Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2022

İmam Sadiq (ə): Həmişə əmanətdar ol

"Kafi" kitabında Əbdür-Rəhman bin Səyabədən nəql olunur:

Atam Səyabə dünyadan köçdükdən sonra dostumuz sayılan bir kişi bizə gəldi. Başsağlığı verəndən sonra dedi: - Atandan bir şey qalıbmı?

Dedim: - Yox.

İçində min dirhəm olan kisəni mənə verib dedi: - Bunu sərmayə et, düzgün qoru və bu pullardan faydalan.

Sevinərək anamın yanına getdim və onu da bu işdən xəbərdar etdim. Axşam vaxtı atamın başqa bir dostunun yanına getdim. O, mənim üçün bir miqdar "sabiri" adlanan parça aldı və mən bir mağazada işləməyə başladım. Allah-Təala mənim işləməyimə və səyimə görə çoxlu gəlirlə mükafatlandırdı. Həcc zamanı gəlib çatdı. Ürəyimə düşdü ki, Məkkəyə gedim. Anamın yanına gəlib Məkkəyə getmək istədiyimi dedim.

Anam dedi: - Filankəsin pullarını özünə qaytarmamısan.

Sonra pulları həmin kişinin yanına apardım. Məni elə qarşıladı ki, elə bil bu pulları mən ona bağışlayıram (o, verdiyi pulunu ona qaytaracağımı düşünmürdü).

Kişi dedi: - Bəlkə də bu, sənin üçün az oldu, daha çox verim?

Dedim: - Həccə getmək istəyirəm. Malımın sənin yanında qalmağını istərdim.

Məkkəyə getdim. Həcc əməllərini yeinə yetirdikdən sonra Mədinəyə qayıtdım.

Camaatla birlikdə İmam Sadiqin (ə) görüşünə getdim. O, ümumi söhbətlər edirdi. Mənim yaşım az olduğuna görə lap arxada oturmuşdum. Adamlar sual verirdilər və həzrət cavablandırırdı. Camaat azaldıqda İmam (ə) məni işarə ilə çağırdı. Yaxına getdim.

Mənə buyurdu: - Bir diləyin varmı?

Dedim: - Canım sənə fəda olsun! Mən Səyabənin oğlu Əbdür-Rəhmanam.

Buyurdu: - Atan nə işlə məşğuldur?

Dedim: - Atam dünyadan köçüb.

İmam (ə) mənə başsağlığı verib, atamın ruhuna rəhmət oxudu.

Sonra mənə buyurdu: - Atandan sənə mal qalıb?

Dedim: - Xeyr.

Buyurdu: - Bəs, Həccə necə gəldin?

Atamın dostu olan kişinin əhvalatını danışdım, sözümü qurtarmamışdım ki, buyurdu: - Min dirhəmi nə etdin?

Dedim: - Həmin kişiyə qaytardım.

Mənə buyurdu: - Əhsən.

Sonra əlavə edərək buyurdu: - Sənə tövsiyə edə bilərəm?

Dedim: - Bəli, sənə canım fəda olsun!

Buyurdu: - Həmişə əmanətdar ol və düz danış. Belə olan halda camaatın malına şərik ol.

Həzrət sonra (bu mətləbin ciddi olmasını başa salmaq üçün) barmağlarını yığdı.

Həmin nəsihəti həmişə yadımda saxladım. (Bir gün o qədər sərvətli oldum ki,) üç yüz min dirhəm zəkat verdim.

("Əl-Kafi": c. 5, səh. 134, hədis 9)
799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP