Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2021

“Foreign Policy” Ərdoğanın qara günlərindən yazıb

Amerikanın “Foreign Policy” qəzeti Ərdoğanın dəhşətli bir neçə ayı arxada qoyduğunu qeyd edib.
Qəzet yazıb: Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və prezident Rəcəb Təyyib Ərdoğan dəhşətli aylar yaşayıb. Bu ölkə beynəlxalq səviyyədə təcrid olunub, iqtisadiyyatı getdikcə pisləşir və Ərdoğanın səhhəti ilə bağlı şübhələr vardır. Ərdoğanın və Ədalət və İnkişaf Partiyasının vəziyyəti sorğularda yaxşı görünmür. Türkiyənin bir çox ekspertləri və opponentlərinin fikrincə, AKP-nin repressiyaları yoldadır.
Siyasi-iqtisadi təhlillər dərc edən qəzet daha sonra bildirib: Xalq Cümhuriyyət Partiyası yaxşı vəziyyətdədir və digər partiyalar da özlərinə o qədər arxayındırlar ki, növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər, Ərdoğanı devirmək və Türkiyəni parlament-prezidentlik tərkibli sisteminə qaytarmaq planlarını müdafiə edirlər.

Ölkənin bütün bu problemləri arasında iqtisadi vəziyyətin pisləşməsi Türkiyə başçısının ən ciddi problemi sayılır. Ərdoğanın aşkar səhv idarəçiliyi nəticəsində son on ildə lirə dollar qarşısında təxminən 75 faiz dəyər itirib. Ötən il lirə 45 faiz, (cari ilin) təkcə çərşənbə axşamı günü isə 15 faiz ucuzlaşıb. Ölkədə işsizlik 14 faiz artıb, varlılar və kasıblar arasında uçurumların getdikcə genişləndiyini görürük. Lirənin ucuzlaşmasına cavab olaraq Türkiyənin bir sıra iri bankları onlayn əməliyyatlarını bağlayıb və insanlar mövcud acınacaqlı vəziyyətə etiraz etmək üçün Ankara və İstanbulun bəzi yerlərində küçələrə axışıblar və daha geniş xalq etirazları gözlənilir.

Ərdoğanın qonşu ölkələrlə xarici siyasətində də uğursuzluqlarına toxunan qəzet yazıb ki, Türkiyənin Ərəbistan və BƏƏ başçıları ilə bir neçə dəfə telefon təmaslarına və diplomatik görüşlər keçirməsinə baxmayaraq, hələ də Fars körfəzinin bu iki ölkəsi ilə yaxşı münasibətləri bərpa edə bilməyib.
Ərdoğanın sionistlərlə də münasibətləri yaxşılaşdırmaq ardınca olduğunu, lakin Təl-Əvivin dostcasına münasibətlərə razı olmadığını vurğulayan qəzet yazıb ki, Təl-Əviv rəsmilərinin Ərdoğana etibar etmək üçün tutarlı dəlilləri yoxdur.

Qəzet sonra Türkiyə-Misir münasibətlərinə toxunaraq yazıb: Yaz və yay aylarında Türkiyə mətbuatı və hökumət tərəfdarları olan KİV-lər (əslində eynidirlər) vaxtaşırı Türkiyə ilə Misir arasında münasibətlərin normallaşmasından danışırdılar. Ankarada belə hesab edirdilər ki, misirlilər fürsətdən istifadə edərək, Ankara-Qahirə münasibətlərini yaxşılaşdırmaq üçün Yunanıstan, Kipr və İsrail hökumətlərinə təzyiq göstərəcəklər. Bununla belə, misirlilər Türkiyə rəsmilərinin hesabladığı kimi, münasibətləri normallaşdırmağa həvəsli deyildilər.

Avropaya gəlincə, əgər Almaniya kansleri Angela Merkelin səyləri olmasaydı, avropalılar Suriyadakı hərbi əməliyyatlar, Kipr yaxınlığında qaz kəşfiyyatı və Yunanıstana miqrant göndərmək təhdidləri də daxil olmaqla, müxtəlif pozuntulara görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilərdilər. Aİ ilə Türkiyə arasındakı gərgin münasibətlərin təməlində hər şeydən çox mühacir problemi dayanır. 2016-cı ildə Aİ ümidsiz suriyalıları Türkiyədə saxlamaq və onların Avropaya getməsinə mane olmaq üçün Ankaraya pul ödəməyə başladı. Razılaşmaya baxmayaraq, türklər vaxtaşırı suriyalıların və başqalarının bu ölkədən ötərək Avropa ölkələrinə keçməsinə icazə verməklə hədələyirlər. Türkiyə məhkəmələri də Avropa İnsan Haqları Məhkəməsinin hökmünü ədalətsiz sayır və terrorçuluqda ittiham olunan Osman Kavalanın azad olunmasını istəyir. Bu mövzu da Türkiyənin Avropa Şurasındakı səsvermə haqqının dondurulmasına, yaxud bu şuradan çıxarılmasına səbəb ola bilər.

Qəzet S-400 sistemlərinə, F-35 qırıcılarına, habelə ABŞ-ın PKK-ya dəstək verməsinə və Fətullah Güləni qaytarmaması kimi bir sıra məsələlərə görə Türkiyə-Amerika münasibətlərində də gərginlik yaranmasına toxunub.

“Foreign Policy” daha sonra yazıb: Türkiyənin beynəlxalq statusunda hər hansı bir yaxşılaşmanın onun iqtisadiyyatına necə kömək edəcəyi bəlli deyil. Xüsusilə də nəzərə alsaq ki, Ərdoğan yaratdığı iqtisadi problemlərə yenidən baxmaq üçün heç bir əksül-əməl göstərmir. İllərdir ki, Ərdoğan faiz lobbilərini, CİA-nı, sionistləri, qərb və xeyriyyəçi milyarder Corc Sorosun iştirakı ilə xarici planları ittiham edir və onların Türkiyənin süqutunun ardınca olduqlarını iddia edir. Amma Türkiyə xalqı arasında böhranlı iqtisadi vəziyyətin yeganə izahı Ərdoğanın səhv idarəçiliyidir. Xüsusilə də Türkiyə lideri demək olar ki, daimi siyasi təzyiqlərlə Mərkəzi Bankın müstəqilliyini zəiflədir. O, iqtisadi müdrikliyin əksinə olaraq, faiz dərəcələrini aşağı saxlamaq üçün Türkiyə Mərkəzi Bankını sıxışdırıb. Bunun nəticəsi isə lirənin kəskin devalvasiyası və hər şeyin türkiyəlilər üçün bahalaşması, daxili şirkətlərin öz kreditlərini dollarla ödəmək məcburiyyəti olmuşdur.
3789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP