki, ola bilsin bu bir ox təsadüfi olaraq hədəfə dəydi. Ona görə də imamdan daha bir ox atmasını istədi. İmam ikinci oxu kamana qoyub atdı. Ox birinci oxun ortasını yarıb, hədəfə sancıldı. Hamı heyrət içində idi. Belə bir hadisəni gözləməyən xəlifə qəzəbini gizlədə bilmirdi. İmamın üçüncü oxu da ikinci oxu yarıb nişangaha sancıldı. Beləliklə, həzrət doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu yararaq düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub, hamını o həzrəti alqışlamağa məcbur etdi.
Gümanı yanlış çıxan və planı puç olan Hişam, məclis iştirakçılarının imamı alqışlamasını görür, daha da hiddətlənirdi. Ancaq o öz qəzəbini gizlətməyə və udmağa cəhd edirdi. Ona görə də zahirdə imamla mülayim davrandı və imamı onun taxtının yanında oturmağa dəvət etdi. Amma imam qəbul etmədi və dayandığı yerdə qaldı. Hişam üzünü imama tutaraq dedi: - Afərin sənə, ey Cəfərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Belə ox atmağı kimdən öyrənmisən?
İmam Baqir (ə) buyurdu: - Özün bilirsən ki, Mədinə camaatı arasında ox atmaq tərəfdarı çoxdur və onlar bu işə öyrəşib. Mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuşam, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.
Hişam dedi: - Mən bu günə qədər belə bir ox atma görməmişdim. Sən çox məharətlisən.
İmam buyurdu: - Ey Hişam, biz Peyğəmbərin (s) Əhli-beytiyik. Elm və bacarığı Allah bizə bəxş etmiş və biz də öz atalarımızdan bunu irs aparırıq. Başqalarında olan hər naqis elm və bacarıq bizdə kamil surətdə vardır.
Hişam imamın sözlərindən hiddətlənərək dedi: - Bəs, biz və siz Əbdülmanaf övladları deyilikmi?
İmam buyurdu: - Bəli, biz hamımız Əbdülmanaf övladlarıyıq. Amma Allah Özünün xas elm və hikmətləri ilə bizə üstünlük vermişdir. Necə ki, cəddimiz Məhəmməd (s) bütün aləmlərdən üstün idi və tayı-bərabəri yox idi.
Hişamın hiddəti getdikcə daha da artırdı. O, tutduğu işindən peşman olmuşdu. Məmurlarına göstəriş verdi ki, imam Baqiri (ə) və oğlu Cəfəri (ə) Mədinəyə qaytarsınlar.
479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP