Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2022

Həzrət Zəhranın (ə) şəhadəti

Mirzə Cavad Ağa Məliki Təbrizi həzrət Fatimənin (ə) şəhadət günü münasibətilə yazır:
Cəmadius-sani ayın üçündə xanımlar xanımı həzrət Zəhra (ə) vəfat etmişdir. Səhih rəvayətə görə həzrətin şəhadət günü bu gündür. O, bu gün haqqı əlindən alınmış və zülmə məruz qalmış bir halda dünyadan köçdü. Şiələr bu günə vəfadar qalaraq onu müsibət və qəm günü qərar verməlidirlər. Çünki bu gün o həzrətin yaxınları Rəsuli-əkrəmin (s) vəfatından sonra ikinci müsibəti yaşadılar.

İmam Əlinin (ə) həzrət Zəhraya (ə) əzadarlığı
Əmirəlmöminin Əli (ə) üçün Peyğəmbərin (s) vəfatından sonra heç bir gün, bu gün qədər müsibətli və ağrılı-acılı olmayıb. Həzrət Zəhranı (ə) itirmək Əli (ə) üçün çox ağır idi. Ona görə də Əli (ə) xanım Zəhranın (ə) müsibətində növhə oxudu, ağladı və ondan ayrılığa görə şikayət edərək dedi:
“Canım ah zindanında həbs olub. Kaş, canım da bu nalələrimlə birgə çıxaydı. Səndən sonra yaşamağın heç bir faydası yoxdur. Səndən sonra ömrümün uzun ola biləcəyindən qorxduğum üçün ağlayıram.”

Həmçinin bu məzmunda digər bir növhə oxumuşdur:
“Əhməddən sonra Fatiməni itirmək göstərir ki, heç bir dost əbədi qalmır. Onları itirdikdən sonra həyat sənin üçün necə xoş keçə bilər? And olsun canına, bu mümkün olan şey deyil. İnsan dostunun ölməməsini istəyir, ancaq bu qeyri-mümkündür.” (“Biharul-ənvar”, c. 43, səh. 216)
Canıma and olsun ki, İmam Əlinin (ə) bu şer və nəsrlərini xatırlamaq ağılları mat qoyur. O həzrətin belə bir sözlər deməsi o qədər də sadə məsələ deyildir. Bu sözlər həzrət Zəhranın (ə) Allah yanında məqamının əzəmətini, onun Allah yanında fəzilətini göstərir. Həzrət Əlinin (ə) tufanların belə onu yerindən tərpədə bilmədiyi, heç bir şeyin onu sındıra bilmədiyi, ondan sellər axan və zirvəsinə quşları belə uça bilmədiyi bir dağ kimi səbrinə diqqət etməklə, həzrət Zəhradan (ə) ayrılığına görə belə bir vəziyyətə düşməsi və bu sözləri dilinə gətirməsi çox-çox heyrətləndirici bir məsələdir.

Əgər Fatimənin (ə) fəziləti ən yüksək dərəcədə olmasaydı və bu müsibətə görə ah-nalə etmək yaxşı olmasaydı, İmam Əli (ə) onun müsibətində bu qədər ah-nalə etməzdi.
Ona görə şiələr də həzrət Fatimənin (ə) vəfat gününü özləri üçün hüzn günü qərar verməkdə, həmin günü matəm saxlamaqda, o həzrətin müsibətlərini zikr etməkdə gərək Əlini (ə) özlərinə örnək götürsünlər. Çünki həzrət Zəhra (ə) atasının tək övladı, ən sevimlisi idi. Peyğəmbər (s) onunla elə rəftar edirdi ki, ondan başqa heç kəslə elə rəftar etməmişdir. Şiələr və onların müxalifləri Peyğəmbərin (s) həzrət Zəhra (ə) barədə belə buyurduğunu deyiblər: “Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”

Fatimə Zəhranın (ə) vəsiyyətində şiənin haqq olmasının isbatı
Həzrət Fatimə (ə) ölüm yatağında olarkən birinci və ikinci xəlifədən Peyğəmbərin (s) bu hədisini öz qulaqları ilə eşitdiklərinə etiraf aldıqdan sonra həmin hədislə onların əleyhinə dəlil gətirdi və sonra əllərini qaldırıb dedi: “İlahi, Özün şahid ol ki, bu iki nəfər məni qəzəbləndirdi.” Sonra da Əliyə (ə) vəsiyyət etdi ki, onun dəfnini və qəbrinin yerini o iki nəfərdən gizli saxlasın.

Canıma and olsun ki, həzrət Zəhranın (ə) bu vəsiyyəti Allah yolunda cihad, şiə məzhəbinin haqq olduğunun, digər məzhəblərin isə batil olmasını sübut etmək üçün hər ayə və dəlildən daha faydalıdır. Çünki onun dəfninin gizli olması və qəbrinin yerinin gizli qalması sual yaradır. Hər kəs bu suala cavab tapmaq ardınca olsa, başa düşəcək ki, bunlar o həzrətin vəsiyyəti əsasında gizli saxlanılmışdır. Cavab axtaran şəxsə səmanın ortasına çatmış gün kimi aydın olacaq ki, atasının yadigarı o iki nəfərə qarşı qəzəbli olduğu halda dünyadan köçmüşdür, atası və mövlası Peyğəmbərlə (s) görüşdükdə onlardan şikayət etmişdir. Bu məsələ o iki nəfər üçün böyük rüsvayçılıqdır və daha bundan böyük rüsvaylıq ola bilməz.

Xüsusilə də Quranın bəzi ayələri buyurur:
“(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” (“Şura” surəsi, ayə 23)

Yenə buyurur:
“De: Mən sizdən heç bir əvəz istəmirəm, o sizin olsun.” (“Səba” surəsi, ayə 47)
Allahın rəsulu (s) dünyadan köçəndə onun yer üzündə Fatimədən (ə) daha yaxın bir kəsi yox idi.
Bunlara diqqət etməklə, heç bir aqil şəxs özündə şübhəyə yol verməz ki, Peyğəmbərin (ə) risalət muzdunu verməkdə xəyanət edən kəs, Peyğəmbərin (s) canişini ola bilməz və onun xilafət kürsüsündə oturmağa layiq deyil. Məlumdur ki, Peyğəmbərə (s) xəyanət edən və onun yaxınlarının haqqını verməyən kəs, ona yaxın olmayanların haqqına da riayət etməyəcək. Peyğəmbərin (s) qızına zülm edən, ümmət arasında necə ədalətlə rəftar edə bilər? Bu məsələ alim və nadanın çox asanlıqla başa düşdüyü bir mövzudur. Xüsusilə də şiə və əhli-sünnənin məşhur təfsirçilərinin yekdil nəzərinə görə “təthir” ayəsi həzrət Zəhranın (ə) şənində nazil olmuşdur. Ona görə də Quranın açıq-aydın şəkildə həzrət Zəhranı (ə) hər bir səhv və xətadan pak bildiyi, ona qarşı sevgini vacib etdiyi bir halda kimsə ona zülm etsə və haqqını qəsb etsə, heç vaxt bu zülm və əzab-əziyyət etməsinə səhih şəri yolla haqq qazandıra bilməz.

Ey insanlar! Ağlayın, sevimli, kərim və aləmlərə rəhmət peyğəmbərinin qəlbinin parçası və pak qızına qarşı olan bu böyük cinayətə! Hələ atasının kəfəninin suyu qurumamış onun haqqını qəsb etdilər, atasının irsindən məhrum etdilər, üzünə sillə vurdular, övladını siqt etdilər. Allahın müqərrəb mələklərinin müddətlərlə dayanıb gözlədiyi və icazə almadan girmədikləri evinin qapısına od vurdular.
Hər halda şiələr bu gün Peyğəmbərin (s) razılığına səbəb olacaq, Fatimənin (ə) Allahının onu bəyənəcək və şiəlik haqqı yerinə yetiriləcək bir şəkildə həzrət Zəhranı (ə) ziyarət etsinlər və ona salavat göndərsinlər.
1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP