Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2022

Rəcəb ayı, carçı mələkin nidası və zahirdə diri olan ölülər

Rəcəb ayının mühüm müraqibətlərdən biri də Rəsuli-əkrəmdən (s) nəql olmuş “Dai mələk” hədisini yada salmaqdır. Allahın Rəsulu (s) buyurdu:

“Mütəal Allahın yeddinci səmada “Dai” adlı bir mələki vardır. Rəcəb ayı gəlib çatdığı zaman bu mələk hər gecə səhərə qədər deyir: Xoş olsun, Allaha həmd-səna edənlərin halına. Xoş olsun, Allaha itaət edənlərin halına. Mütəal Allah buyurur: Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram. Mənə itaət edən şəxsdən Mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq istəyəni bağışlayaram. Ay Mənim ayım, bəndə Mənim bəndəm, rəhmət Mənim rəhmətimdir. Bu ayda Məni səsləyən hər bir kəsin səsinə səs verərəm. Məndən istəyən hər bir kəsə əta edərəm. Məndən hidayət istəyən kəsi hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında ip qərar vermişəm ki, onu tutan hər bir şəxs Mənə yetişər.”
Əfsus olsun, Allaha itaət etməkdə səhlənkarlığımıza! Haradadır şükür edənlər?! Haradadır təlaş edənlər?! Haradadır ağıl sahibləri?! Bu səmavi nidanın haqqını dərk etməyə qadirdirlərmi?! Nə üçün cavab eşitmirəm!? Haradadır o ariflər ki, bu nemətin şükrünü yerinə yetirməyə qadir olmadıqlarını bilirlər!? Haradadır öz acizliyinə və səhlənkarlığına etiraf edən kəslər ki, bu səmavi carçının cavabında desinlər: Qəbul etdik və sənə yardımçıyıq. Salam olsun sənə ey cəlil və cəmil, padşahlar padşahı, mehribanların ən mehribanı, həlim, kərim, şəfqətli rəfiq, böyük əfv sahibi, insanın pisliklərini yaxşılığa çevirən Allahın carçısı! Bunlar günahkar, tüğyankar, fasiq, şəhvət və qəflətlərə əsir bəndələrdir. Ey Allahın əziz elçisi! Zahirdə diri olan ölüləri çağırırsan! Onların qəlbləri ölmüş, ağılları ayrılmış, ruhları fasid olmuşdur! Nə üçün ölüləri səsləyirsən! Sənin çağırışının onlara faydası yoxdur. Təkcə o vaxt onlar üçün fayda verər ki, sənin çağırışınla onların qəlbləri dirilsin, ağılları başlarına qayıtsın, ruhları oyansın, bu səmavi nidanın dəyəri, Allahın böyüklüyü, nəfsin dəyərsizliyi, imtahanın çətinliyi və öz halının pisliyi haqqında düşünsünlər. Onlar qovulmağa, uzaqlaşdırılmağa, lənət və əzaba layiqdirlər. Lakin Rəbbin geniş rəhməti bu böyük dəvətə səbəb olmuşdur. Özü də insanın düşündüyündən, istək və arzusundan daha üstün bu dil və incə bəyanla.

Ey Məbudun mələki! İndi bu səmavi nida və böyük lütf vasitəsilə Allahdan istəyirik ki, bizi bu lətif dəvətə və böyük kəramətə cavab verməyə müvəffəq etsin...
Ey carçı! Həqir kəslərin hal dili sənə cavab verir ki, bizə minnət qoydun, əzəmətli səadətə, uca məqama dəvət etdin. Bizim həqirliyimiz, rəzil məqamımız, çirkin halımız, xəsis məkanımız hara, Allahımızı təsbih və tərif edə bilməyimiz hara! Torpaq hara, rəblər rəbbi hara! Çirkinliklərə bulaşmış hara, pakların məclisi hara! Zəncirdə əsir olmuş hara, azadların mənzili hara? Lakin Rəbbin lütfü səbəb olmuşdur ki, bizə Özünü təsbih etmək icazəsi versin. Onun hikməti bizi bu təkliflə şərəfləndirmişdir. Əgər bu böyük bəxşişdən sonra Onu təsbih etməkdə səhlənkarlıq etsək, Ona itaət etməkdə süstlük göstərsək, bundan daha böyük rüsvaylıq ola bilərmi?! O, necə də kərim mövla, biz necə də həqir bəndə; O necə də həlim Allah, biz necə də ağılsız bəndə!

Allah tərəfindən çatdırdığını qəlbimizin qulağı ilə eşitdik: “Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram.” Halbuki, bu sözün böyüklüyü o təklifə cavab verməkdə imkan aləmində hər bir dili lal edib, bu kəramətin gözəlliyi ağıl sahiblərini heyran qoyub. Əgər bu xitaba müşərrəf olanların hər hansı biri bütün aləmlərdəkinin bədəninə, bütün ruh sahiblərinin ruhuna sahib olsaydı və onların hamısını bu xitaba cavaba vermək və onu dəyərləndirmək üçün fəda etsəydi, yenə də bu xitabın haqqını əda edə bilməzdi, hətta onun bir hissəsinin şükrünü yerinə yetirə bilməzdi...

Bundan da heyrətli bir iş ola bilərmi?! Heç görmüsənmi ki, xaliq məxluqu özü ilə həmsöhbət olmağa dəvət etsin, amma məxluq bu dəvəti qəbul etməsin? Halbuki, mövla bəndəsinin münacatını, onunla ünsiyyətdə olmağı sevir, bəndə isə bu lütfü qəbul etməkdən imtina edir! Öz halımızın pisliyinə və qəflətlərimizə təəssüf, həsrət və iqrar etməklə deyirik: Bəli, ey bizim məbudumuz, ağamız və ey bizim malikimiz və mövlamız! Sənin tövfiqin bizə nəsib olsa, bu dəvətini qəbul etməkdə inayətin bizim halımıza şamil olsa, onda xoş bizim halımıza, xoş bizim halımıza! Bizi əziz və uca tutuduğun –necə ki, Sənin kərəmindən, kamal və bəxşişindən yalnız bu gözlənilir– dəvətin vasitəsilə öz arzuladığımızdan da böyük xoşbəxtlik və səadətə yetişərik. Amma Sənin tövfiqin əlimizdən tutmasa və inayətin bizi Sənə tərəf çəkməsə, onda vay bizim halımıza! Elə olduqda biçarə və bədbəxt olarıq. Haqqın rəhmətindən uzaq düşmək cəzası ilə nə edərəm?
Ona görə də deyirik: Səndən başqa Allah yoxdur. Səni təsbih və tərif edirəm. Bizik zülmkar. İlahi, özümüzə zülm etdik. Bizi bağışlamasan və rəhm etməsən ziyana uğrayanlardan olacağıq. Çarəsizlikdən daha çox cürət edib öz zillət və xarlığımızı üzə çıxararaq böyük andlarla onu təkid edib deyirik: Səni and veririk izzət və cəlalına, ey bizim Rəbbimiz! Öz tövfiqinlə bizi qorumasan və Öz lütfünlə bizə yaxşılıq etməsən, Sənin göstərişlərindən boyun qaçırmala özümüzü həlak edirik, Sənə qarşı üsyan edirik və məhv oluruq. Çünki Sənin yardımından başqa heç bir güc və qüvvə yoxdur...

İndi ey Pərvərdigar! Biz Sənin məğfirətinə və dərdli əzabından xilas olmağa möhtacıq. İmkan aləmində bundan da artıq darda qalmaq yoxdur. Ey Ğəffar! Bizim əlimizdən tut, halak olmaq burulğanından, ziyankarların süqutundan xilas et. Necə ki, ay Sənin ayın, bəndə Sənin bəndən və rəhmət Sənin rəhmətindir. Sənin qurtuluş ipindən yapışmaq da Sənin tərəfindən olan tövfiq ilə mümkündür. Çünki bütün xeyirlər Səndəndir və Səndən qeyrisində tapılmaz...

Düzdür ki, üzümüz qaradır, amma Sənin yanında üzləri nur saçan pak dostların vasitəsilə Sənə üz tuturuq. Düzdür ki, ürəklərimiz qaralmışdır, amma Səni tanıyan arif bəndələrinin nurundan nur alırıq. Düzdür ki, dünyasevərlik qəlblərimizi xəstələndirib və ağıllarımızı məhv edib, amma Sənin övliyalarına sevgi onu dirildib. Əgər Sənin lütfün təvəssül edən bəndələrdə lütf və kərəmin vasitəsilə aşkar olursa, onların lütfü, onlara sevgi bəsləməklə təvəssül edən vilayət əhlində də zahir olmasının nə iradı vardır?
Bəs, bu cüzi nisbət Sənin əfv ətəyindən, Sənin və dostlarının lütf və kərəm ipindən yapışmaq üçün bizə bəsdir. Ona görə də lütf və inayətinə, dostların Məhəmməd və Ali-Məhəmmədə xatir onlara (Məhəmməd və Ali-Məhəmmədə) sonsuz salavat göndər. Elə bir salavat ki, onun vasitəsilə bizim günahlarımızı bağışlayasan, eyblərimiz islah edəsən, ağıl və nurumuzu onunla kamil edəsən, Özünü və onları bizə tanıdasan, bizi Özünə və onlara yaxın edəsən.
1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP